Hazırda dünyanın diqqət mərkəzində Rusiya və Ukrayna arasında gedən müharibə dayanır. Müharibə fonunda Prezident Vladimir Putinin hərəkətləri və sərt ritorikası xüsusilə diqqət çəkir. Onun mübahisəli çıxışlarından biri ötən həftə Çar I Pyotrun anadan olmasının 350-ci ildönümü şərəfinə keçirilən sərgidə olub.
Belə ki, Putin “Donbası nasistlərdən təmizləmək” adı altında Ukraynanın işğalına haqq qazandırmağa çalışıb və özünü tarixin ən məşhur rus imperatorlarından birinə bənzədib. Qəribə görünsə də, Rusiya liderinin özünü bənzətdiyi şəxs Böyük Pyotrdur.
Həqiqətən Putin l Pyotrun davamçısıdırmı?
Gəlin, tarixə nəzər salaq!
Modern.az xatırladır ki, Rusiyanı əzəmətli dövlətə çevirən ilk rus imperatoru 1-ci Pyotr 1672-ci il iyunun 9-da Moskvada anadan olub. Romanovlar sülaləsinin davamçısı olan 1-ci Pyotr 1682-ci ildən formal olaraq Rusiyanın çarı elan edilib. Rusiya tarixinə baxsaq görərik ki, istər liberal, istərsə də mühafizəkar ruslar tərəfindən bəyənilən Böyük Pyotr (I Pyotr) 43 il hakimiyyətdə olmuş və İsveçdə fəth etdiyi torpaqlarda yeni paytaxt tikilməsini əmr etmişdi. Bu yeni paytaxt Putinin doğma şəhəri olan Sankt-Peterburq idi.
O yenilikçi idi, Rusiyanın qapılarını Avropaya açmışdı, amma hazırda Putinin Ukraynaya qarşı apardığı xüsusi əməliyyatlar nəticəsində Avropa qapılarını Rusiyaya bağlayıb.
Ukraynanın işğalından sonra dünyanın onlarla ən böyük şirkəti Rusiyada işləməkdən imtina etdi, ticari zəncirlər qırıldı, avtomobil zavodları dayandı, bir çox malların satışı bloklandı, Qərblə hava əlaqəsi kəsildi, nəticədə münasibətlər korlandı.
Pyotr, həmçinin Rusiya tarixində Avropaya səyahət edən ilk çar olub, bununla bərabər İsveç imperiyasına qarşı 20 illik Böyük Şimal Müharibəsi Rusiyanı dominant Baltikyanı dövlətə çevirib.
Putin kimi Pyotr da Rusiyanın hərbi qüdrətini artırmaq istəyirdi və nəinki orduda islahatlar aparır, həm də öz donanmasını qurmuşdu, necə ki, Putin öz ordusunu modernləşdirməyə 20 il sərf edib. Biz hazırda görürük ki, Putin bəzi generalları işdən çıxarır, müharibənin taleyi ilə bağlı qərarları özü təkbaşına verir.
Pyotr isə əslində itaətsiz rus aristokratiyasını dövlət xidmətinə məcbur edirdi. Bununla belə, çarın nəzarəti heç vaxt onun təsəvvür etdiyi qədər tam olmayıb. O, zadəganların saqqallarını qırxdırmağa və Avropa geyim tərzini mənimsəməyə məcbur etməyin onların düşüncə tərzini dəyişəcəyinə inanırdı. Putin isə ölkədə Qərb modelinin qətiyyən olmayacağını bildirir.
Pyotr Avropada gedən islahatları ölkəsinə gətirməyə hazır idi və Niderlandı ideal dövlət hesab edirdi.
İlk xarici səfəri zamanı o, özünə üzük düzəltdirmişdi və üzüyün üzərində belə bir yazı qeyd edilmişdi: "Mən şagirdəm, özümə müəllim axtarıram".
Pyotr insanları işinə görə qiymətləndirirdi. O, İsveç modeli əsasında hərbi nizamnamə yazmışdı. Pyotrun vəfatına yaxın kazaklar daxil olmadan 210 min nəfərlik rus ordusu vardı. Ordu rus zavodlarında buraxılan toplarla təchiz olunmuşdu.
Pyotr insanları sinfi mənsubiyyətinə görə yox, işinə görə qiymətləndirirdi. Ona görə də xalq tərəfindən sevilirdi. Ölümündan sonra da ona "Böyük Pyotr" deyilməyə başlanılmışdı.
Pyotrın əsas hədəflərindən biri yeni ərazilər zəbt etmək idi. Onun hakimiyyətə gələndən sonra ilk işi Türkiyəyə hücum etmək olmuşdu. Bu niyyətlə çıxdığı yolda bir neçə Avropa dövlətini öz tabeliyinə almışdı. Ölkəsini dünyanın hakim qüvvələrindən birinə çevirmişdi.
İndi isə Vladimir Putin Birinici Pyotrın əldə etdiyi naliyyətləri davam etdirmək niyyətindədir. Amma bir şey unudulur ki, başqa ölkənin torpaqlarını işğal etmək və ya ərazi iddiaları irəli sürmək İkinci Dünya Müharibəsindən əvvəlki tarixlərdə baş verə bilərdi. Müharibədən sonra əldə olunan razılıqla dövlətlər yerləşdikləri ərazilərə sahib olurdular. Artıq sərhədlərin yenidən müəyyən olunması, ərazinin tutulması hərbi cinayət hesab olunur.
Kreml rəhbəri izah edib ki, Rusiyada məsul şəxslərin əsas vəzifəsi əsl Rusiyanı geri qaytarmaq və ölkənin güclənməsidir. Eyni zamanda, Putin qeyd edib ki, Rusiyanın tarixində ölkənin geri çəkilməyə məcbur edildiyi vaxtlar olub, lakin bu, yalnız güc toplamaq və irəli getmək üçün edilib.
Putin bəyanatlarında Rusiyanın ərazisinin daha da genişləndirilməsini istisna etməyib. O hesab edir ki, Rusiya kimi güclü ölkənin ətrafına hasar çəkmək mümkün deyil.
Rusiya çarı və daha sonra imperator olduğu müddətdə Böyük Pyotr öz hakimiyyətini getdikcə daha çox Avropa xətti ilə yenidən qurmağa çalışırdı. İndi vəziyyət fərqlidir. Pyotrun gedişləri hazırda Kremlin siyasətində əhəmiyyətsiz hesab edilir.
Bu gün Rusiya öz ərazilərini genişləndirməyə və bütün rus xalqının maksimum təhlükəsizliyini təmin etməyə can atır, lakin Avropa dəyərlərinin təbliğini isə bu ölkə üçün yad və qəbuledilməzdir.
Putin hazırda özünü keçmişin siyasətçisi kimi aparmaq, yəni sərhədləri güc yolu ilə müəyyənləşdirmək istəyir. İndiyədək çox sayda tarixi ədəbiyyat oxuyan Rusiya prezidenti hesab edir ki, Birinci Pyotr, Aleksandr, Napoleon və ya Bismark bunu edibsə, o da edə bilər.
İndi o, Ukraynadakı müharibə səbəbindən dünyanın ən arzuolunmaz şəxslərindən biri sayılır. Ancaq Putinin nələri edəcəyini, yaxud edə bilməyəcəyini tarix göstərəcək.