Bərdə şəhərində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın söz sənətkarı, ədəbiyyatımızın tarixində özünəməxsus layiqli yeri olan Xurşidbanu Natəvan haqqında kitabının təqdimatına həsr olunmuş “Qarabağdan doğan günəş” adlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, sentyabrın 6-sı baş tutan tədbirdə Bərdə rayonunun deputatı Fatma Yıldırım, şəhid ailələri, ictimaiyyət nümayəndələri, Türkiyədən gələn ədəbiyyat nümayəndələri, söz-sənət adamları da iştirak ediblər.
Bərdə rayonunun şəhid ailələrinin üzvləri ilə birlikdə Bərdə Şəhidlər Xiyabanı ziyarət edilib. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi yad olunub, məzarları önünə əkili, gül dəstələri qoyulub.
Tədbir iştirakçıları tarixi qələbəni bizə yaşadan mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid ailələrinə dərin minnətdarlığını bildirib, onların dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu qeyd ediblər.
Eyni zamanda, 44 günlük Vətən müharibəsində erməni terrorunun qurbanı olmuş mülki insanların xatirə kompleksinə baş çəkilib.
Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bərdə Mədəniyyət Evində keçirilən tədbirin növbəti hissəsində qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Türkiyənin “Türk Ədəbiyatı” dərgisinin baş redaktoru, yazıçı İmdat Avşar və Türkiyədəki “Əhməd Yəsəvi Dərnəyi”nin rəhbəri Fatma Sönməz çıxış ediblər.
Tədbirdə Q.Paşayeva və F.Ələkbərlinin müəllifi olduğu “Qarabağdan doğan Günəş və Ay. Xurşidbanu Natəvan. Fatma xanım Kəminə”, habelə İ.Avsarın "Güverçin sevdası" kitabı qonaqlara təqdim edilib.
Tədbirdə çıxış edən deputat Fatma Yıldırım vurğulayıb ki, həmkarı Qənirə Paşayevanın yazdığı, ərsəyə gətirdiyi kitabın söz ustadı, şairə Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə və onun yaradıcılığına böyük bir hədiyyədir. Kitabın Türkiyədə nəşr olunması isə iki ölkə arasında dostluğun və qardaşlığın növbəti nümunəsidir.