Qazaxıstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu, diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılıq təzahürü yolverilməzdir.
“Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir və onların təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edir. Biz Azərbaycan xalqının dözümlülüyünə əminik və çətin vəziyyətlərdə qardaş dövlətə hər cür dəstəyi verməyə hazır olduğumuzu bildiririk”, - deyə bəyanatda bildirilib.
Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər.