"27 sentyabr Anım Gününün ikinci ildönümü bütün ölkəboyunca qədirbilənliklə qeyd edildi. Ötən il izdihamlı ümumxalq yürüşünün önündə olan prezident bu il də işğaldan azad olunmuş Füzuli rayonuna səfər etdi. Ölkə başçısının işğaldan azad olunmuş bölgələrə hər səfəri bu ərazilərin inkişafı, yenidən qurulmasına yönələn layihələrlə yadda qalır. Bu baxımdan Füzuliyə səfər də xüsusi diqqət çəkirdi".
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov qeyd edib. Deputat söyləyib ki, Prezident İlham Əliyevin Füzuli səfərində önəmli məqamlardan biri də onun çıxışında verdiyi mesajlar, səsləndirdiyi fikirlər oldu:
"Zəfər Savaşının başlamasının ikinci ildönümündə ölkə başçısının Ali Baş Komandan kimi Füzuli rayonunda qətiyyətli bəyanatları Azərbaycan dövlətinin qüdrətinin ifadəsi idi. Prezidentin ərazi bütövlüyümüzün bərpasının geridönməz bir hadisə olmasını və bundan sonra istənilən xarici təhdidə qarşı ölkəmizin öz suverenliyini qorumaq gücünü ifadə etməsi xüsusi bir məqamdır. Prezident hər çıxında ərazimizin işğaldan azad olunmasında ordumuzun qəhrəmanlığını önə çəkməklə yanaşı, bu bölgələrdə abadlıq-quruculuq işlərinin görülməsini vurğulayır. Bu gün Füzulidə və digər bölgələrdə aparılan geniş quruculuq işləri prezidentin bu mesajlarının arxasında həm də real iş durduğunu təsdiqləyir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuliyə məhz əlamətdar bir gündə səfəri, Qaraxanbəyli kəndində 27 Sentyabr Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə Vətən şəhidlərinin əziz xatirəsini yad etməsi dövlətimizin ən müqqəddəs amal uğrunda canını bu torpağın bütövləşməsinə qurban vermiş qəhrəman övladlarımıza olan doğma münasibətin göstəricisi idi.
44 günlük Vətən müharibəsinin şanlı tariximiz olduğunu bildirən ölkəmizin başçısı qələbəni xalqımızın birliyi, iradəsi ilə, qəhrəman ordumuzun qanı hesabına əldə olunduğunu vurğuladı. Prezident haqlı olaraq bildirdi ki, biz döyüş meydanında haqqımızı, tarixi ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan təmizlədik, müzəffər xalq kimi, qalib ölkə kimi tarixə əbədi adımızı yazdıq".
"Bu Vətən bizlərə şəhid qardaşlarımızdan, qazilərimizdən əmanətdir" - deyə qeyd edən Rəşad Mahmudov əlavə edib ki, Vətənimiz hamımızındır:
"Müzəffər Ali Baş Komandanın bildirdiyi kimi, şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə müstəqilliyimizin keşiyində dayanacağına söz verməlidir. Necə ki, şəhidlərimiz, qazilərimiz söz verdi. Bu gün bizi heç kim təhdid edə bilməz. Çünki bütün təhdidlər ölkəmizin qüdrəti, hərbi gücü qarşısında acizdir. Eyni zamanda, qüdrətimiz rahat həyatımızın təminatçısıdır.
Beləliklə, Prezident İlham Əliyevin Füzuli rayonuna son səfəri və bu səfər zamanı verdiyi önəmli mesajlar Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin növbəti əzəmətinin nümayişinə çevrildi. Hərb meydanının ardınca diplomatik müstəvidə də erməniləri məğlub və miskin duruma salan Azərbaycan lideri bütün addımlarında və bəyanatlarında yenilməz dövlətin qüdrətini diqtə etdirir. Bu gün Azərbaycan güclü lider-güclü dövlət tandemindən yaranan inkişaf yolundadır. Prezident İlham Əliyevin dəqiq hesablanmış, yüksək peşəkarlıqla yürütdüyü siyasi kurs bu gün Azərbaycan Respublikasını regionun lider dövləti statusundan da üstün duruma yüksəldərək beynəlxalq arenada böyük nüfuz sahibi edib. Məhz Prezident İlham Əliyevin seçdiyi siyasi xətt və onun liderlik xüsusiyyətləri Azərbaycanın inkişaf yolunun əsas amilinə çevrilib".