Modern.az

Hicabsız İran, qorxaq ruslar və gözüyaşlı ermənilər - Qonşu ölkələr qaynayır

Hicabsız İran, qorxaq ruslar və gözüyaşlı ermənilər - Qonşu ölkələr qaynayır

Aktual

22 Sentyabr 2022, 10:54

Dünyada siyasi münaqişələr, daxili qarşıdurmalar fonunda Azərbaycanın yerləşdiyi regionda da vəziyyət getdikcə gərginləşir. Ukraynada gedən müharibə fonunda Qərb ölkələri ilə Rusiya arasında siyasi-diplomatik savaşın hərbi müstəvidə daha şiddətli və açıq forma alacağı ehtimal olunur. Bu isə yeni dünya müharibəsinin başlanmasına işarədir.

 

Modern.az bildirir ki, hazırda Azərbaycanın şimalında, cənubunda, hətta Qərbdə də vəziyyət o qədər ürəkaçan deyil. 

 

Regionun, eləcə də dünyanın ən böyük dövlətlərindən olan şimal qonşumuz Rusiyada ötən gün qismən səfərbərlik elan edilib. Rusiya lideri Vladimir Putinin səfərbərliklə bağlı xalqa müraciəti bir anda dünyanın gündəmini dəyişib. Həm də maraqlıdır ki, Rusiyada səfərbərliyin beynəlxalq sülh günündə elan edilməsi təsadüfi deyil. Bu, Qərb dövlətlərinə təhdid, dünyaya mesaj kimi qiymətləndirilir.

 

Ruslar müharibəyə “yox” deyirlər

 

Bu ilin fevralın 24-ü səhər saatlarında Rusiya Ukraynada xüsusi əməliyyatlara start verəndən sonra Qərb dövlətləri və Amerika Moskvaya qarşı birləşməyə başlayıb. Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar artıq 210-cu gününü arxada qoyub. Altı ay ərzində kimin nə qazandığını demək olmasa da, hər iki tərəfin itkiləri çoxdur.  

 

Belə ki, müharibə vaxtı Rusiya və Ukrayna birlikdə yüz mindən çoz hərbçi itirib, ölkələrə milyardlarla ziyan dəyib. Bununla bərabər, Rusiya Qərbin sanksiyaları ilə üzləşib. Rusiya vətəndaşlarının dünyanın bir neçə ölkəsinə girişi qadağan olunub, iqtisadi əlaqələr bloklanıb.

 

Rusiyanın səfərbərlik elan etməsi müharibənin taleyini yenidən dəyişə bilər. Son hadisələr göstərir ki, münaqişənin diplomatik yolla həlli real deyil, bu gedişlə qanlı savaş hələ bir müddət davam edəcək. Rusiya vətəndaşları da indiki vəziyyətdən narahatdır. Onlar müharibənin dayandırılmasını istəyirlər. Odur ki, dünəndən etibarən ölkənin müxtəlif yerlərində səfərbərliyə qarşı aksiyalar başlayıb. Xalq döyüşmək istəmədiyini, müharibəyə qarşı oldununu bildirir. Hətta səfərbərlik xəbərindən sonra vətəndaşlar ölkədən qaçmağa çalışırlar.

 

Məlumata görə, Rusiyadan İstanbula, Bakıya, İrəvana və digər istiqamətlər üzrə bütün aviabiletlər satılıb. Ölkədən çıxa bilməyənlər isə küçələrə axışaraq, döyüşə getməkdən imtina edəcəklərini bəyan ediblər.

 

Ötən gün Rusiyanın 38 şəhərində keçirilən aksiyalar zamanı mindən çox nümayişçi polis tərəfindən saxlanılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub. Aksiyaların bu gün də davam edəcəyi gözlənilir. Ümumi vəziyyət isə onu deməyə əsas verir ki, qonşu Rusiyanı heç də yaxşı günlər gözləmir.

 

Hicab qiyamı

 

 

Cənub qonşumuz olan İranda da vəziyyət bir neçə gündür ki, gərgindir.  Bu ölkədə hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü kütləvi etirazlara səbəb olub. Gənc qızın polis zorakılığı nəticəsində dünyasını dəyişməsi İran xalqını ayağa qaldırıb.

