“Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında Müttəfiqlik Bəyannaməsinin imzalanmasından bir il ötür. Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun 2021-ci il tariximizin ən parlaq və ən şanlı səhifələrindən biri olaraq yaddaşlarda qalacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki qardaş dövlətin münasibətlərinin yeni mərhələsinin başlanğıcı oldu”.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Bu Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Deputat bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il Şuşaya səfəri tariximizin mühüm səhifələrindən birini təşkil etdi:
“Şuşada iki ölkənin dövlət başçıları tərəfindən Müttəfiqlik haqqında Bəyannamənin imzalanması isə Azərbaycan-Türkiyə münasibətlərinə öz möhürünü vurdu. Burada ən mühüm məqam ondan ibarətdir ki, tərəflər təhlükəsizlik amilinə xüsusi önəm verir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Hesab edirəm ki, bu fakt Ermənistana və onun havadarlarına qarşı ciddi mesaj oldu. Bəyannamənin Qarabağın gözü olan tarixi Şuşa şəhərində imzalanması isə xüsusi məna kəsb edir.
Millət vəkili xatırladıb ki, ötən il Türkiyə Prezidenti öz ailəsi ilə birlikdə qədim Şuşa şəhərini ziyarət etdi: “Şuşaya gedərkən yol boyunca cənab Ərdoğan və ailə üzvləri erməni vandalizminin canlı şahidi oldular. Amma bütün bunlar arxada qaldı. Hazırda Qarabağda quruculuq işləri həyata keçirilir və bu prosesdə Türkiyə şirkətləri də yaxından iştirak edirlər. İnanırıq ki, qısa müddətdə doğma Qarabağımız cənnət məkana çevriləcək”.
Millət vəkili söyləyib ki, bundan sonra Azərbaycanla Türkiyənin birliyi daha da möhkəmlənəcək: “Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır, cənab Ərdoğanın dediyi kimi, Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları da öz əksini tapıb. Beləliklə, Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Eyni zamanda, Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək”.