Modern.az

Qızı qaçırılan ailə Dövlət Komitəsinə və Baş Prokurorluğa müraciət etdi

Qızı qaçırılan ailə Dövlət Komitəsinə və Baş Prokurorluğa müraciət etdi

Aktual

29 İyun 2022, 13:52

Bir neçə gün öncə Tərtər rayonunda yaşayan Muradovlar ailəsi Modern.az-ın redaksiyasına müraciət edərək, qızları İradə Muradlının qaçırıldığını və onun hədə-qorxuya, işgəncəyə məruz qaldığını bildiriblər.

 

Yaxınlarının dediyinə görə, Tərtər rayon Qaradağlı kənd sakini Əhmədov Müşfiq Əyyub oğlu tərəfindən qaçırılan İradə Muradlı bir dəfə ailəsi tərəfindən geri qaytarılsa da, yenidən zorla həmin şəxs tərəfindən oğurlanıb.

 

İradə Muradlı ailəsi ilə görüşdükdə atasına oğlanın onu öldürəcəyini, zorla qaçırıldığını və təkcə qaçıran şəxsin deyil, həm də polisin təzyiqinə məruz qaldığını söyləyib. Qızın ailəsi bununla əlaqədar Tərtər rayon Polis Şöbəsinə müraciət edib, lakin onlar haqsızlıqla üzləşiblər.

 

Polisin qızın zorla qaçırılması barədə şikayətə biganə yanaşdığını deyən Muradovlar ailəsi daha sonra Tərtər rayon prokurorluğuna müraciət ünvanlayıb. Ancaq rayon prokuroru ailəyə cavabında qızın və onu qaçıran Müşfiq Əhmədovun yoxa çıxdığını, axtarışa verildiyini vurğulayıb. 

 

Polis və prokurorluğa edilən müraciətdən bir neçə gün keçsə də, indiyədək qızdan və onu zorla qaçırdığı deyilən şəxsdən xəbər yoxdur. Qurumlar onları tapa bilmədiklərini iddia edirlər.

 

Qızlarının taleyindən narahat qalan Muradovlar ailəsi onlara verilən izahatlardan və hüquq-mühafizə orqanlarının rəyindən qane olmadığını, İradə Muradlının həyatına təhlükənin mövcudluğunu diqqətə çatdıraraq, bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinə müraciət ünvanlayıb.

 

Müraciətdə İradə Muradlının zorla qaçırıldığı, oğlanın hədə-qorxu və təhdidlərinə məruz qaldığı, həyati təhlükəsinin olduğu diqqətə çatdırılıb. Bundan əlavə, Muradovlar ailəsi qızı ilə görüşmək istədiyini, hüquq-mühafizə orqanlarının və psixoloqların iştirakı ilə yenidən məsələyə baxılmasını xahiş edirlər.

 

Həmçinin oxuyun:

Zorla qaçırıldığı deyilən qızın ailəsi şikayətçidir

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi