Modern.az

Alkoqol asılılığından xilas olmağın YOLLARI

Alkoqol asılılığından xilas olmağın YOLLARI

Aktual

3 Oktyabr 2022, 10:26

“Alkoqol asılılığının bir xəstəlik kimi formalaşmasına bir neçə il mütəmadi olaraq alkoqol qəbulu (məişət sərxoşluğu) səbəb olur. Gənclər arasında alkoqol asılılığının formalaşmasına nadir hallarda təsadüf edilir. Əksər hallarda bu xəstəlikdən əziyyət çəkənlər orta yaş qrupunun nümayəndələridir”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov bildirib.

 

O.Cəfərov qeyd edib ki, son zamanlar gənclər arasında energetik spirtli içkilərin istifadəsinə tez-tez rast gəlinir:

 

“Bu növ içkilərin mütəmadi istifadə edilməsi adi spirtli içkilərlə müqayisədə daha tez asılılıq yaradır və daha ağır fəsadlar verir. Yeniyetmələrdə spirtli energetik içkilərin çox miqdarda və mütəmadi qəbulu zamanı psixi pozuntuların yaranmasına gətirib çıxaran hallara da tez-tez rast gəlirik”.

 

Həkim bildirib ki, alkoqolun insanın psixikasına təsirinin ən ağır fəsadlarından biri də şəxsiyyətin spesefik alkoqol deqradasiyasına uğramasıdır:

 

“Alkoqolun insan psixikasına bu təsiri başqa psixoaktiv maddələrdən fərqli olaraq daha tez inkişaf edir və şəxsiyyətin daha dərin pozuntularına səbəb olur. Xəstədə öz vəziyyətinə, ətrafında yaranmış situasiyaya tənqidi münasibəti zəifləyir. Müalicə və reabilitasiya prosesində xəstənin fəal iştikarı tələb olunur. Bunun üçün ilk növbədə pasient öz asılılığını etiraf etməlidir. Bu halda o alkoqol asılılığından azad ola bilər.
Respublika Narkoloji Mərkəzinin Ambulator reabilitasiya şöbəsinə mərkəzdən evə yazıldıqdan sonra bir çox pasientlər qrup və fərdi terapiyalarda iştirak etmək üçün müraciət edirlər. Reabilitasiya kursunun əsas məqsədi bu şəxsləri yenidən cəmiyyətə inteqrasiya etməsidir”.

 

“Formalaşmış asılılıqdan azad olunmaq üçün ən əsas pasientin özünün təşəbbüsü və asılılıqdan azad olunmaqda qərarlılığıdır. Ailənin, yaxınların bu zaman onun yanında olub ona dəstək verməsi vacib bir şərtdir. Belə ki, ailənin dəstəyi olmasa bu pasientlər müalicədən əvvəl onsuz da itirdikləri mövqelərinin bərpasına olan ümidlərini itirəcəklər.


Çox vaxt həkimlər xəstənin yaxınları tərəfindən onun vəziyyətini düzgün qiymətləndirilməməsinin şahidi olurlar. Belə ki, onlar xəstəliyi “pis vərdiş” kimi qəbul edirlər. Xəstəni içki aludəçisi olduğu üçün günahlandırırlar. Bu, heç də səmərəli yanaşma deyil. Xəstənin müalicə həkimi birinci növbədə ailə üzvlərini və yaxınlarını bu asılılığın xəstəlik olduğu barədə məlumatlandırmalıdır. Xəstə müalicə və reabilitasiya prosesindən sonra ayıq həyat tərzinə qayıtdıqda yaxınları tərəfindən ona şübhə ilə yanaşmaq, daimi nəzarət və tənbeh etmək cəhdləri xəstədə etiraz yarada bilər. Bu onun spirtli içki istifadəsinə yenidən başlamasına təkan ola bilər.


Alkoqol asılılığı ilə mübarizə uzun müddət tələb edən bir prosesdir. Bu səbəblə asılılıqdan əziyyət çəkən pasientlərlə daha təmkinli olmaq, onları müəyyən mənada həyata stimullaşdırmaq, sosial durumlarını yaxşılaşdırmağa doğru yönələn addımlar atmaq lazımdır», - deyə nazirlik rəsmisi bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu