Modern.az

Həsən Həsənova “Tbilisinin fəxri vətəndaşı” adı verildi - FOTO

Həsən Həsənova “Tbilisinin fəxri vətəndaşı” adı verildi - FOTO

3 Oktyabr 2022, 17:02

Gürcüstanda keçirilən ənənəvi “Tbilisoba” bayramı çərçivəsində elm, mədəniyyət, incəsənət, siyasət və iqtisadiyyat sahələrində xüsusilə fərqlənən bir qrup ictimai-siyasi xadimə “Tbilisinin fəxri vətəndaşı” adı verilib.

 

Modern.az xəbər verir ki, “Tbilisinin fəxri vətəndaşı” adına layiq görülənlər arasında Azərbaycanın sabiq Baş naziri, keçmiş xarici işlər naziri Həsən Həsənov da var.

 

“Tbilisoba” şəhər bayramı çərçivəsində təltifetmə mərasimi keçirilib və şəhər meri Kaxa Kaladze fəxri adın plaketini və Tbilisinin rəmzi açarını Həsən Həsənova təqdim edib.

 

H.Həsənov gürcü dilində çıxış edərək Tbilisi merinə fəxri adla təltif edildiyinə görə təşəkkür edib və bu günü həyatının əlamətdar hadisəsi adlandırıb. O, 82 il bundan öncə doğulduğu Tbilisinin fəxri vətəndaşı adına layiq görüldüyünü, uşaqlıq və gənclik şəhərinə olan sevgisini ömrü boyu qoruyub saxladığını deyib.

 

Görkəmli dövlət xadimi 64 il bundan əvvəl Tbilisidən köçdüyünü, gürcü dilini xatırladığını və bunun mexaniki yaddaşın deyil, doğulduğu və boya-başa çatdığı Tbilisi və Gürcüstan torpağına sonsuz məhəbbətinin nəticəsi olduğunu bildirib.

 

O, vaxtilə görkəmli şəxsiyyət Heydər Əliyevin, hazırda isə Azərbaycanın dövlət başçısı İlham Əliyevin Gürcüstana böyük sevgi və rəğbətlə yanaşmasını məmnunluqla qeyd edib. Bildirib ki, Azərbaycan qonşu və dost Gürcüstan ilə dostluğa xüsusi dəyər verir. Onun sözlərinə görə, Gürcüstanın ağır günlərində Azərbaycan Prezidenti Gürcüstana qardaş köməyini əsirgəməyib, Gürcüstan da hər zaman çətin dövrlərdə Azərbaycanın yanında olub.

 

Həsən Həsənov Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında səmimi dostluq əlaqələrinin münasibətlərin dinamik inkişafına töhfə verdiyini xüsusi qeyd edib.

 

Mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Parlament sədri Şalva Papuaşvili, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze, digər rəsmi şəxslər, həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.

 

Qeyd edək ki, “Tbilisinin fəxri vətəndaşı” adının verilməsi ənənəsinin əsası 1979-cu ildə qoyulub. Bu ad müxtəlif sahələrdə fəaliyyət göstərən Gürcüstan vətəndaşlarına ölkə qarşısında xüsusi xidmətlər, ölkənin rifahı naminə davamlı fəaliyyət və yüksək peşəkarlığa görə təqdim olunur. Xarici ölkə vətəndaşları isə bu adla Gürcüstan və Tbilisi qarşısında xüsusi xidmətlərinə görə mükafatlandırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?