Modern.az

12 iyul hadisələri Qələbimizin təməli oldu - Tovuz döyüşləri

12 iyul hadisələri Qələbimizin təməli oldu - Tovuz döyüşləri

Aktual

12 İyul 2022, 12:46

“12 iyul 2020-ci ildə Tovuz rayonunun Ermənistanla sərhədində düşmən tərəfindən yaradılan gərginlik və Azərbaycan ordusunun buna adekvat cavab verməsi artıq Vətən müharibəsinə və qələbəmizə gedən yolun başlanğıc rolunu oynayırdı”.
 

Bunu Modern.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.
 

Onun sözlərinə görə, artıq Tovuz döyüşləri zamanı hamıya aydın olmuşdu ki, Ordumuz tez bir zamanda hərbi güc tətbiq etməklə torpaqlarımızı işğaldan azad edəcək:
 

“Yəni xalqın içində belə ab-hava var idi. Mən deyərdim, hələ Tovuz döyüşlərinə qədər də xalqda belə bir düşüncə var idi. Çünki Tovuz döyüşləri kimi hadisələr 30 illik işğal dövründə də olub. Ancaq xalqın müəyyən proseslərə dözümsüzlüyünün bir pik həddi olur. Bu özünü məhz Tovuz döyüşlərində göstərdi. Artıq xalq bundan o tərəfə yolun qalmadığını düşündü. Tovuz döyüşlərindən sonra Azərbaycan Prezidenti də bildirdi ki, artıq diplomatiya bitib".
 

"Güc tətbiq etmək üçün ilk növbədə siyasi arenada əlverişli geosiyasi şəraitə nail olmaq lazımdır. Çünki Azərbaycan kiçik dövlətdir. Buna görə də, böyük dövlətlər və oradakı erməni diasporunun təsirini minimuma endirmək üçün ilk növbədə diplomatik sahədə qələbə qazanmaq lazımdır. Mən deyərdim, cənab Prezident ilk qələbəni məhz diplomatiya sahəsində əldə etdi. Tovuz hadisələri zamanı biz böyük dövlətlərin yanımızda olmağını da gördük. Qardaş ölkə Türkiyə açıq-aydın dedi ki, "mən Azərbaycanın yanındayam". Türkiyə qeyd edirdi ki, "bu məsələni Azərbaycan-Ermənistan təkbətək həll etməlidir. Ancaq nə zaman Azərbaycanın haqq işinə kənardan müdaxilə edilsə, Türkiyə Azərbaycanın yanında olacaq". Bu olduqca mühüm mesaj idi. Eyni zamanda, nüvə silahına sahib böyük islam dövləti olan Pakistan Azərbaycanın yanında oldu. Artıq geosiyasi arenada müharibəyə hazırlaşan Azərbaycan özünü tək yox, arxalı hiss etdi. Bu həm də risklərin minimuma enməsinə kömək etdi. Biz bilirdik ki, arxamızda böyük dövlətlər var”,- deyə Ş.Ramaldanov vurğulayıb.

 



 

Ekspertin sözlərinə görə, digər tərəfdən biz ordumuzu bir daha sınadıq:


“Hörmətli generalımız Polad Həşimov rütbəsinə baxmayaraq, ön cəbhədə əsgərlərlə bir yerdə vuruşdu və şəhidlik zirvəsinə ucaldı. Bu, Azərbaycan Ordusunun torpaqları azad etmək üçün nələri etməyə qadir olduğunu göstərdi. Eyni zamanda, həmin bölgə stratejik bölgə idi. Buna baxmayaraq, Azərbaycan Ordusu düşmənə layiqli cavab verə, onları yerində oturda bildi. Bu həm də Azərbaycan Ordusunun yüksək səviyyəli  hazırlığından xəbər verirdi”.


Ş.Ramaldanov prosesin əlverişli mühitdə həyata keçirildiyini vurğulayıb:
 

“Ali Baş Komandan diplomatiya sahəsində artıq qələbə qazanmış, böyük nüfuzlu dövlətlərin dəstəyini əldə etmişdi. Yəni artıq bizə lazım olan geosiyasi şərait yaradılmışdı. Cənab Prezidentin çox gözəl kəlamı var, deyir ki, “mən özüm nəyi nə zaman etmək lazımdır, çox yaxşı bilirəm”. Doğrudan da, o, çox əlverişli bir şəraitdə Orduya hücum əmrini verdi. Azərbaycan Ordusu da Ali Baş Komandanın əmrini layiqincə yerinə yetirdi və qələbə qazandı”.


Xatırladaq ki, 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozub, növbəti dəfə hərbi təxribat törədərək iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub, hücuma keçmək cəhdi edib.

Bir neçə gün davam edən döyüşlər zamanı hücum cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələr endirilib.

Ordumuzun cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib. Ordumuz düşmənin 100-ə qədər canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edib.
 

Azərbaycan Ordusu da döyüşlərdə itki verib.
 

General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!