"Azərbaycan torpaqlarının 30 ilə yaxın müddət ərzində Ermənistanın qanunsuz təcavüzünə, bu ölkənin silahlı qüvvələrinin törətdiyi saysız-hesabsız müharibə cinayətlərinə, vandalizm aktlarına, mülki Azərbaycan vətəndaşlarına qarşı həyata keçirilən soyqırım və terror aktlarına göz yuman ABŞ Nümayəndələr Palatasının spikeri Nancy Pelosinin ölkəmizi ittiham etməsi siyasi simasızlıqdan, riyakarlıqdan başqa bir şey deyil".
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputattı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. Deputat qeyd edib ki, Nensi Pelosinin separatizm meyillərinin, qonşu dövlətlərə qarşı ərazi iddialarının baş qaldırdığı coğrafiyalarda peyda olması ardıcıl və sistemli hal alıb və bu mənzərə xanım siyasətçinin beynəlxalq hüquqa zidd təzahürlərin yanında olduğunu, aqressiv separatizmə, terrorizmə, işğala haqq qazandırdığını təsdiqləyir:
“Pelosinin Ermənistanda nümayiş etdirdiyi şou, əslində ABŞ-da keçiriləcək seçki kampaniyasının tərkib hissəsi kimi də dəyərləndirilə bilər. Nensi Pelosinin seçki şoularını izləyənlər, sözügedən şəxsin güclü artistizmə malik olduğu, eyni zamanda həm ağlaya, həm də gülə bildiyi barədə məlumatlıdırlar. Görünür, karyerasının bitdiyi bir dönəmdə Pelosi İrəvanda axıtmağa çalışdığı göz yaşları ilə qanunsuz rejimlərin, separatçıların, terrorçuların və onları himayə edənlərin, erməni xeyriyyə fondlarının, terroru, ultramillətçi təzahürləri təbliğ edən təşkilatların maliyyə dəstəyini qazanmaq istəyib".
Azər Kərimli bildirib ki, Nensi Pelosinin davranışları Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olmasına maneə yaratmaq məqsədi güdən anti-humanist addımlardır:
“ABŞ Nümayəndələr Palatası sədrinin tərəflər arasında sülhü təşviq etmək əvəzinə, Ermənistanın pozucu davranışlarından və təxribatlarından zərər çəkən Azərbaycanı heç bir əsas olmadan ittiham etməsi, onun regionda yeni münaişə ocağının yaranmasında, ziddiyyətlərin və qarşıdurmanın dərinləşməsində maraqlı olduğunu göstərir. Bu isə öz növbəsində sübuta yetirir ki, Pelosi şəxsi maraqlarını və siyasi iddialarını insan talelərindən dəfələrlə üstün tutur”.