Modern.az

Xocalı qatilləri cəzalandırılsaydı, Gəncə terroru olmazdı - DEPUTAT

Xocalı qatilləri cəzalandırılsaydı, Gəncə terroru olmazdı - DEPUTAT

Aktual

6 Oktyabr 2022, 13:00

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından iki il ötür. 2020-ci ilin oktyabrın 4-də ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.

 

Düşmən tərəfindən Gəncənin bombalaması nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

 

Bundan bir gün sonra - 2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri yenidən atəşə tutulub. Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

 

Ermənistanın raket hücumları müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda böyük faciəyə səbəb olub. Ümumilikdə Vətən müharibəsi dönəmində ermənilər 5 dəfə Gəncəni raket hücumuna məruz qoyublar.

 

İki il öncə baş vermiş dəhşətli hadisələri xatırlayan Gəncənin deputatı Müşfiq Cəfərov Modern.az-a açıqlamasında Ermənistanın Birinci Qarabağ müharibəsindən bu yana törətdiyi cinayətlərə də diqqət çəkib. Deputat qeyd edib ki, 1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başlayıb:

 

"Təəssüf ki, bu günə kimi davam edən münaqişə boyunca düşmən Azərbaycan xalqına qarşı dəfələrlə soyqırımlar, beynəlxalq cinayətlər törədib. 1992-ci ildə Ermənistanın əvvəlki terrorçu hakimiyyəti xalqımıza qarşı  müharibə cinayəti – Xocalı soyqırımını törədib. Günahsız mülki şəxslər vəhşicəsinə, qəddarcasına öldürülüb. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş müxtəllif illərdə baş verən Xocalı soyqırımı, Gəncə terroru  öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Mən düşünürəm ki, istər Xocalı, istərsə də Gəncə terroru bütün bəşəriyyətə qarşı cinayətdir. Lakin hələ də Xocalı soyqırımı layiqli dəyərini almayıb. Əgər vaxtilə Xocalıya görə cinayətkarlar cəzalandırılsaydılar, XXI əsrdə Gəncə terroru baş verməzdi. Azərbaycan hökuməti xarici ölkələrdə davamlı olaraq bu cinayətlər barədə təbliğatlar aparıb, dünyanı məlumatlandırır. Yenə də beynəlxalq təşkilatların rəyı bütün bu bəşəri cinayətləri görməzdən gəlir.

 

Qeyd edim ki, İkinci Dünya müharibəsindən sonra dünyanın 151 yerində 231 silahlı konflikt baş verib, bütün bu müharibələrin içində öz miqyası, qəddarlığı, insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları vardır ki, onlara heç cür haqq qazandırmaq mümkün olmayacaq. Təkcə Azərbaycan tarixinin deyil, bütün bəşər tarixinin ən dəhşətli hadisələrindən biri məhz Ermənistan hakimiyyətinin Azərbaycan xalqının sivil insanlarına qarşı törətdiyi həmin cinayət aktlarından biridir.

 

2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin 5 dəfə ayrı-ayrı günlərdə bombalanması XXI əsrin cinayətidir". 

 

Deputat qeyd edib ki, Ermənistan 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarını pozub: 

 

"Habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələbləri açıq-aşkar pozuldu və Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisi qəsdən hədəfə almaqla yaşayış məntəqələri ağır artilleriyadan atəşə tutuldu. 

 

Bu gün müasir dövrün bizə verdiyi bütün imkanlardan maksimum istifadə edərək, Gəncə terrorunun əsl terror aktı olduğunu beynəlxalq aləmə tanıtmalıyıq. Əgər biz bu yöndə boşluqlar buraxsaq, təbii ki, erməni terrorunu görməzdən gəlməkdə israrlı olan dünya birlik və təşkilatları buna layiqincə qiymət verməyəcəkdir".

 

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu