Modern.az

Qadınların əmək hüququ genişləndirilir - YENİLİK

Qadınların əmək hüququ genişləndirilir - YENİLİK

Aktual

7 Oktyabr 2022, 16:36

Oktyabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda gündəliyə daxil olan 4 məsələ ilə bağlı komitənin sədri Musa Quliyev məlumat verib. Əvvəlcə komitə sədri müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (ikinci oxunuş) təklif olunan dəyişikliklərin mahiyyətini açıqlayıb. O, dəyişikliklərin pensiya artımlarının vahid indeksasiya metodunun tətbiqinin genişləndirilməsi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmək pensiyaçılarına edilən maddi yardımın pensiyaya əlavə edilməsi istiqamətləri üzrə ətraflı izahat verib, həmçinin xüsusi şərtlərlə pensiya alan pensiyaçıların pensiyalarının indeksləşdirilməsi mexanizmlərinin tətbiqinin üstünlüklərinə toxunub.

 

Musa Quliyev gündəliyin ikinci məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) insan kapitalının inkişafı sahəsində ölkədə həyata keçirilən işlərin davamı kimi xarakterizə edib. Layihə işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması kimi məsələlərin hüquqi tənzimlənməsini nəzərdə tutur. Həmçinin dəyişikliklərə əsasən, işçilərin attestasiyası, ixtisarı kimi hallarda işçinin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

 

Gündəliyin üçüncü məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verərkən Musa Quliyev bildirib ki, bu dəyişikliklər Azərbaycanın gender bərabərliyi siyasətinə növbəti töhfədir. O, təklif olunan qanun layihəsinin qadınların əmək hüququnun daha da genişləndirilməsinə, qadınların daha çox əməkhaqqı ödənilən sahələrə çıxışına olan məhdudiyyətlərin azaldılmasına xidmət etməsindən danışıb. Qeyd olunub ki, Əmək Məcəlləsinə təklif olunan bu dəyişikliklər 674 adda peşədə (vəzifədə) qadınların əməyinə qoyulan qadağanı ləğv edir, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara 204 iş yeri və ya peşədə işləməyə məhdudiyyət qoyur.

 

Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirib ki, sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə, şəhid ailələrinin maliyyə dəstəyinin mənbələri artırılıb.

 

Qanun layihələrinin müzakirələrində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Vüqar Bayramov, Arzu Nağıyev, Jalə Əliyeva, Aqil Məmmədov, Rauf Əliyev, Sevinc Hüseynova və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər, fikirlərini səsləndiriblər.

 

Sonra gündəlikdəki 4 qanun layihəsinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Onlayn iclasda deputatlar Soltan Məmmədov, İlham Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı