Modern.az

Azərbaycan Türkiyə ilə Yunanıstanı BARIŞDIRIR

Azərbaycan Türkiyə ilə Yunanıstanı BARIŞDIRIR

5 Oktyabr 2022, 10:46

Yunanıstanın energetika naziri Kostas Skrekasın Azərbaycana səfəri gözlənilir. Oktyabrın 18-nə planlaşdırılan səfər zaman yunan nazirin Bakıda bir sıra vacib görüşlər keçirəcəyi bildirilir. Danışıqların əsas mövzusunun təbii qaz təchizatı haqda olacağı ehtimal edilir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Qərb ölkələrinin qaz problemini həll etmək üçün Azərbaycana yaxınlığı diqqətdən qaçmır. Bu mənada Yunanıstan rəsmisinin Bakıya üz tutması iqtisadi danışıqlar fonunda yeni siyasi proseslərin başlanmasına təkan kimi qiymətləndirilir.

 

Doğrudur, Azərbaycana dost və strateji müttəfiq olan Türkiyənin Yunanıstanla münasibətləri yaxşı deyil. Bu ölkələr arasında siyasi təmaslarda ziddiyyətli məqamların olması Ankara və Afinanın yaxınlaşmasını ciddi şəkildə əngəlləyir. Belə olan halda Azərbaycanın İsrail-Türkiyə münasibətlərinin bərpasında olduğu kimi, Ankara və Afina arasında da barışcıl mövqedən çıxış etməsi gözlənilir. 

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, xarici siyasətdə dostluq və qardaşlıq məhfumu yoxdur, əsas məsələ ümumi maraqların olmasıdır:

 

“Bununla belə, Azərbaycan-Türkiyə əlaqələri "bir millət, iki dövlət" prinsipi əsasında formalaşıb. Bizim dövlət başçılarımız arasında yüksək səviyyəli şəxsi münasibətlər mövcuddur. Xarici siyasətdə daim Azərbaycan Türkiyəni, Türkiyə də Azərbaycanı müdafiə edir”.

 

Deputatın sözlərinə görə, Azərbaycan öz humanist addımları ilə ziddiyyətli siyasət yürüdən bəzi dövlətlər arasında əlaqələndirici rolunda çıxış edib. Bunu Türkiyə-Yunanıstan münasibətlərində də görə biləcəyik.

 

“Düşünürəm ki, Yunanıstanla Türkiyə arasındakı gərginlik yunan nazirin Bakıya səfəri zamanı danışıq predmeti ola bilər. Bundan öncə Yunanıstan səfirini qəbul edəndə cənab Prezident bu məsələdə öz mövqeyini ortaya qoymuşdu. Bir neçə gün öncə Yunanıstan rəhbərliyi Ermənistanda olarkən təkcə Türkiyəyə qarşı deyil, Azərbaycana qarşı da sübutsuz iddialar irəli sürmüşdü. Biz xarici siyasətimizi özümüz formalaşdırırıq. Azərbaycanın xarici siyasəti onun maraqları əsasında formalaşır. Bu məsələdə düşünürəm ki, Azərbaycan öz mövqeyini ortaya qoyacaq”.

 

Politoloq Cümşüd Nuriyev isə bildirib ki, Yunanıstanın energetika nazirinin Azərbaycana səfəri gözlənilən idi. Çünki Azərbaycan Respublikasının Prezidenti Bolqarıstanda səfərdə olanda Yunanıstanın Baş naziri ilə görüşmüşdü. Burada əsas məsələ Azərbaycan qazının Avropa bazarına çıxarılmasıdır. Ancaq burada tək iqtisadi maraqlar deyil, həm də siyasi maraqlar gözləniləcək.

 

 

Politoloq hesab edir ki, Azərbaycan-Yunanıstan münasibətlərinin yumşalması həm də Türkiyə-Yunanıstan gərginliyinin aradan qaldırılmasına hesablanıb:  

 

“Azərbaycan Prezidenti Türkiyənin maraqlarını qoruyur. Türkiyə-Rusiya gərginliyinin aradan qaldırılmasında və Türkiyə-İsrail münasibətlərinin yumşalmasında Prezident İlham Əliyevin rolu böyük olub. Bu məsələdə də İlham Əliyev öz missiyasını çox uğurla həyata keçirəcək”.

 

C.Nuriyev, həmçinin vurğulayıb ki, bəzi qüvvələr Yunanıstandan istifadə edərək Türkiyənin mövqeyinə xələl gətirmək istəyirlər:

 

“Yunanıstanda siyasi problemlərlə yanaşı, kifayət qədər ciddi iqtisadi problemlər də mövcuddur. Buna görə də, Yunanıstan hökuməti ölkədaxili gərginliyi yatırtmaq üçün Türkiyəyə qarşı addımlar atmaq istəyir. Ancaq yunan hökuməti başa düşməlidir ki, yanlış yoldadır. Yunanıstan bu gün provaslav ölkə kimi katolik Avropa dövlətlərinin marağında deyil. Bundan savayı, Yunanıstanda millətçiliyin baş qaldırması bəzi Avropa dövlətləri ilə onu üz-üzə qoyub. Belə şəraitdə Yunanıstanın Türkiyəyə qarşı addım atması ağıllı hərəkət deyil. Burada yanlışlıq var. Azərbaycan Yunanıstanın siyasi yanlışlıqlarını aradan götürməyi və Türkiyə-Yunanıstan münasibətlərinin yenidən yumşalmasını təmin etməyi bacaraq. Ona görə də, hesab edirəm ki, bu səfər həm də siyasi əhəmiyyət daşıyır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı