Milli Məclisin Bərdə rayonundan seçilən deputatı Fatma Yıldırım təmsil etdiyi bölgədə şəhid ailələri ilə görüşüb.
Modern.az xəbər verir ki, deputat Bərdə rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Çəmənli kəndindən şəhidimiz Allahverənov Məhəmməd Zöhrab oğlu, Cəyirli kəndindən Ədilov Səid Həsən oğlu və Hümbətzadə Şahmuraz Əyyub oğlu, Lək kəndindən Abışov Asif Əlövsət oğlunun ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Ziyarət zamanı Vətən uğrunda böyük şücaət və rəşadət nümunəsi ortaya qoyan igidlərimizin ailələrinə bir daha başsağlığı verən deputat, onlara belə qəhrəman oğullar böyütdükləri üçün təşəkkürünü bildirib:
"Azərbaycan xalqı bu oğullarımızla daim qürur duyur, şəhidlərimizin əziz xatirəsini daim uca tutur. Azərbaycan dövləti hər zaman şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı ilə yanaşır.
Vətənimizin bütövlüyü, Qarabağın işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Biz qələbə sevincinə görə hər zaman onlara borcluyuq.
Bərdəyə səfərimiz zamanı rayonun Zümürxan kəndində kənd sakinləri tərəfindən tikilməkdə olan və tezliklə açılması planlaşdırlan şəhidlərimizin xatirəsinə həsr olunmuş abidə kompleksində gedən tikinti işləri ilə də tanış oldum.
Kəndin sakinləri ilə görüşərək, onlara bu nəcib işi gördüklərinə görə təşəkkür etdim və uğurlar arzu etdim".