Modern.az

Bakıda kibertəhlükəsizliklə bağlı beynəlxalq konfrans - FOTOLAR

Bakıda kibertəhlükəsizliklə bağlı beynəlxalq konfrans - FOTOLAR

Aktual

21 Sentyabr 2022, 16:52

Ölkənin ən böyük kibertəhlükəsizlik şirkətlərindən olan PROSOL ikinci dəfə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunmuş tədbirə ev sahibliyi edib.

 

Modern.az xəbər verir ki, iki gün davam edəcək konfrans yerli və əcnəbi mütəxəssisləri bir araya gətirib. Tədbir texnoloji təkmilləşmənin yarada biləcəyi hədələr və onlara qarşı mübarizə üsulları barədə məlumat mübadiləsi üçün uğurlu platforma təmin edib.

 

PROSOL şirkəti tərəfindən ölkəmizdə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan ikinci tədbir olsa da, kifayət qədər beynəlxalq diqqət çəkməyi bacarıb. Belə ki, tədbirdə İsrail, Türkiyə, ABŞ, Ukrayna, Latviya, BƏƏ kimi ölkələrdən kiber mütəxəssislər, həmçinin “Nozomi”, “CheckPoint”, “SocRadar”, “Crowdstrike”, “Palo Alto Networks”, “Avnon Group”, “Nubs Group”, “Agritask”, “Pyramid Analytics”, “See Security”, “MONT”, “Elcore”, “Bakotech”, “Softprom” kimi qlobal və regional şirkətlər, o cümlədən yerli tərəfdaşlar bir araya gəliblər.

 

Tədbirin keçirilmə səbəbi Azərbaycanda inkişaf etməkdə olan kibertəhlükəsizlik mühitinin daha dayanaqlı xarakter almasına töhfə verməkdir.

 

Bu gün təşkil olunan tədbirdə PROSOL şirkətinin həmtəsisçisi və İdarə heyətinin sədri Babək Ağayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətinin rəis müavini Azər Əhədov, BP şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasının İdarə heyətinin sədri Rahid Ələkbərli, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov və İsrailin keçmiş müdafiə naziri və Baş nazirin müavini Moşe Yaalon iştirak ediblər.

 

PROSOL şirkətinin həmtəsisçisi və İdarə heyətinin sədri Babək Ağayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, kibertəhlükəsizlik bütün dövlətlər, o cümlədən Azərbaycan üçün milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsidir. Onun sözlərinə görə, bütün dövlətlər öz milli təhlükəsizliyi ilə bağlı yeni tendesiyalarda planlarını qurarkən, kibertəhlükəsizliyi bunun bir tərkib hissəsi kimi düşünürlər.

 

Şirkət rəhbəri vurğulayıb ki, kibertəhlükəsizlik həm özəl, həm də dövlət müəssisələrinə lazımdır. Belə ki, elektron fəaliyyətə sahib olan qurumlar kibermüdafiəyə və ya kibertəhlükəsizliyə ehtiyac duyur. Çünki internet və şəbəkə üzərindən xaricə açılma imkanı olan hər bir qurumun, eyni formada da, kənardan icazəsiz girişlərə məruz qalma riski var. Bu isə kibertəhdit deməkdir.

 

Konfransda çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı deyib ki, PROSOL-la yaxın əməkdaşlıqdan qürur duyurlar:

 

"Alimlərin bildirdiyinə görə, son 20 ildə insanın informasiya alması 10 dəfə artıb. Bu əsrdə günün tələbi kibertəhlükəsizlikdir. Bu sahədə kadrlara ehtiyac var, onların yetişdirilməsi universitetdən başlayır. Bu sahədə Azərbaycanın ən layiqli universitetlərindən biri də ADNSU-dur. Bu il 130-u Azərbaycan, 20-si isə İngilis bölməsi  olmaqla 150 nəfər informasiya təhlükəsizliyi ixtisasını seçib. Bu yolda bizə yardımçı olmaqda Prosolun və İsrailli nümayəndələrin rolu böyükdür".

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətinin rəis müavini Azər Əhədov isə çıxışında bildirib ki, pandemiyanın gətirdiyi çətinlikllər, uzaqdan iş rejimi ilə bağlı yeniliklər və antiterror əməliyyatları dönəmində informasiya təhlükəsizliyi ən aktual mövzulardan biridir:

 

"Daha çox təşkilatlanan kiberhücumlar qabarıq şəkildə özünü göstərir. Mütəxəssislərimizin fasiləsiz fəaliyyəti nəticəsində dövlət qurumları və dövlət qurumlarının informasiya resurslarından istifadə edən vətəndaşların informasiya təhlükəsizliyinin təmin olunması tərəfimizdən təmin edilib".

 

BP şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli  isə bildirib ki, bu gün Azərbaycanın neft-qaz infrastrukturuna təhdidlər arasında kibertəhdidlər daha üst səviyyədədir:

 

"BP şirkəti daxilində işçilər il ərzində bir dəfə kibertəhlükəsizlik testindən keçirlər. Bu test ümumi bala, bonus sisteminə və başqa məsələlərə təsir edir. BP-də əsas diqqət edilən məsələlərdən biri "fishing mail"lardır və il ərzində şirkətə 600 "fishing mail" daxil olur".

 

Daha sonra çıxış edən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasının İdarə heyətinin sədri Rahid Ələkbərli deyib ki, BP çərçivəsində ölkədə kiberbarometr layihəsinin icrası istiqamətində işlər görülür:

 

 

"İqtisadiyyatın müəyyən sektorları üzrə məlumatların toplanması ilə ölkənin xüsusi kiberhazırlığını qiymətləndirməyini hədəfləyirik. 2026-cı ildə 80% təşkilatlar operatorların, işçilərin, rəhbərlərin öz fəaliyyətində həm veb texnologiyalarının, həm də bulud texnologiyalarının və digər informasiya sistemlərinin hamısının vahid bir platformada, son istifadəçi platforması üzərindən informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində hazırlıqlar gedir. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyi kibertəhlükəsizliyə dair təkliflər hazırlayaraq onları aidiyyəti dövlət qurumlarına təqdim edib".

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədovun sözlərinə görə Azərbaycanda həyata keçirilən kibergigiyena layihəsində dövlət qurumlarının 4000 əməkdaşı iştirak edib:

 

 

"Gələcəkdə kibergigiyena üzrə testlərin dövlət qulluğunun imtahanlarına salınması üçün dövlətə tövsiyyələr verəcəyik. Bu sahə üzrə bir neçə risk səviyyəsi müəyyən olunub. Belə ki, inkişaf tendensiyası "aşağı risk" səviyyəsi üzrə 4%, "orta risk" səviyyəsi üzrə 42%, "riskli" səviyyə üzrə 60%, "yüksək riskli" səviyyəsi üzrə isə 100%-dir. Bu layihə sayəsində inkişaf edən qurumlar Yardımlı, Zərdab, Ucar, Ağstafa, Quba və digər rayonların icra hakimiyyətləri və nazirliklərdir".

 

İsrailin keçmiş müdafiə naziri və Baş nazirin müavini Moşe Yaalon konfrasda çıxışı zamanı qeyd edib ki,  İsrail və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlığı davam etdirir, kibertəhlükəsizlik də onlardan biridir:

 

 

"Bütün dövlətlərin təhlükəsizliklərini qoruması üçün kibertəhlükəsizlik texnologiyalarına daha çox sərmayə qoymasına ehtiyac var".

 

Daha sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov və Prosol şirkətinin həmtəsisçisi, İdarə heyətinin sədri Babək Ağayev çıxış ediblər.

 

 

Babək Ağayev qeyd edib ki, keçirilən antiterror əməliyyatları zamanı çoxsaylı kiberhücumlar baş verir:

 

"Məqsəd daha çox insanları hədəf almaqdır. İnsanlar maraqlandıqda məlumatlarını itirə bilərlər. Böyük infrastrukturlarda isə Ddos hücumlarının şahidi oluruq. Zərər vermək istəyənlər, hakerlər bu yolları istifadə edirlər. Günümüzdə də belə hallarla rastlaşırıq. Hansısa bloklanma zamanı VPN-dən istifadə aktuallaşır. Biz o hücumları sərhəddə bloklayırıq".

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib ki, "Tik-Tok" sosial şəbəkəsində dezinformasiya xarakterli məlumatların yayılması daha çox risk daşıdığı üçün ölkə ərazisində bloklanmasına qərar verilib.

 

"Tik-Tok"un xüsusi alqoritmi var ki, siz hansısa bir videoya baxdıqda ona uyğun digər kantentləri cəmləyib sizin qarşınıza çıxarır və bu vasitə ilə həm doğru, həm də yalnış istiqamətlərə yönəldə bilir. 10 dənə yalnış və sövqedici məlumat paylaşsanız, siz burada informasiya müharibəsinin qurbanına çevrilə bilərsiniz. Eyni addımı düşmən ölkə də ataraq "Tik-Tok" sosial şəbəkəsini bloklayıb".

 

Qeyd edək ki, “Kiber təhlükəsiz iqtisadiyyatlar: islahatlar, innovativ yanaşmalar və həllər” başlığı altında təşkil olunan tədbirdə 7 fərqli panel üzrə müzakirələr aparılı. Panellərdə yerli və xarici mütəxəssislərin, Azərbaycan dövlətini təmsil edən rəsmilərin, beynəlxalq təşkilat nümayəndələrinin çıxışları və məruzələri nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi