Modern.az

“Böyük Qayıdış” Cəbrayıldan başlayıb

“Böyük Qayıdış” Cəbrayıldan başlayıb

3 Oktyabr 2022, 14:00

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə sadəcə, mümkün deyil.

 

Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.

 

Ermənistan 27 sentyabr 2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozaraq cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq ölkəmizə qarşı növbəti təcavüz aktına başladı. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək Əmri verdi. Vətən Müharibəsi və tarixi Zəfər 44 günlük müharibədə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın başçılığı ilə tarixi ədaləti bərpa etdi. 

 

Erməni miflərin məğlubiyyəti. Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu deməkdir. “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə son qoyuldu.

 

Bu gün 30 ilə yaxın müddətdə yağı tapdağında olan Qarabağda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır. Mənfur düşmən üzərində qazandığımız qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik qabiliyyətinin, Azərbaycan Ordusunun gücünün, xalqımızın birlik və həmrəyliyinin parlaq təzahürüdür.

 

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. 04 oktyabr 2022-ci il tarixi Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. İşğaldan ilk azad edilən ərzilərimizdən olan Cəbrayıl da erməni vandalizmindən çox ciddi zərər görüb, bütün maddi-mədəni irs tamamilə dağıdılıb. Cəbrayıl rayonuna qayıdış hələ 6 il bundan öncə Aprel döyüşləri zamanı əldə etdiyimiz qələbədən sonra başlamışdı. Cocuq Mərcanlı kəndinə sakinlərin o zaman qayıdışı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Böyük Qayıdışın əsasının qoyulması oldu. Öz ev-eşiyindən, doğma yurd-yuvasından məcburi köçkün düşmüş bir milyondan çox soydaşımızın 30 il həsrətlə gözlədiyi Böyük Qayıdış məhz Cəbrayıl rayonundan başladı.

 

Vətən Müharibəsi başa çatandan qısa müddət sonra 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Möhtərəm Prezident cənab İlham İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısı 04 oktyabr 2021-ci il tarixdə Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və “Araz Vadisi İqtisadi Zonası”nın təməllərini qoyub, həmçinin “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis  mərkəzinin açılışında iştirak edib. Möhtərəm Prezident cənab İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb. 

 

Hazırda  Möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş bütün ərazilərimizdə eyni zamanda irimiqyaslı tikinti-bərpa işləri sürətlə gedir. Müzəffər Ali Baş Komandanın bu ərazilərə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. İşğaldan azad edilmiş bütün ərazilərimizin əvvəlki simasının özünə qaytarılması üçün atılan addımlar hər birimizi qürurlandırır. Görülən işlər Azərbaycan xalqının qurucu xalq olduğunu bir daha təsdiqləyir.  

 

İbadət Quliyev 

Naftalan şəhər sakini    

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir