Modern.az

Şuşanın azad edilməsindən 2 İL ÖTÜR

Şuşanın azad edilməsindən 2 İL ÖTÜR

Aktual

8 Noyabr 2022, 00:00

Şuşa şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümüdür.

 

Modern.az xatırladır ki, Azərbaycan Ordusu 2020-ci ilin noyabrın 8-də Şuşanı işğalçılardan təmizləyib.

 

Qəhrəman hərbçilərimiz sıldırım qayaları aşaraq, küçə döyüşləri ilə Şuşanı azad etməklə tarixi zəfərə imza atıblar.

 

2020-ci ilin 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıdakı Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.

 

Dövlət başçısı müraciətində bildirib: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!


Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

 

Şuşanın azad edilməsi müharibənin taleyinə ciddi təsir göstərib və bir gün sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olub.

 

Şuşanın işğalçılardan azad edilməsi dünya hərb tarixində unikal əməliyyatlar siyahısına düşüb. Azərbaycan əsgəri dağlar, dərələr, meşələr keçərək, onlarla kilometr yolu piyada qət edib, müqəddəs şəhərini dişinə qədər silahlanmış düşməndən texnikasız, yüngül silahlarla, süngü-bıçaqla qurtarıb.

 

İndi qabaqcıl ölkələrin hərbi akademiyaları təkcə Şuşanın azad edilməsini deyil, bütünlükdə 44 günlük “Dəmir yumruq” əməliyyatını öyrənir. Azərbaycanın Qarabağın işğaldan azad etməsi ilə nəticələnmiş yeni nəsil müharibə strategiya və taktikası artıq nümunəyə çevrilib, hərbi məktəblər, akademiyalar bu müharibənin nəticələrindən bəhrələnir.

 

Azərbaycan unikallığını təkcə hərbi əməliyyatlarda deyil, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasında da nümayiş etdirir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu