Modern.az

Ermənilər kütləvi məzarlıqları belə gizlədirmiş...

Ermənilər kütləvi məzarlıqları belə gizlədirmiş...

Aktual

4 Oktyabr 2022, 15:48

"Bu gün Xocavənd rayonunun Edilli kəndində meyit qalığı aşkarlanan 12 nəfər hərbçi olub. Onların üzərilərində hərbi kəmər və ayaqqabıların olması bunu sübut edir. Görünür, ermənilər əsir götürdükləri əsgərlərimizi güllələyib, orada qazıntı apararaq onları basdırıblar".

 

Bunu Modern.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının keçmiş üzvü qeyd edib ki, Edillidə aşkarlanan kütləvi məzarlıq ilk deyil:

 

"Biz bundan əvvəl bir çox kütləvi məzarlıq aşkar etmişik. Minalardan təmizləmə prosesi davam etdikcə, çox sayda belə kütləvi məzarlıq aşkara çıxacaq. Vaxtilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olmuşam. Hələ o vaxt bizdə belə məlumatlar vardı ki, həm mülki əhalimiz, həm də əsgərlərimiz girov götürüldükdən sonra güllələnib və belə kütləvi məzarlıqlarda basdırılıb”.

 

Çingiz Qənizadənin fikrincə, ərazilərin minalanmasının əsas səbəblərindən biri də məzarlıqların izinin itirilməsi olub:

 

“Bu ərazilərdə minaların basdırılmasının digər səbəbi gediş-gəlişi çətinləşdirmək, bununla da izi itirmək olub. İkinci Qarabağ müharibəsindən sonra biz 4 minə yaxın soydaşımızın taleyinə aydınlıq gətirilməsini tələb edirik. Lakin Ermənistan bununla bağlı heç bir məlumat vermir. Görünür, girov və itkin düşənlərin əksəriyyəti artıq həyatda yoxdur. Onlar güllənib, kütləvi məzarlarda dəfn ediliblər”.

 

Hüquq müdafiəçisi vurğulayıb ki, cəzasız qalan ermənilər beynəlxalq hüququ tapdalamaqdan belə çəkinmirlər:

 

“Ermənilərin bu əməlləri beynəlxalq hüquqa ziddir. Cenevrə Konvensiyasına görə, mülki əhaliyə və hərbi əsirlərə qarşı belə addımlar atmaq olmaz. Onlara əzab və işgəncə göstərmək, hətta onları qorxutmaq belə olmaz. Ermənistan isə cəzalandırılmayacağına əmin olaraq beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirir. Ermənilər yenə öz oyunlarını oynayırlar. Azərbaycan isə onları fakt qarşısında qoymaqla cəzalandırmağa müvəffəq olmalıdır. Mən düşünmürəm ki, bu hadisələri törədənlərin konkret kimlikləri müəyyənləşsin. Lakin baş verən hadisələrə görə Ermənistanın ozamankı hakimiyyət və hərbi birləşmələri məsuliyyət daşıyır. Beynəlxalq hüquq təmin olunaraq, Ermənistan sanksiyalara məruz qalacaq və kompensasiya ödəməli olacaq”.

 

Qeyd edək ki, erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi basdırdıqları daha bir məzarlıq tapılıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

 

Bu, Edilli kəndində ermənilərin azərbaycanlıları vəhşicəsinə öldürərək kütləvi basdırdıqları növbəti məzarlıqdır. Fevral ayında Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən olan 26 jurnalist Xocavəndin Edilli kəndində tapılan birinci məzarlıqda erməni vandalizmini lentə alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü