Dini dəyərlər milli dəyərlərin tərkib hissəsidir. Hər bir ölkənin dini dəyərləri onun milli dəyərləri ilə yoğrulur. Bunlar bir bütündür. Dini dəyərləri milli dəyərlərə qarşı qoymaq və ya dini dəyələr pərdəsi altında milli kimliyimiz hədəf alınma cəhdləri olur. Vətən hər birimizindir. Vətən bütün dəyərlərin məcmusudur. Torpqalarımızın hər qarışı uğrunda vuruşaraq şəhid olan hər kəs bu dəyərlər məcmusunu qoruyub saxlamaq və gələcək nəsillərimizə ötürmək üçün şəhadətə yüksəlir.
Din, həmçinin ölkəmiz əhalisinin əksəriyyətinin mənsub olduğu İslam dini milli birliyə səsləyir. Qurani-kərimin ayələri, Peyğəmbərimiz (s.ə.v.) və imamlarımızın sözləri, dinimizin müqəddəsləri ədavət üçün yox birlik və bərabərlik üçündür. Çox təəssüf ki, bəzi insanlar bəzən şüuurlu şəkildə dini istismar edirlər, bəzi hallarda isə özləri də bilmədən dini istismara məruz qalırlar. Nəticədə isə ölkəmizə, vətənimizə, milli kimliyimizə qarşı olan qüvvələrin əlində alət olurlar.
Dinin xüsusilə iki funksiyasını vurğulamaq istəyirəm. Birincisi mənəvi güc mənəbyi olması, ikincisi isə ictimai bütünlüyü təmin etməsidir. Çətin günlərdə bu iki funksiya daha çox ön plana çıxarılmalıdır. Şəhidlərimizin yaxınlarına mənəvi dayaq olmaq və vətənimizin bütövlüyü uğrunda sıx birləşmək. Din bölücülüyə səbəb olmamalıdır. Əksinə mənəvi birliyin simvoluna çevirilməlidir. Qurani-kərimin də buyurduğu kimi “Allahın ipinə möhkəm sarılıb (firqələrə) bölünməməliyik”.
Mehman İsmayılov
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru