Kərküklü şagirdlərə yardım göndərilib - FOTOLAR

Kərküklü şagirdlərə yardım göndərilib - FOTOLAR

Aktual

3 Oktyabr 2022, 17:56

Azərbaycan Respublikasının İraq Respublikasındakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar İraqın Kərkük şəhərində yerləşən Füzuli adına orta məktəbin şagirdlərinə yardım göndərilib.

 

Modern.az xəbər verir ki, 120 ədəd məktəb çantası və müvafiq dərs ləvazimatlarından ibarət yardım oktyabr ayının 2-də Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nasir Məmmədov tərəfindən şagirdlərə təqdim edilib. Mərasimdə İraq Respublikasının Kərkük şəhərinin Təhsil baş idarəsinin rəisi Nurhan Xəlil Abdullah, İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turan və məktəb rəhbərliyi iştirak edib.

 

İraq və Azərbaycan bayraqları, eləcə də hər iki bayrağın əks olunduğu xüsusi döş nişanları ilə birlikdə müəllif Bəhram Bağırzadənin imzası ilə uşaqlar üçün “Şuşa” kitabı da çantalara əlavə edilib.

 

Qeyd edək ki, sözügedən təhsil ocağının 1-6-cı siniflərində, əsasən İraq türkmənləri olmaqla, ümumilikdə 120-yə yaxın şagird türkmən dilində təhsil alır.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən AIDA 2011-ci ildə təsis edilib və əsas məqsədi ölkəmizin beynəlxalq inkişafa yardım fəaliyyətinin əlaqələndirilməsi və həyata keçirilməsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandı