Modern.az

Xalqımız Vətən müharibəsində milli birlik nümunəsinə çevrildi

Xalqımız Vətən müharibəsində milli birlik nümunəsinə çevrildi

Aktual

28 Sentyabr 2022, 10:00

"Düz 30 il idi ki, Azərbaycanın tarixi torpaqları Ermənistanın təcavüz və işğalına məruz qalmışdı və bu, dünya ictimaiyyəti, güclü dövlətlərin qurduğu siyasət və BMT, Avropa Birliyi kimi mötəbər qurumların guya bu konflikti ədalətlə həll etməyə çalışmaları şəraitində davam edirdi. Ermənistanın etnik təmizləmə və təcavüzkar siyasəti nəticəsində bu 30 il ərzində bir milyondan çox azərbaycanlı doğma yurd-yuvalarından, tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum edilib, minlərlə insan, o cümlədən qoca, qadın və uşaqlar itkin düşüb, qətlə yetirilib".

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib. Deputat qeyd edib ki, bu işğal illəri ərzində Azərbaycan yalnız vətəndaşlarını itirməyib, həmçinin işğal altında qalan torpaqlarımız, mədəni və tarixi abidələrimiz, təbii sərvətlərimiz də genosidə məruz qalıb, məqsədyönlü şəkildə məhv edilib və qarət olunub:

 

"Erməni vandalları milli irsimizi kütləvi surətdə məhv edib, yaşayış yerlərimizi, şəhərlərimizi yerlə yeksan edib, mülki və təsərrüfat obyektlərini talayıb, qədim tarixi-dini abidələrimizi dağıdıb, hətta onların bir qismini saxtalaşdıraraq erməniləşdiriblər. Dünya ictimaiyyəti istəməsə də, etiraf etməli olub ki, Ağdam "Qafqazın Xirosiması və ruhlar şəhəridir". XXI əsrdə sivil dünyada özünü "ən qədim və ali xalq" adlandıran toplumun belə bir vandallığı heç bir ölçüyə və sağlam təxəyyülə sığışmır.

 

Bu illər ərzində Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəsə baxmayaraq, Ermənistan işğalçı siyasətini davam etdirib, atəşkəsi pozaraq sərhəd boyunca yerləşən mövqelərimizdə əsgərlərimizi qətlə yetirib, ərazilərimizdə təxribatlar törədərək təmas xətti boyunca yerləşən mülki ərazilərimizi atəşə tutmuş, əhali arasında yüzlərlə insanın ölümünə səbəb olublar, insanların təsərrüfat işləri ilə məşğul olmasına imkan verməyiblər". 

 

2020-ci il 12-17- iyul tarixlərində növbəti təxribatlar nəticəsində baş verən Tovuz döyüşlərini xatırladan deputat vurğulayıb ki, bu zaman Qaraqaya yüksəkliyində, Mübariz postunda general Polad Həşimov və İlqar Mirzəyevin də qəhrəmancasına şəhid olması xalqımızı münaqişəni sülh yolu ilə həll etməyin qeyri-mümkün olması fikrində əmin etdi. Ülviyyə Ağayevanın fikrincə, həmin dövrdə hamı dövlətinə müharibəyə getmək və torpaqlarımızı öz gücümüzlə azad etmək və ədaləti bərpa etmək əzmini bildirdi:

 

"Nəhayət, 2020-ci il 27 sentyabr tarixində Ermənistan növbəti hərbi təxribat törədərək, atəşkəs rejimini yenidən pozaraq cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməyə başlayıb və eyni zamanda Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutmuşdu. Bu, Azərbaycana qarşı növbəti təcavüz idi və Azərbaycan xalqının səbir kasasının son damlası oldu.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək haqqında əmr verdi. Bu, xalqımızı qələbəyə aparan şanlı yolun başlanğıcı, 44 günlük Vətən müharibəsinin ilk günü oldu. Bu 44 gün ərzində Azərbaycan xalqı döyüş əzmini, siyasi və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Vətən uğrunda şanlı müharibədə Azərbaycan xalqı görünməmiş milli birlik nümunəsinə çevrildi. Müharibənin gedişi zamanı, xalqımıza ordumuzun növbəti qələbələrini elan edərkən Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" nidasını müşayiət edən xüsusi jesti – "Dəmir yumruq" xalqımızın milli birliyi, Vətən uğrunda mübarizəsi və qələbə əzminin rəmzinə çevrildi".

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI