Azərbaycan milli komandasının üzvü İrina Zaretska Bakıda keçirilən Karate1 Premyer Liqa turnirində qızıl medal qazanıb.
Modern.az xəbər verir ki, turnirdə 68 kiloqram çəki dərəcəsində çıxış edən “Tokio-2020”nin gümüş mükafatçısı həlledici görüşdə İtaliya təmsilçisi Silviya Semeraro ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə İ.Zaretska rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl idmançılarımızdan Əminağa Quliyev (60 kiloqram) qızıl, Tural Ağalarzadə (67 kiloqram), Turqut Həsənov (84 kiloqram) və Murad Hacızadə (+84 kiloqram) bürünc medal əldə ediblər.
Bu gün karateçimiz Asiman Qurbanlı (+84 kiloqram) finalda Mahmud Taha (Misir) ilə qarşılaşacaq.
Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.