Modern.az

Sürücülər cərimələrin LƏĞVİNİ İSTƏDİ - Polkovnik “rəhbərliyə çatdıracam” dedi

Sürücülər cərimələrin LƏĞVİNİ İSTƏDİ - Polkovnik “rəhbərliyə çatdıracam” dedi

Aktual

8 İyun 2022, 17:43

“Formula 1” Azərbaycan Qran-Prisi ilə əlaqədar olaraq “Bakı Şəhər Halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 6 iyun gecə saat 01:00-dan etibarən 14 iyun səhər saat 06:00-dək məhdudlaşdırılıb. Bununla belə, həmin ərazilərdə yerləşən iş yerləri fəaliyyətini davam etdirdiyindən tıxacda qalan, uzun yolu piyada getməyə məcbur olan vətəndaşlar narazılıqlarını bildirirlər.

 

Nəqliyyatla bərabər, piyadalar üçün də hərəkətin çox çətin olduğu bu günlərdə sürücüləri narahat edən məsələlərdən biri də addımbaşı cərimə ilə üz-üzə qalmalarıdır. 

 

Sürücülər qanunsuz parklanmaya məruz qaldıqlarını iddia edərək, şikayətlərini dilə gətirirlər. Dayanma-durma qaydalarını pozduqları deyilən sürücülər onlara güzəşt edilməsini, yazılan cərimələrin ləğvini təklif edirlər.

 

Modern.az olaraq, vətəndaşların müraciətlərini Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin diqqətinə çatdırdıq.  Qurumun şöbə rəisi, polkovnik Vaqif Əsədov saytımıza açıqlamasında təklifləri rəhbərliyə məruzə edəcəyini bildirdi. Bununla yanaşı, mətbuat katibi vətəndaşlara tövsiyələrini də dilə gətirdi:  

 

“Mən bir vətəndaş olaraq düşünürəm ki, keçirilən tədbir ölkə əhəmiyyətlidir. Bundan öncə də bir neçə belə tədbiri ən yüksək səviyyədə başa çatdırmışıq. Dünyaya sübut etmişik ki, təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu ölkələrdən biri və birincisi Azərbaycandır. Paytaxt sakinlərinin, sürücülərin kiçik bir məsələ ilə bağlı narazılığı anlaşılan deyil. Olmaz ki, nə qayda pozaq, nə də cərimələnək?!

 

Mən Bakı Şəhər Halqasına daxil olan ərazidə yaşasam, bir həftə maşın sürmərəm. Digər ölkələrin paytaxtlarına baxın, hamı işə gedir, işdən gəlir. Şəxsi maşından istifadə etməsən, ictimai nəqliyyatla çox rahat gediş-gəliş bizdə təmin olunub. Bakı Şəhər Halqasının ərazisində yerləşən iş yerlərinə piyada gediş-gəliş var. Məsələn, bu hissələrdə yerləşən otellərdə qalan qonaqlar var. Onlar icarəyə maşın götürüb sürürlər. Onlar yerüstü keçidlərdən istifadə edərək, rahat hərəkət edirlər, otellərinə gedib-gəlirlər. Təşkilat Komitəsi ilə əlaqə saxlamışam, onlar hər şeyi təmin ediblər. Sizdə olan informasiya "Formula 1"in təşkilatı ilə bağlı deyil. Bu bir neçə vətəndaşın haqsız narazılığından irəli gələn məsələdir.  Yenə deyirəm, bütün məsələlər Təşkilat Komitəsi tərəfindən nəzərə alınıb”.

 

V.Əsədov "siz özünüz bu günlərdə tıxacda qalmamısınızmı" sualına cavabında, "mən deməzdim tıxac, deyərdim azca sıxlıq var. Bu da belə mötəbər yarışların keçirildiyi günlərdə normaldır. Mən bir daha vətəndaşlarımıza anlayış göstərdiklərinə görə təşəkkür edirəm", - deyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi