Ötən gün “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb. İsveçrədə “Sürix” komandası ilə üz-üzə gələn Ağdam təmsilçisi görüşü 2:2 hesabı ilə başa vurub. Bakıdakı oyunda rəqibindən üstün olan Qurban Qurbanovun yetirmələri iki görüşün nəticəsinə əsasən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib.
“Sürix”lə gərgin keçən görüşdə təzyiqlərə baxmayaraq, ruhdan düşməyən Ağdam komandasını niderlandlı hakimlər briqadasının haqsız rəftarı belə yolundan döndərə bilməyib. Nəticədə layiqli olan tərəf meydandan qalib ayrılıb...
İsveçrədəki görüş barədə Modern.az-a danışan futbol həvəskarı olan deputat Fazil Mustafa bildirib ki, “Qarabağ”ın növbəti rəqibi güclü komandalar sırasında yer alır.
“Qarabağ”ın rəqibi Macarıstanın "Ferentsvaroş" klubu olacaq. Macarıstanda son illər futbol xeyli inkişaf edib, Türkiyə yığmasından belə irəlidədirlər. Bütün hallarda “Qarabağ”ın üstünlüyü sistem komanda olmaqdır. Məğlub da ola bilərlər, amma komanda pozulmur. Ən çətin şərtlərdə belə hər kəs özünə aid olan cinahda funksiyasını lazımi səviyyədə yerinə yetirməyə çalışır. Bəzən uğursuzluq və çətinlik də qaçılmaz olur.
Məsələn, dünən “Qarabağ” uğursuzluq zolağına düşdü. Başqa komanda olsaydı dağılardı. Əsas olan komanda ruhu məsələsidir, ruhu qoruya bildinsə, ən güclü komandaya qarşı dirəniş göstərə bilirsən. Bu ruh məsələsi bizdə təkcə “Qarabağ”da var, onu da Qurban Qurbanov yaradıb. Hamı komandaya görə məsuliyyət daşıdığını anlayır”.
F.Mustafa deyib ki, dünən uğursuz qoldan sonra müdafiənin əsas dirəklərindən birinin görüşü tərk etməsi belə komandanı sındırmadı:
“Göstərdikləri əzmə görə sonda uğura imza atdılar. Dünən vəziyyət dəyişə bilərdi, amma komanda çökmədi. Hər komanda “Qarabağ” kimi sistemə malik olsa, bu onları xilas edə biləcək. “Qarabağ”ın bu sistemini qoruyub saxlamalıyıq, kluba gələ biləcək zərərlərin qarşısını almalıyıq. Düzdür, hakim doğma meydanda oynayan komandaya daha çox diqqət göstərir. Dünənki görüşdə həddən çox "sarı kart" verildi, bu da “Qarabağ”ın oyununu sındırmaq üçün cəhd idi”.
İdman jurnalisti Aydın Bağırov xatırladıb ki, “Qarabağ” cari mövsümdə Çempionlar Liqasında 4 oyuna 10 qol vurub:
“Orta hesabla hər matça 2,5 qol düşür. Özü də Polşa və İsveçrə çempionlarına. Ötən həftə 3 klubumuz Konfrans Liqasında 3 oyuna cəmi 1 qol vurub. Daha bir maraqlı statistika. “Qarabağ” təsnifat mərhələsində ən çox künc zərbəsi vuran komandadır - 30 dəfə.
Bu iki detal Qurban Qurbanovun müdafiə deyil, hücum futboluna üstünlük verdiyini göstərir. Bununla belə, komandaya mütləq əlavə hücumçu lazımdır. “Qarabağ” 4 oyuna 10 qol vurubsa, 6 dəfə də qol buraxıb. Düzdür, rəqiblər çox güclü olub, amma 6 qol ciddi həyəcan siqnalı olmalıdır. Müdafiə xəttində uşaq səhvlərinə rast gəlirik. Mərkəz müdafiəçisi Maksim Medvedevin səhvləri getdikcə çoxalır. Sol cinahda oynayan gənc Elvin Cəfərquliyev və Toral Bayramov yaxşı perspektivli oyunçular olsa da, belə böyük turnirlər üçün tam hazır deyillər. Təcrübə və psixoloji sarıdan axsayırlar”.
A.Bağırov hesab edir ki, komandaya əlavə mərkəz və ya sol cinah müdafiəçisinin transferi artıq zərurətə çevrilib:
““Qarabağ” ən pis halda Konfrans Liqasının qrupunu artıq təmin edib. Amma komandanın Avroliqanın, hətta ikinci dəfə Çempionlar Liqasının qrupuna düşmək şansı az deyil. Bunun üçün ən azı tezliklə bir müdafiəçi alınmalıdır. Macarıstanın “Ferentsvatoş” klubu çox təhlükəli rəqibdir. Dünən Slovakiya çempionu ilə səfər matçında vurduğu 4 qolla mərhələ adlaması ciddi göstəricidir.
Ümumiyyətlə, bu mövsüm “Qarabağ”a ilkin mərhələdən başlayaraq ağır rəqiblər düşür. Deməli, bir daha qeyd edək, tezliklə yeni transferlər olmalıdır. Yoxsa, bu gün uğura aldansaq, sabah ağır məğlubiyyətlər gələ bilər”.