Türkdilli dövlətlərin ayrıca hərbi birliyinin, “Türk NATO-su”nun yaradılması ideyası vaxtaşırı gündəmə gətirilir. Bildirilir ki, türk ölkələrinin siyasi, iqtisadi əməkdaşlıqla yanaşı, hərbi təhlükələrə qarşı bir təşkilat altında birləşməsi artıq günün tələbinə çevrilir.
Məlumat üçün bildirək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvü olan dövlətlərdən biri - Türkiyə NATO-da, Qazaxıstan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunur. Bununla belə Türk dövlətləri qarşılıqlı anlaşma, dünyada sülhün və təhlükəsizliyin bərqərar olunması fonunda NATO kimi hərbi birlik yarada bilərmi?
İlk addımı Türkiyə və Azərbaycan atdı...
Təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu Modern.az-a bildirib ki, Türk dövlətləri üçün “Turan Ordusu” yaradılmalıdır:
“Soyuq müharibənin əvvəlində hərbi məqsədlə yaradılan NATO müharibənin sona çatması ilə sırf hərbi təşkilat olmaqdan çıxıb və unikal çoxölçülü beynəlxalq struktura çevrilib. NATO-nun konsepsiyasında Türkiyənin yeri başqa ölkə ilə əvəz oluna bilməyəcək qədər önəmlidir. Sovet İttifaqının dağılmasından sonra NATO-nun baxışı və missiyası mübahisəli vəziyyətdədir. Beləliklə, NATO 1990-cı illərdən indiki vaxta qədər böyük transformasiyaya məruz qalıb. 1949-cu ildə ABŞ-ın rəhbərliyi ilə Sovet İttifaqına qarşı hərbi ittifaq kimi qurulan NATO bu gün böyük siyasi platformaya çevrilib. NATO üzvü olan Fransanın prezidenti Emmanuel Makron 2019-cu ildə “Economist” jurnalına verdiyi müsahibədə demişdi: “hazırda yaşadığımız durum NATO-nun beyin ölümüdür. ABŞ və NATO müttəfiqləri arasında strateji qərarların qəbulu proseslərində heç bir koordinasiya yoxdur”.
NATO üzvü olan Avropa dövlətləri illərdir “Avropa Ordusu” yaratmaq üçün plan və proqramlar hazırlayarkən, Türkiyə və türk dövlətləri niyə birgə “Türk Ordusu” və ya “Turan Ordusu” yaratmasınlar?".
Türkiyəli mütəxəssis hesab edir ki, tezliklə “Turan Ordusu” ideyası gerçəyə çevrilməlidir:
“Düşünürəm ki, bu, tez bir zamanda baş verməlidir. Bunun üçün ilk cəhdlər Türkiyənin rəhbərliyi altında hərbi əməkdaşlıq istiqamətində olub. 2013-cü il yanvarın 25-də Türkiyə Azərbaycan, Qırğızıstan və Monqolustanla birlikdə Azərbaycanın paytaxtı Bakıda TAKM-nin təməlini qoyub. Simvolunda at, yanında dörd ulduz olan və qısa adını təsisçi üzv ölkələrin baş hərflərindən götürən TAKM, Monqolustanın hərbi statusunu itirməsi səbəbiylə Anlaşma Memorandumunu imzalamadığı üçün etibarsız sayıldı və təsis prosesi yenidən başladıldı. Əvvəlki araşdırmalarda iştirak etmiş, lakin struktur dəyişikliyi səbəbindən Anlaşma Memorandumunu imzalaya bilməyən Qazaxıstanın yenidən müraciət etməsi nəticəsində Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan arasında TAKM təşkilatının yenidən qurulması planlaşdırılır. Bu hadisələrin fonundaTürk Dövlətləri Təşkilatı kimi tanınan Türk Şurası yüksələn gücdür. Türk Dövlətləri Təşkilatı regional və qlobal mövzularda söz sahibi olacağını və əhəmiyyətli bir aktyora sahib olacağını dünyaya bəyan edərkən, yeni dövrdə xarici siyasətdən iqtisadiyyata qədər türk dövlətləri arasında çoxtərəfli əlaqələr və türk dünyasını gələcəkdə daha inteqrasiyalı bir quruluşa çevirmək üçün öz iradəsini ortaya qoyub.
Bir əsr sonra tarixi hadisələrin təsiri ilə türk milləti bir-bir bu hədəflərinə çatmaq üçün hərəkətə keçdi, əməkdaşlıq mexanizmləri qurdu və beləliklə, müstəqil türk dövlətlərinin ortaq iradəsi ilə birlik və həmrəylik yolunda konkret addımlar atıldı. Əminəm ki, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq tam sürətlə davam edəcək, hərbi və iqtisadi sahədə əlaqələr həm ikitərəfli, həm də təşkilati əsasda geniş vüsət alacaq. Növbəti addım “Bir millət, bir ordu” olmalıdır”.
Hərbi birliyə ehtiyac var...
Qazaxıstanlı politoloq Asxat Kasenqali isə Modern.az-a bildirib ki, bu gün Türk dövlətlərinin hərbi birliyə ehtiyacı var. Artıq birliyə nail olmaq üçün ciddi addımlar atmaq zamanıdır:
“Biz görürük ki, bu gün dünyada artıq tək yox, çoxşaxəli inkşaf üstünlük təşkil edir. Bura iqtisadi, siyasi, mədəni, eyni zamanda hərbi sahədə ölkələr arasında birliklər nəzədə tutulur. Dünyanın artıq qlobol dövriyyəsi öz yolunu dəyişib. Belə ki, artıq ölkələr öz mənafelərinə yaxın olanlarla birlik qurur. Biz bunu müxtəlif sahələrdə, eynilə hərbi sahədə də görürük. Bu gün dünyada hərbi birlik deyəndə NATO kimi güclü hərbi alyans nəzərdə tutulur. Burda birləşən dövlətlər öz təhlükəsizliyini təmin etmək üçün bir neçə dövlətlə əməkdaşlıq edir. Türk dövlətlərinin də belə alyansa ehtiyacı var. Amma bu da asan məsələ deyil”.
Politoloq Türk dövlətlərinin əsas problemlərindən söz açaraq, birliyə mane olan amilləri sadalayıb:
“Çünki bu gün Türk dövlətlərinin arasında müəyyən problemlər var, onlar öz həllini tapmalıdır. Özbəkistan və Qırğızıstan arasında hələ də sərhəd məsələsi qalır. Eynilə bəzi ölkələrdə belə problemlər var. Ona görə də alyans ətrafında birləşəcək ölkələrin bir-birinin ərazi bötüvlüyünü dəstəkləməsi lazımdır ki, digər təhdidlərə qarşı birləşə bilsinlər. Biz bu gün Türk dövlətlərinə nümunə olaraq, Azərbaycan və Türkiyə arasında razılaşmanı görürük. Bura müxtəlif sahələrdə birgə addım, eləcə də hərbi birlik daxildir. İki ölkə arasında razılaşma uğurlu olarsa, digər Türk dövlətlərinə də bunu şamil etmək olar. Çünki əsas məsələ bu gün Türk dövlətlərinin hərbi təhlükəsizliyidir”.