Modern.az

Müxalifət partiyalarından yeni layihəyə reaksiya: “Yaxşı məqamlar da var”

Müxalifət partiyalarından yeni layihəyə reaksiya: “Yaxşı məqamlar da var”

Aktual

8 Sentyabr 2022, 16:08

Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması prosesi davam edir. Artıq layihənin ilkin variantı ictimai müzakirəyə təqdim olunub.

 

Layihəyə əsasən, iki dəfə seçki prosesində iştirak etməyən, üzvlərinin sayı 10 min nəfər olmayan partiyaların qeydiyyatı ləğv olunacaq. Bundan əlavə, partiyaların maliyyələşməsi, hüquq və vəzifələri, eləcə də ianələrlə bağlı yeni tələblər müəyyən edilib.

 

Bəs, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların bu təkliflərə münasibəti necədir? Onlar yeni tələblərə əməl edə biləcəklərmi?

 

Modern.az bununla bağlı müxalifət partiyaları arasında sorğu keçirib. 

 

Müsavat Partiyasının sədri Arif Hacılı bildirib ki, yeni layihədə göstərilən müddəalar rəhbərlik etdiyi partiyaya problem yarada bilməz. Bununla belə, Müsavat lideri seçkidə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi təklifilə razılaşmadığını söyləyib.

 

“Seçkilərdə iştirak vəzifə deyil, hüquqdur. Hansısa siyasi partiya bu hüququndan istifadə etməyə bilər”, - deyə Arif Hacılı vurğulayıb.

 

O, həmçinin qeyd edib ki, Müsavat Partiyasının on minlərlə üzvü, bütün rayonlarda yerli təşkilatları var.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, siyasi partiya qeydiyyata alınmadan fəaliyyət göstərə bilməz.

 

“Partiyaya 10 min üzvünün olması şərti qoyulur. Ümid partiyasının 68 rayon təşkilatı, 57 min üzvü var. Bizim bu baxımdan problemimiz yoxdur. Amma əgər partiyanın bu qədər üzvü varsa, parlament, prezident, bələdiyyə seçkilərində iştirak edən partiya üzvləri imza toplamamalıdır. Bu qədər üzvü olan partiyanın namizədi avtomatik qeydiyyata alınmalıdır”.

 

Bundan əlavə, İ.Ağazadə partiya sədri olmaq istəyən şəxsin 20 il ölkədə yaşamaq təklifinin başadüşülən olmadığını söyləyib: "Parlamentdə müzakirələrə dəvət edilsək, bu fikirləri orada da səsləndirəcəyik”.  

 

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Oruclu xatırladıb ki, siyasi partiyalar haqqında qanun ilk dəfə 1992-ci ilə mərhum prezident Əbülfəz Elçibəyin dövründə qəbul olunub:

 

"Bu sənəddə müəyyən çatışmazlıqlar var idi. Bir neçə il bundan öncə qanun yeniləndi, bəzi məsələlər yumşaldıldı. Azərbaycanda seçki mühiti olmadığına görə, partiyalar seçkiyə qatılmaq, vəsait xərcləmək istəmirlər. Azərbaycanda siyasi partiyaların çoxluğu diqqət cəlb edir. Partiyalar təmərküzləşdirilməsi, inteqrasiya məsələsi üçün əslində seçkilərə buraxılmalıdır. YAP-ın sonuncu qurultayında 4-5 siyasi partiya YAP-a qoşuldu. Seçki mühiti formalaşsa, partiyalar normal fəaliyyət imkanı qazansa, xırda partiyalar irilərə qoşulacaq və normal siyasi sistem yaranacaq. Düşünürəm ki, partiyaların maliyyələşdirilməsinə daha çox diqqət ayrılmalıdır. Siyasi partiyaların fəaliyyətinə imkan verəcək, inkişaf etdirəcək proqramlar qəbul olunmalıdır. Ümumilikdə qanunda yaxşı məqamlar da var”.

 

AĞ Partiyanın sədri Tural Abbaslı yeni layihədə yer alan tələblərin hər birinə sahib olduqlarını deyib:

 

“Yeni layihədə tələb edilən məqamların hər birinə sahibik. Düşünürəm ki, siyasi reallıqlar da nəzərə alınmalıdır. Burada reyestr qeydiyyatı məsələsi var. Sizcə neçə nəfər razılaşar ki, müxalifət partiyasında üzv olduğunu bildirsin?

 

Hər rayonda 100-dən artıq üzv olmalıdır. Elə rayon var, bizim 4 üzvümüz var, eləsi var 40 nəfərdir. Qanunda partiyaların üzərinə qoyulan öhdəliklər və tələblər ağırdır. Maraqlıdır, bəs partiyaların hansı hüquqları, üstünlükləri olacaq? Qaydalardan görünür ki, adi vətəndaşların partiya üzvlərindən daha çox hüquqları var”.  

 

Bundan əlavə, T.Abbaslı lideri olduğu partiyanın bütün rayonlarda təşkilatının olduğunu qeyd edilib:

 

“Naxçıvan Muxtar Respublikasında 116 nəfər üzvümüz var. AĞ Partiyanın son iki-üç il ərzində yeni qəbul edilən 10 mindən çox üzvü var”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI