Modern.az

İranda qadınlara qarşı hicab qətliamı - FOTOLAR

İranda qadınlara qarşı hicab qətliamı - FOTOLAR

26 Sentyabr 2022, 16:28

Son günlər İranda vəziyyət gərgin olaraq qalır. Sentyabrın 13-də hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü kütləvi etirazlara səbəb olub. Gənc qızın polis zorakılığı nəticəsində dünyasını dəyişməsi İran xalqını ayağa qaldırıb. Məhsa Əmininin anası və yaxınları hadisədən sonra aksiya keçirməyə, beynəlxalq təşkilatlara çağırış etməyə başlayıblar.  

 

Etirazlara çoxlu sayda qadın qoşulub. Onlar ilkin olaraq hökumətə, habelə qadınlar üçün örtülü saç və geniş paltar geyinməyi tələb edən hicab qanununa qarşı çıxıblar. Qadınlar sərt qaydalara etiraz olaraq İranda baş örtüklərini yandırıb, saçlarını kəsiblər.

 

Son aksiyalar zamanı Hənane Kiya, Qəzale Çelavi, Hədis Nəcəfi, Məhsa Moquyi, Aysan Mədənpəsənd və Minu Məcidi adlı qadınlar da polis zorakılığının qurbanı olub.  

 

İrandakı hicab aksiyaları nədən xəbər verir? 

 

Modern.az bildirir ki, ölkənin nüvə və raket proqramlarına cavab olaraq ABŞ-ın tətbiq etdiyi sanksiyalar İranın öz neftini satmasını və qlobal maliyyə sisteminə çıxışını xeyli çətinləşdirib. Bundan əlavə, korrupsiya və iqtisadi idarəetmənin pozulması ölkədə geniş vüsət alıb. 

 

İranlılar uzun müddətdir ki, daim artan inflyasiya, ərzaq qıtlığı, tədarükdə fasilələr və işsizlik problemi ilə üz-üzə qalıblar. Qəzəbli iranlılar düşmənçiliklərini ölkənin idarəetmə sisteminin mərkəzinə yönəldiblər. Onlar İranın ali dini lideri Ayətullah Əli Xameneini günahkar hesab edirlər. Son aksiyalar zamanı etirazçılar onun ölümü barədə və potensial varisi kimi görünən oğlu Mojtabanın əleyhinə şüarlar səsləndiriblər. 

 

Şimaldakı Rəşt şəhərində etirazçılar bəzi küçələri ələ keçirərək “Diktatora ölüm!” şüarını dilə gətiriblər. Hökumətin cavabı isə əvvəlkilərdən fərqlənməyib.  

 

Sosial şəbəkələrdə yayılan video-kadrlardan görünür ki, polislər nümayişçilərə atəş açır və onlara qarşı su şırnaqlarından istifadə edirlər. 

 

Məlumata əsasən, son aksiyalarda 57 etirazçı öldürülüb. Etirazlar başlayandan bəri hökumət mobil internet xidməti göstərən üç əsas operatorun fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.  

 

Sakinlərinin dediyinə görə, Tehranda gecə saatlarında elektrik kəsilib, etirazların daha intensiv olduğu bəzi yerlərdə küçələr tamamilə qaranlığa qərq olub. 

 

Qeyd edək ki, İran hökumətinin böyük hüquqlar uğrunda etiraz edən qadınlara qarşı təzyiqlər göstərməsi ilk hadisə deyil. İranlı qadınlar hələ 1981-ci ildən hicab qaydasına meydan oxuyur və məhdudiyyətlərdən xilas ola biləcəklərinə inanırdılar. 

 

İndi isə vəziyyət fərqlidir. Azad yaşamaq istəyən gənc qızlar ictimai yerlərdə baş örtüklərini çıxarmaqdan çəkinmirlər. Onlar həm də iranlı qadınlar arasında boşanma, uşaqların qəyyumluğu və kişi qəyyumun icazəsi olmadan işləmək, eləcə də səyahət etmək hüququ kimi məsələlər və digər ayrı-seçkilik qanunlarına qarşı etirazlarını bildirirlər.

 

Belə etirazlardan biri 2017-ci ildə baş verib. 31 yaşlı Vida Movahed Tehranın mərkəzi küçəsində hicabını çıxararaq, azadlıq tələb etmişdi. O, elə həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdı.

 

2019-cu ildə Sahar Khodayari adlı 29 yaşlı qadın kişilərin futbol matçını izləmək üçün stadiona daxil olduğuna görə həbs olunub. Daha sonra qadın özünü yandıraraq öldürüb. 

 

İran hökuməti beynəlxalq futbol qurumlarının təzyiqi altında sonradan qanuna dəyişiklik edərək, qadınların matçlara gəlməsinə icazə verib. Lakin onlar xüsusi yerlərdə futbol oyunlarına baxa bilərlər. 

 

Elə həmin il baş örtüklərini çıxaran qadınları müdafiə edən tanınmış iranlı vəkil Nəsrin Sotoudeh “sistemə qarşı əlbir olmaq” və Ayətullah Xameneyini “təhqir etmək” ittihamları ilə 38 il həbs, 148 şallaq cəzasına məhkum edilib.

 

Hazırda davam edən aksiyaların nə ilə nəticələnəcəyi hələ sual altındadır.  

 

Xatırladaq ki, İranda hicab qanunu 1981-ci ildən qüvvədədir.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır