Modern.az

“Praqa görüşü İlham Əliyevin diplomatik qələbəsidir”- Deputat

“Praqa görüşü İlham Əliyevin diplomatik qələbəsidir”- Deputat

7 Oktyabr 2022, 16:16

“Praqa görüşü Prezident İlham Əliyevin diplomatik qələbəsidir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Deputat qeyd edib ki, oktyabrın 6-da Praqada baş tutan görüşdə Azərbaycan tərəfi Ermənistanı fakt qarşısına qoyaraq əksər tələbləri ilə razılaşmağa məcbur edə bilib:

 

“Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən görüş bir çox baxımdan mühüm tarixi-siyasi əhəmiyyətə malikdir. Bu görüş və onun nəticələri Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin tarixi qələbəsi hesab edilə bilər. Çünki bu hadisə son 30 ildə yeganə faktdır ki, Azərbaycan tərəfi özünün bütün şərtlərini Ermənistana qəbul etdirməyi bacarıb. Daha doğrusu, rəsmi İrəvanı məcbur edib ki, Azərbaycanın şərtlərini qəbul etsin, bu şərtlərlə razılaşsın. Bu baxımdan, Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə böyük zəfəridir və bu zəfər dövlətimizin hərbi platformada olduğu kimi, siyasi platformada da güc sahibi olduğunu göstərir”.

 

Deputat bildirib ki, Praqa görüşü Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün ciddi zəmin yaradıb, əksər problemli məqamlara aydınlıq gətirib:

 

“2020-ci ilin 10 Noyabr Bəyannaməsi 44 günlük Vətən müharibəsinə, hərbi əməliyyatlara son qoydu. Ermənistan həmin Bəyyanmə ilə üzərinə bir sıra öhdəliklər götürmüşdü ki, sonrakı dönəmdə bu öhdəlikləri yerinə yetirməkdə imtina edir, sülh sazişinin imzalanmasını süni şəkildə uzatmağa çalışırdı. Lakin müharibədən sonra Azərbaycan tərəfinin ortaya qoyduğu hərbi-siyasi qətiyyət, Ermənistanın üzləşdiyi ümidsiz vəziyyət onu rəsmi Bakının şərtlərini qəbul etmək məcburiyyəti ilə üz-üzə qoydu. Nəhayət, Ermənistan hakimiyyəti anladı ki, Azərbaycanın sülh çağırışlarını qəbul etmədən heç bir uğura, heç bir tərəqqiyə nail ola bilməyəcək”.

 

Vahid Əhmədov qeyd edib ki, Praqa görüşü ümumilikdə kifayət qədər məhsuldar keçsə də, Ermənistanın baş naziri Paşinyan bu görüşdə də bəzi məqamlarla bağlı konkret mövqe ortaya qoya bilməyib:

 

“Paşinyan Praqada Azərbaycanın irəli sürdüyü bir sıra şərtləri qəbul etdiyini, dövlətimizin ərazi bütövlüyünü tanıdığını bildirsə də, bəzi məsələlərlə bağlı yenə də susqunluq sərgilədi, qeyri-müəyyən davranış ortaya qoydu. Bunlardan biri Naxçıvana avtomobil yolu üçün marşrutun verilməsi məsələsi ilə bağlı oldu. Cənab Prezident mediaya açıqlamasında qeyd etdi ki, Ermənistanın baş nazirinə avtomobil yolu üçün marşrutun verilməsi ilə bağlı müraciət etsə də, Paşinyan bu məsələni cavablandırmayıb. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, regionda bütün kommunukasiyaların açılmasında maraqlıdır və xüsusilə də Naxçıvana dəmir yolu və avtomobil yolunun  açılmasını vacib sayır. Ancaq göründüyü kimi, Ermənistan tərəfi Praqa görüşündə də bu məsələyə aydınlıq gətirmədi.

 

Hesab edirəm ki, Azərbaycanın şərtlərini qəbul edən, rəsmi Bakı ilə sülh sazişi imzalamaqdan başqa yolunun olmadığını bilən Paşinyanın Naxçıvana dəhliz məsələsində susqunluq sərgiləməsi onun müstəqil iradəyə malik olmadığını göstərir. Bu fakt bir daha onu gösdtərir ki, Ermənistanın müstəqilliyi formaldır və bu dövlət müəyyən qüvvələr, kənar güclər tərəfindən idarə olunur. Məhz buna görə də Paşinyan dəhliz məsələsində müstəqil qərar verə, fikir bildirə bilmir. Qorxur ki, onun deyəcəyi söz, bildirəcəyi fikir himayədarlarının xoşuna gəlməyə, onları qane etməyə.

 

Şübhəsiz, Paşinyanın bu məsələdəki susqunluğu Ermənistan üçün xilas yolu deyil və inanıram ki, rəsmi İrəvan gec-tez bu məsələyə də aydınlıq gətirməyə, Azərbaycanın şərtini qəbul etməyə məcbur olacaq”.

 

Deputat Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün ciddi səy göstərən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səylərinin də təqdirəlayiq olduğunu vurğulayıb:

 

“Biz son 30 il ərzində beynəlxalq təşkilatların, dünyanın qabaqcıl dövlətlərinin Ermənistanın işğal və təcavüzkarlıq siyasətini laqeydliklə seyr etdiyinə şahdi olduq. Gördük ki, sözdə insan haqlarından, insan hüquqlarından bəhs edən, bu hüquqların aliliyindən danışan beynəlxalq təşkilatlar əməli baxımdan yüz minlərlə Azərbaycan vətəndaşının erməni işğalı nəticəsində pozulan hüquqlarının müdafiəsi istiqamətində heç bir addım atmadı. Heç bir beynəlxalq təşkilat, dünyanın aparıcı dövləti işğalçılıq siyasətindən əl çəkməsi üçün Ermənistana təzyiq göstərmədi. Məhz buna görə də 30 ildən sonra – 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan bu problemi hərbi yolla həll etmək məcburiyyəti qarşısında qaldı. Azərbaycan əsgəri dünya dövlətlərinin, beynəlxalq təşkilatların 30 ildə həll edə bilmədiyi, daha doğrusu, həll etmək istəmədiyi problemi cəmi 44 gün içərisində həll etdi.

 

Sevindiricidir ki, Avropa İttifaqı Şurası və onun Prezidenti Şarl Mişel bəlli bir müddətdir, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmağa cəhd edir, bu məsələdə ciddi təşkilatçılıq və vasitəçilik missiyası həyata keçirir. Bildiyiniz kimi, Şarl Mişelin bu səyləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilməkdədir. Hesab edirəm ki, uzun illər ərzində Ermənistanın işğalçılıq siyasətini biganəliklə seyr edən, Azərbaycanın haqq səsini duymaq istəməyən digər beynəlxaql təşkilatlar Avropa İtifaqı Şurasının fəaliyyətindən ibrət götürməli, sözdə deyil, praktiki müstəvidə pozulan insan haqlarının müdafiəsini təmin etməli, rəsmi Bakının sülh cəhdlərini dəstəkləməlidir”.

 

Parlament üzvü regionda sülhün və sabitliyin təmin edilməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da böyük əmək sərf etdiyini vurğulayıb:

 

“Qardaş Türkiyə dövləti həm 44 günlük Vətən müharibəsində, həm də post-müharibə dönəmində Azərbaycana mənəvi-diplomatik baxımdan böyük dəstək verdi və bu gün də verməkdədir. Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan bu müddət ərzində dəfələrlə Ermənistan hakimiyyətinə çağırışlar etdi, rəsmi İrəvanı Azərbaycanın sülh səylərini dəstəkləməyə, regionda vəziyyəti gərginləşdirməkdən imtina etməyə çağırdı. Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən görüşlər əsnasında da cənab Ərdoğan Azərbaycana dəstək xarakterli bəyanatlar səsləndirdi, Ermənistanı bir daha sülhə, əməkdaşlığa çağırdı. Qardaş Türkiyənin, onun prezidentinin bu cəhdləri regionumuzda sülhün, sabitliyin bərpası istiqamətində atılan mühüm addımlardır və bu addımlar Azərbaycan xalqı tərəfindən təqdirlə qarşılanır”.

 

Vahid Əhmədov qeyd edib ki, Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün bütün addımları atıb və artıq hər şey Ermənistan hakimiyyətindən, onun bu məsələdə üzərinə düşən məsuliyyəti nə dərəcədə dərk etməsindən asılı olacaq:

 

“Paşinyan Praqada sülh sazişinin imzalanması üçün zəruri olan prinsipial məqamlarla bağlı Azərbaycan tərəfinin şərtlərini qəbul etdiyini bildirdi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Hansı ki, Ermənistan tərəfi bu günə kimi bunların heç birini dilinə gətirməmişdi. “Dəmir yumruq” əməliyyatı nəticəsində “ağıllanan” Ermənistanın baş naziri Praqa görüşündə bu fikirləri səsləndirdi. Ancaq Praqa görüşü və bu görüş nəticəsində əldə edilən nəticələr hələ sülh sazişi deyil, bu saziş üçün zəmindir. Azərbaycan Ermənistanla münasibətlərini tənzimləmək, regionda davamlı sülhün və sabitliyin bərqərar olmasını təmin etmək üçün bütün lazımi addımları atıb. Bundan sonra hər şey Ermənistan hakimiyyətindən, onun bu həssas məqamda üzərinə düşən məsuliyyəti nə dərəcədə dərk etməsindən asılı olacaq.

 

Əgər rəsmi İrəvan post-müharibə dönəminin reallıqlarını lazımınca dərk edəcəksə, Azərbaycanın sülh cəhdlərini dəstəkləməyin hər şeydən öncə Ermənistanın öz mənafeyi üçün sərfəli olduğunu anlayacaqsa, o zaman yaxın gələcəkdə biz sülh sazişinin imzalanmasına şahid olacağıq. Yox əgər rəsmi İrəvan yenə hansısa bəhanələrlə prosesi uzatmağa çalışacaqsa, məntiqsiz fikirlər, məsuliyyətsiz bəyanatlar səsləndirəcəksə, o zaman sülh sazişinin imzalanması yenə də təxirə düşəcək. Bu isə iqtisadi-sosial böhran, ağır siyasi gərginlik, kommunuksiya blokadası yaşayan Ermənistan üçün daha ciddi problemlər demək olacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?