 

Gənc qızın anası və yaxınları hadisədən sonra aksiya keçirməyə, beynəlxalq təşkilatlara çağırış etməyə başlayıblar. Bundan sonra digər qadınılar da onlara qoşulublar.

 

Dəfn mərasimində iştirak edən minlərlə vətəndaş İranın ali dini lideri Əli Xameneyini nəzərdə tutan “Ölüm olsun diktatora” şüarını səsləndiriblər. 

 

Məhsa Əmininin ailəsindən bildirilib ki, Tehran hökuməti ölüm səbəbləri barədə məhkəmə ekspertizası araşdırması olmadan tələsik dəfn mərasiminin keçirilməsini tələb edib və buna görə ailəyə təzyiq göstərilib.

 

Getdikcə aksiyaların miqyası genişlənib və bütün ölkəni əhatə edib. Azadlıq tələb edən qadınlar baş örtüklərini çıxararaq, sivil toplumda yaşamaq istədiklərini, təzyiqlərin aradan qaldırılmasını tələb ediblər.

 

Bu dəfə aksiya iştirakçıları ötən illərlə müqayisədə daha qətiyyətli görünür. Nümayişlərdə daha çox etnik kürdlər fəaldırlar. Buna səbəb öldürülən qızın milliyyətcə kürd olmasıdır.

 

Artıq bir neçə gündür ki, İranın Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərində kütləvi aksiyalar davam edir. Rəşt şəhərindəki aksiyada 22 nəfər həbs olunub. Digər şəhərlərdə də çox sayda aksiya iştirakçısı həbs edilib. Bəzi yerlərdə aksiyaçılara qarşı silah tətbiq edilib və polislə qarşıdurmada ölənlər və xəsarət alanlar olub.

 

Hazırda İranda vəziyyət gərgin olaraq qalır, etirazçılar sonadək mübarizə aparacaqlarını bildirirlər. Qonşu ölkədə baş qaldıran hicab qiyamının nə qədər davam edəcəyini zaman göstərəcək. Görünən odur ki, İran hakimiyyəti etirazçı vətəndaşlara güzəşt etmək fikrində deyil.

 

Ermənistan bataqlıqda çabalayır

 

Digər qonşumuz Ermənistana gəlincə, orada vəziyyət həmişə olduğu kimi qarışıqdır. 12-14 sentyabr tarixləri arasında Azərbaycanla sərhəddə təxribat törədən erməni ordusunun cavab zərbəsi ilə darmadağın edilməsi Ermənistanda yerli hakimiyyətə qarşı etirazları alovlandırıb. 44 günlük savaşdan sonra sentyabr döyüşlərində də biabırçı məğlubiyyətlə üzləşən Ermənistanda vətəndaşlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Narazı əhali uğursuzluqların səbəbini Paşinyanın yarıtmaz siyasətində görür.

 

Məlumata üçün bildirək ki, Azərbaycana qarşı təxribatdan sonra cavab əməliyyatında Ermənistanın 207 hərbçisi ölüb və ya itkin düşüb, 292 hərbi qulluqçu isə yaralanıb.

 

Sərhəddəki silahlı toqquşmalardan sonra KTMT-yə müraciət edən İrəvan müsbət cavab ala bilmədiyindən üzünü Qərbə tutub. Bu ərəfədə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri işğalçı ölkədə Rusiyaya qarşı etirazların baş qaldırmasına təkan verib. Əllərində ABŞ bayraqları ilə küçələrə çıxan ermənilər hakimiyyətin siyasi kursunun Qərbə yönəlməsini, ölkənin KTMT və Rusiyadan üz döndərməsini tələb ediblər. Bununla belə, Ermənistanda Rusiyanı dəstəkləyənlərin aksiyaya yığışması ölkədə ikitirəlik yaradıb.

 

Bir tərəfdə Rusiyaya, digər tərəfdə Amerikaya dəstək mitinqlərinin keçirilməsi Ermənistanın qeyri-sabit siyasətindən irəli gəlir. Bu, həm də onu göstərir ki, Ermənistan asanlıqla Rusiyadan uzaqlaşa bilməyəcək, əks halda ermənilər Pelosinin timsah göz yaşlarında boğulacaqlar.

 

Rusiya, İran və Ermənistandan fərqli olaraq, qonşu Gürcüstanda vəziyyət stabil olaraq qalır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI