Modern.az

“RİA Novosti”nin Beqlaryan oyununun SİRRİ

“RİA Novosti”nin Beqlaryan oyununun SİRRİ

4 İyun 2022, 13:56

Rusiyanın “RİA Novosti” xəbər agentliyi Azərbaycan ərazisində bloklanıb.

 

Belə ki, “RİA Novosti” özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən separatçı Artak Beqlaryanın müsahibəsini dərc edib. Agentliyin təxribatçı addımı Azərbaycanda etiraz doğurub. 

 

Rəsmi Bakı “RİA Novosti”də ölkəmiz əleyhinə müsahibənin yayımlanmasını Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

 

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və ciddi təəssüf doğurur.

 

 

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında bildirib ki, Rusiyanın nüfuzlu xəbər agentliyinin Azərbaycana qarşı təxribata əl atması səbəbsiz deyil. Onun fikrincə, əsas məqsəd Bakı və İrəvan arasında münasibətlərin bərpasına mane olmaqdır.

 

"Hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasına maneə olmaq, diqqəti sülhdən yayındırmaq üçün yalan və təxribata əl atırlar. Xarici İşlər Nazirliyi, mətbuatımız bu təxribatları izləməli, lazımi cavab verməlidir. Azərbaycana qarşı istənilən təxribata cavab verməliyik. Bu məsələlər diqqətdə saxlanılmalı, adekvat cavab tədbirləri görülməlidir".

 

Deputat hesab edir ki, “RİA Novosti”nin Azərbaycan ərazisində bloklanması doğru addımdır. 

 

"Əlbəttə, bu cür təxribatlar Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə uyğun gəlmir, sülh səylərinə kölgə salır. Ancaq belə təxribatlar iki ölkə arasında rəsmi münasibətlərdə ciddi problem yarada bilməz. Bunlar Rusiya vətəndaşlığı olan ermənipərəst qüvvələrin işidir. Onların məqsədi həm Rusiya və Azərbaycan arasında münasibətləri pozmaq, həm də Bakı ilə İrəvan arasında sülh danışıqlarını əngəlləməkdir. Bu baxımdan hesab edirəm ki, Rusiya xəbər agentliyinin Azərbaycanda bloklanması düzgün addımdır".

 

Qeyd edək ki, “RİA Novosti” agentliyi 44 günlük Vətən Müharibəsi dönəmində də Azərbaycanla bağlı qərəzli mövqe sərgiləyərək, erməni işğalçılarına dəstək məqsədilə bir çox saxta xəbərləri dövriyyəyə buraxmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi