“Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilən hadisə böyük təxribatdan xəbər verir”.
Bunu Modern.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov deyib. Deputat qeyd edib ki, hansısa xarici ölkədə digər ölkənin diplomatik nümayəndəliyinin müvafiq sahələrinə hücum və müdaxilə yolverilməzdir və bu, beynəlxalq hüquq pozuntusudur:
“Diplomatik münasibətlər haqqında 1961-ci il tarixli Vyana konvensiyası qəbul edilib. Həmin konvensiyada qeyd edilib ki, hər bir ölkənin müvafiq təhlükəsizlik orqanları xarici səfirliklərin təhlükəsizliyini bu cür təxribatlardan qorumalıdır. Bu hərəkət beynəlxalq hüquqi sənədin tələblərinin pozulmasıdır.
Böyük Britaniya konvensiyaya uyğun addım atmalıdır. Məndə olan məlumata görə, həmin ölkənin Azərbaycandakı diplomatı Xarici İşlər Nazirliyinə dəvət olunub. Ona etiraz bildirilib və müvafiq işlərin görülməsi zərurəti tapşırılıb”.
Deputat vurğulayıb ki, hazırda əsas məqam hadisənin qərəzsiz və tərəfsiz araşdırılmasıdır: “Bu öhdəlik Böyük Britaniyanın müvafiq orqanlarının üzərinə düşür. Biz təmkinli olmalı, istintaqın nəticələrini gözləməliyik. Hər halda bu, yolverilməz hadisədir. Məsuliyyət səfirliyimizin yerləşdiyi ölkənin, onun müvafiq orqanlarının üzərindədir. Qısa müddətdə məsələnin həllini tapacağına, təxribatda əli olan şəxslərin məsuliyyətə cəlb ediləcəyinə ümid edirəm”.
Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.
İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılıb.