Böyük inkişafa aparan yolun başlanğıc tarixi

Böyük inkişafa aparan yolun başlanğıc tarixi

Aktual

3 Oktyabr 2022, 14:20

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin banisi adlandırılması təsadüfi deyil. Sovetlərin tərkibində olduğumuz dövrdə, müstəqilliyimizin ilk illərində baş vermiş hadisələrin çətinliyini, mürəkkəbliyini xatırlamaqla Azərbaycanı bəlalardan qurtaran Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının tarixi əhəmiyyəti bəlli olur.

 

Hələ 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırıb.

 

1969-cu ildən başlayaraq, 30 ildən çox müddət ərzində  respublikaya rəhbərlik edən  Heydər Əliyev 1982-ci ildə daha yüksək vəzifəyə - İttifaq hökuməti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş, hakim partiyanın ali orqanı olan Siyasi Büronun üzvü seçilmişdir.  1987-ci ildə ci ildə ölkənin o vaxtkı rəhbəri Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq,  tutduğu vəzifələrdən istefa verib.

 

Lakin Heydər Əliyevin Azərbaycanda olub-olmamasından, yüksək vəzifədə çalışıb-çalışmamasından asılı olmayaraq, respublikanın bütün əhərlərindən ucqar kəndlərinə kimi ağlı kəsən hər bir insan ölkənin böhranlı dövrlərində Onun zəkasına, iradəsinə və məharətinə inanıb güvənmiş, Heydər Əliyevin simasında Vətənini və həmvətənlərini sevən, lazım gəldikdə onların köməyinə gəlməyə və onlara arxa durmağa həmişə hazır olan müdrik bir ağsaqqal görmüşdür.

 

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, ölkə daxilində anarxiya, hökm sürürdü. Belə vəziyyət 1993-cü ilin ortalarında Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycan xalqı bu təhlükələrdən yeganə xilas yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Ulu Öndər 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq ölkə Parlamentinin sədri seçildi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.

 

1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, genişmiqyaslı islahatlara başlandı.

 

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

 

Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə  qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.

 

Prezident Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.

 

Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Bu ilin aprelində silahlı qüvvələrin təmas xəttində baş verənlər sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə düşməni üstələyən Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.

 

Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq. Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alıb, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilib. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da məhz 1993-cü il oktyabr 3-dən qoyulub. Bu gün isə Ulu Öndərdən başlanılan BÖYÜK YOL  Onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ən başlıcası Heydər Əliyev irsi, dahi rəhbərin ölməz ideyaları insanların şüuruna möhkəm həkk edilib. Bu gün hər birimiz yaxşı bilirik ki, Ulu Öndərimizin ideyalarına sadiq olmaqla müstəqilliyimizin daha da möhkəmlənməsinə dəyərli töhfəmizi əsirgəmirik. Azərbaycan bütün sahələrdə inkişaf edir, beynəlxalq layihələrin iştirakçısıdır, möhkəm siyasi və hüquqi dövlətçilik strategiyasına malikdir.2016-cı ilin aprelin əvvəllərində düşmənin cəbhə xəttindəki təxribatlarının qarşısının alınmasında, bir neçə vacib yüksəkliyin işğaldan azad edilməsində, nəhayət, 30 illik torpaq həsrətinə Prezident İlham Əliyevin apardığı  siyasətlə güclü Azərbaycan ordusunun igid əsgər və zabitlərinin rəşadəti nəticəsində İkinci Vətən Müharibəsi 44 gündə Qələbə  ilə başa çatdı. Bütün bunlar isə 1993-cü il 3 oktyabr prezident seçkilərinin nəticəsi kimi qiymətləndirilir.

 

Dilşad Abbasova

45 saylı Abşeron dairə seçki komissiyasının sədri

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı