Modern.az

Rotterdamda Zəfər Günü qeyd edilib

Rotterdamda Zəfər Günü qeyd edilib

Aktual

2 Noyabr 2022, 16:08

Niderland Krallığının Rotterdam şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. 

 

Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Qarabağ” idman klubunun ofisində baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Sonra Prezident, Müzəffər Ali Baş Komanda İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq Zəfərə həsr olunmuş film nümayiş etdirilib.

 

Tədbirdə çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov və Azərbaycanın Niderlanddakı səfirliyinin birinci katibi Səbinə Sadıqlı diasporumuzu və xalqımızı böyük bayram münasibətilə təbrik ediblər. İki il öncə xalqımıza böyük sevinc bəxş edən hadisələrdən, Azərbaycan hərbçilərinin qəhrəmanlığından söz açılıb. E.Məmmədov həm də Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü  ilə bağlı Niderlanddakı Azərbaycan icmasının adından qardaş türk xalqını təbrik edib.

 

Tədbirin bədii hissəsini Haarlem şəhərində fəaliyyət göstərən “Körpə fidanlar” uşaq musiqili teatr qrupu açıb. Qrupun ifasında Zəfər bayramına həsr olunmuş şeir və mahnılar səsləndirilib. Bayram münasibətilə “Körpə fidanlar”ın üzvlərinə hədiyyələr bəxş edilib.

 

Konsert proqramını BAK Ağsaqqallar Şurasının rəhbəri İlham Babayev, “Odlar Yurdu” Assosiasiyasının üzvləri Frəngiz Bağırova və Nemətağa Əliyev davam etdiriblər. Onlar Azərbaycan xalq mahnılarını və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.

 

Tədbirin gedişində 11 yaşlı Nisə Mirzəzadənin rəssam kimi tərtib etdiyi “Het geheim van Karabakh” (“Qarabağın sirri”) adlı kitabı Benilüks Azərbaycanlıları Konqresinə təqdim edilib.

 

Tədbir “Yaşasın Azərbaycan Ordusu!”, “Yaşasın qalib Azərbaycan xalqı!” şüarlarının birlikdə səsləndirilməsi ilə başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı