"Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd ərazilərdə, Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan istiqamətində törətdiyi təxribatlar sərhədlərimizin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycanın Rəşadətli Ordusu bu təxribatların qarşısını alıb, ermənilərə layiqli cavabını verib. Müzəffər Ali Baş Komandanın tapşırıqlarına uyğun şəkildə sərhədlərimizin müdafiəsi təşkil edilir, əsgərlərimiz cavab zərbələri ilə düşmənin canlı qüvvəsini və texnikasını sıradan çıxarıb. Azərbaycan-Ermənistan sərhədində törədilən təxribatların bütün məsuliyyəti Ermənistanın siyasi hakimiyyətinin üzərinə düşür".
Bu fikirləri Modern.az-a Milli Məclisin Zəngilandan olan deputatı İmamverdi İsmayılov deyib. O qeyd edib ki 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə düçar olan Ermənistan özünü Azərbaycanın sülh təkliflərini qəbul etmiş kimi göstərirdi:
"Halbuki avqustun 31-də keçirilən Brüssel görüşündən sonra Ermənistan yenidən təxribatlara əl ataraq, razılaşmaları pozmağa cəhd etdi. Ciddi təxribatlarla işğalçı dövlət bir daha sübut etdi ki, regionda sülhün tərəfdarı deyil və imitasiya əməllərinə əl atmaqdadır.
Ermənistan rəhbərliyi havadarlarının da təsiri ilə regionda guya münaqişənin bitmədiyi təsəvvürünü yaratmaq, ATƏT-in sıradan çıxmış Minsk qrupunu yenidən proseslərə cəlb etmək, Qarabağın “status” məsələsini qabartmağa çalışır. Amma Azərbaycan tərəfinin qətiyyətli mövqeyi bəllidir. Heç bir “status kvo”dan, 30 il faydasını görmədiyimiz Minsk qrupunun "dirildilməsindən" söhbət gedə bilməz. Ermənistanın sülhə razılaşmaqdan, regionda təhlükəsizliyi təmin etmək istiqamətində geri çəkilməkdən başqa çıxış yolu yoxdur.
Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına səbir arzulayırıq. Onların hər birinin qisası alınıb".