Modern.az

Azərbaycan ordusu güclü və yenilməzdir

Azərbaycan ordusu güclü və yenilməzdir

26 İyun 2022, 18:05

"Ölkəmizin müdafiə qüdrətini möhkəmləndirmək, ordu quruculuğunu formalaşdırmaq Azərbaycan dövlətinin ən başlıca vəzifələrindən biri olub. Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdiyi ilk günlər bu vəzifə ön plana çəkilib və ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atılıb".

 

Bu sözləri Modern.az-a 26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun qüdrəti haqqında danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ciddi çətinliklərə baxmayaraq, ölkəmizdə hərbi kadrların hazırlanması sahəsində mühüm tədbirlər görülüb:

 

"1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılıb. Bu məktəbin fəaliyyətə başlaması hərb peşəsinə olan marağın artırılması, gələcək üçün bacarıqlı hərbçilərin hazırlanması, ordu quruculuğunun inkişaf etdirilməsi demək idi. Ulu Öndərin gərgin zəhməti sayəsində gənclərin o vaxtki ittifaqın ali hərbi məktəblərinə göndərilməsi, Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəbində təhsil almaları, əlbəttə ki, torpaqlarımızın azğın düşməndən qorunmasında və təmizlənməsində, 44 günlük müharibədə öz parlaq nəticələrini göstərdi.

 

Heydər Əliyev bütün fəaliyyəti dövründə ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, peşəkar hərbi kadrların hazırlanmasına, orduda ruh yüksəkliyi yaradılmasına, əsgər və zabitlərin iş və həyat şəraitinin yaxşılaşdırılmasına diqqətlə yanaşıb, hərb tariximizin öyrənilib təbliğ edilməsini, müasir silahların orduda tətbiq olunmasını tövsiyə edib və bu vəzifənin həm də icraçısı olub".

 

 

Komitə sədri xatırladıb ki, 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü məhz Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə təsdiq edilib:

 

"Bu gün Azərbaycan Silahlı Qüvvələri güclü və yenilməzdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi çox mühüm tədbirlər, ordunun modernləşdirilməsi, maddi - texniki bazasının möhkəmləndirilməsi, müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərə qayğı və diqqətin artırılması 44 günlük müharibədə öz sözünü dedi və Azərbaycanın Silahlı Qüvvələri, igid oğullarımız döyüşlərdə qəhrəmanlıqlar göstərdilər. Elə buna görə də hər birimiz ordumuzla, Ali Baş Komandanımızla, əsgər və zabitlərimizlə fəxr edir, onları alqışlayır və gələcək qələbələrimizə inanırıq. Silahlı Qüvvələr günü hər birimiz üçün əziz və qürurvericidir".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi