Modern.az

Jurnalistdən riyaziyyatçıya “riyazi təbrik” - Əməkdar müəllimin 70 illik yubileyinə

Jurnalistdən riyaziyyatçıya “riyazi təbrik” - Əməkdar müəllimin 70 illik yubileyinə

12 Avqust 2022, 11:32

Hamı riyaziyyatçı ola bilməz, amma riyaziyyat hamı üçündür. Yəni, dünydakı bütün insanlar riyaziyyata müraciət etməyə məhkumdurlar. Kimliyindən, sosial statusundan, maddi durumundan, siyasi baxışlarından, peşəsindən asılı olmayaraq hər bir  insan yaşadığı ömrün hər günündə dəfələrlə riyaziyyata müraciət edir. O cümlədən jurnalistlər də. Əgər jurnalist bir şəxs haqqında yazı yazırsa, ilk növbədə həmin şəxsin tərcümeyi-halına nəzər salır, yaşını, təhsil aldığı illəri, həyatında olan əlamətdar günlərin tarixini öyrənmək istəyir və bunu üçün kiçik riyazi hesablamalara ehtiyac yaranır.  Elə mən də əməkdar müəllim Məmmədrza Əsgərov haqqında yazını hazırlayanda ilk növbədə tərcümeyi-halını gözdən keçirdim. Təvəllüdü 1952... Bu məqamda kiçik bir riyazi hesablama apardım: 2022-1952=70.
 

Beləliklə, Məmmədrza Əsgərovun bu il 70 illik yubileyidir. Məmmədrza müəllim 50 ilə yaxındır ki, təhsil ocaqlarında riyaziyyat fənnini tədris edir. 1978-ci ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirən gün riyaziyyat elmi onu “kökaltı”na salıb, çox “vurma bölmə”dən, “toplama çıxma”dan sonra anlayıb ki, o, bu dünyaya riyaziyyatçı olmaq üçün gəlib.
 

Məmmədrza müəllim həyatda olduqca sadə bir adamdır, amma sadəlövh deyil, dünyanın gərdişindən, düzənindən yetərincə məlumatlıdır, hadislərə öz münasibəti, öz baxışı var, adamları tanımaq Məmmədrza müəllim üçün riyazi dildə desək “iki vur ikidir”.
 

Dahi Eynşteyn deyirdi ki, riyaziyyat olmasa, dünya çaş-baş qalar, planeti qorumaq üçün riyaziyyat ən yaxşı “silah”dır. Elə Məmmədrza müəllim üçün də riyaziyyat elm olmaqla yanaşı, həm də özünü təsdiq edən bir vasitədir. Yəqin ortaya sual çıxacaq ki, necə? İndi bu məsələnin necəliyini incələməyə çalışacağam. Əvvəla qeyd edim ki, yubilyarımız gözəl ailə başçısıdır, ailədə nizam-intizam, qayda-qanun yüksək səviyyədədir, əsl Azərbaycan ailəsindəki bütün elementlərə bu ailədə rast rast gəlmək olar, böyüyə hörmət, kiçiyə qayğı, qarşılıqlı anlaşma və s. Yəni, ailədə bütün münasibətlər riyaziyyatda olduğu kimi dəqiqdir, heç bir mücərrədlik və qeyri-müəyyənlik yoxdur. Sözsüz ki, bu Məmmədrza müəllimin ciddiliyindən və müdrikliyindən irəli gəlir. Amma riyaziyyatın da rolu var bu məsələdə. Yubilyarımızın həyat yoldaşı, olduqca mühriban bir insan olan Familə xanım ali təhsil aldıqdan sonra uzun illər neft sahəsində çalışıb. Hesablamaların “tüğyan” etdiyi bu sahədə Familə xanım çətinliyə düşəndə, çox da uzağa getməyib, həyat yoldaşına müraciət edib, Məmmədrza müəllim də təmkinlə, səbrlə xanımının xahişini yerinə yetirib, köməkliyini ondan əsirgəməyib, həm də bununla elmi cəhətdən də liderliyini sübut edib. Üç qız atası olan yubilyarın bir qızı Ceyran xanım həkimdir, Azərbaycan Tibb Universitetini bitirib. Tibb elmi riyaziyyatla sıx əlaqəli olduğundan Ceyran xanım da mütəmadi olaraq Məmmədrza müəllimin riyaziyyat xalçasında dayanmalı olub. Ruhiyyə xanım isə mühəndisdir, Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. Riyaziyyatsız nə mühəndislik? Onun işi riyaziyyatçı atasına daha çox düşüb. Beləliklə, Məmmədrza müəllim ata olmaqla yanaşı, həm də bir riyaziyyatçı kimi ailədə liderliyini tam bərqərar edib. Bu liderliyin necə qazanılmasının canlı şahidi olan Məmmədrza müəllimin digər qızı Nigar xanım isə qızlar arasında fərqlənərək daha “çevik” tərpənib, lider-riyaziyyatçı olmaq həvəsi ilə  atasının yolunu davam etdirməyə qərar verib. Bəli, nahaqq deməyiblər ki, riyaziyyat bütün elmlərin açarıdır. Əgər belə olmasaydı digər elmlərin məşhurları, tarixçilər, bioloqlar, fiziklər, filoloqlar bu ifadəyə etiraz edərdilər.
 

Liderlik məsələsi bununla bitmir. Məmmədrza müəllimin sevimli nəvələri, xüsusilə Leyla və Şövkət babaları ilə elmi söhbətlərdə yeni texnologiyalara güvənmək istəsələr də, yubilyarın beyin itiliyi onların kompyuter və planşetlərini çox rahatlıqla üstələyir. Beləliklə, nəvələr də babaya “tabe” olmağa məcbur qalırlar.
 

Deyirlər ki, hər zarafatda bir həqiqət var. Olduqca zarafatcıl olan Məmmədrza müəllim bu ifadədən yetərincə bəhrələnib, məqamı düşdükcə sözünü zarafatla deyir. Görüşlərimizin birində Məmmədrza müəllim həyat yoldaşı Familə xanımı bir qohum maşını ilə harasa yola salırdı. Qohum mühərriki işə salanda müəllim üzünü ona tutdu:
 

- Bala, maşını bir az ehtiyatlı sür, dövlət əhəmiyyətli şəxs aparırsan.
 

Zarafatla dediyi bu sözlə Məmmədrza müəllim öz xanımına verdiyi qiyməti bildirirdi. Ailə kiçik dövlətdir və bu kiçik dövlətdə xanımın xüsusi rolu olduğunu və  ona böyük ehtiramını çatdırırdı.
 

Mən Məmmədrza müəllimin necə riyaziyyatçı olduğu, pedaqoq kimi bu fənni hansı metodla tədris etdiyi haqqında yazmaq “imkan”ına malik deyiləm. Bunun üçün ya gərək riyaziyyatçı olasan, ya da ən azı Məmmədrza müəllimin məktəbini keçəsən. Amma onu qeyd edim ki, elmin bu sahəsinin tanınmışları Məmmədrza müəllimi ciddi riyaziyyatçı kimi qəbul edir. O cümlədən Məmmədrza müəllimin arayış xarakterli tərcüməyi-halını da təqdim etməyə ehtiyac duymadım. Bir cümlə yazmaq kifayətdir: Məmmədrza Əsgərov ömrünün 50 illini Azərbaycan təhsilinin inkişafına həsr edən dəyərli azərbaycanlı və dəyərli ziyalıdır.
 

Toplananların yerini dəyişəndə cəm dəyişmir. Bu günlərdə  Məmmədrza müəllimə ünvanlanan arzular bir-birini əvəzləsə də, dəyişsə də cəm eynidir: sağlamlıq, uzun illər, xoş güzəran... Bu arzulara mən də qoşuluram.  Amma ənənəvi arzulardan fərqli olaraq yubilyara kiçik bir müraciətim var.
 

Əziz Məmmədrza müəllim, mən riyaziyyatçı deyiləm, uzun-uzadı, sonsuzluğa və nəhayətsizliyə gedən ədədlər sistemindən çox da anlayışım yoxdur. Odur ki, sizə cəmisi üç rəqəmdən ibarət bir ədəd qədər ömür diləyirəm, yəni ki, minimum 100. Arzu edirəm ki, 100 illik yubileyinizdə yenə də həmişə olduğu kimi ziyafət süfrəsinin baş tərəfində əyləşəsiniz. Yeri gəlmişkən, müşahidələrimdən belə qənaətə gəlmişəm ki, süfrənin “rəyasət heyətində” əyləşmək sizə çox yaraşır. Həmişə ucalarda olun, istər ailə başçısı, istərsə də riyaziyyatçı kimi liderliyiniz daha dəyanətli olsun.
 

Bir daha təbriklər, yubileyiniz mübarək!
 

P.S. Bir tarixçi-jurnalist olaraq riyaziyyatçı qarşısında riyazi terminlərdən “sui-istifadə”nin  bədələnin “ağır” olacağını nəzərə alaraq bəri başdan yubilyardan üzr istəyirəm.
 

İlham Cəmiloğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat