Modern.az

“İran xərab şod...”

“İran xərab şod...”

10 Noyabr 2022, 16:54

Məqaləyə qoyduğum başlığı illər öncə öz qızını Türkiyədəki universitetlərdən birinə oxumaq üçün gətirən soydaşımız olan urmiyalı bir professor səsləndirmişdi. Adını xatırlamıram, təsadüfən görüşmüşdük. İranda vəziyyətin necə olduğunu soruşduqda, mənimlə öz Ana dilimizdə danışan professor birdən-birə farsca “İran xarabaya çevrildi (İran xərab şod)”, – söylədi. Bu ifadəni dilinə gətirərkən üzündəki məyusluğu oxumuşdum. Hər dəfə manqurtlaşdırılmış vətən xainləri “kərimə dövləti”ndən danışdıqda, rejimdən usanmış iranlıların küçələrə axışıb teokratik rejimə üsyanlarını izhar etdikdə professorun bu ifadələrini xatırlayıram.

 

Bu gün İran, təəssüf ki, böyük bir həbsxananı xatırladır və bu zindanın sahibləri və onların sözlərini “ilahi kəlam” kimi qəbul edən qaragüruhçular həbsxanalarının fəzilətindən dəm vururlar, onlara bənzəmədiyimiz üçün bizə hədə-qorxu gəlirlər. Yenə təəssüf ki, az da olsa, ölkəmizdə onların təbliğat maşınının qurbanlarına çevrilmiş insanlara rast gəlirik...

 

İranda 1979-cu ildə Şah rejimi devrildikdən sonra keçirilən referendumda insanların qarşısına, sadəcə, iki seçim qoyulmuşdu: monarxiyanımı, yoxsa “İslam respublikasını”mı istəyirsiniz? Çox sayda ziyalı və böyük din xadimləri buna etiraz etdilər. Etiraz edənlərin başında Ruhullah Xomeynini edamdan xilas edən və o dövrdə İranın ən böyük din alimi (mərcəyi-təqlid) hesab olunan təbrizli – Azərbaycan türkü ayətüllahil-üzma Seyid Məhəmmədkazım Şəriətmədari (1906-1986) gəlirdi. Şəriətmədari vurğulayırdı ki, İran xalqının qarşısına iki seçim qoymaq doğru deyil, çünki onlar şah istibdadından onsuz da təngə gəliblər və əlbəttə ki, başqa seçimləri olmadığı üçün teokratik rejimi dəstəkləyəcəklər. İnsanlara üçüncü bir yolu, cəmiyyətin bütün təbəqələrinin hüququnun qorunduğu demokratik bir rejimi də təklif etmək lazımdır.

 

O, həmçinin “mütləq vilayəti-fəqih” prinsipinə də qarşı çıxıraq deyirdi ki, əgər dövləti din xadimi idarə edərsə, həm özünü, həm də dini hörmətdən salar. Əlbəttə ki, onun təklifləri qəbul olunmadı, əksinə, ev həbsinə atıldı, vaxtilə ölümdən xilas etdikləri qondarma bir “alimlər birliyi” yaradaraq, heç bir əsası olmadan və şiə məzhəbinin tarixi ənənəsinə zidd olaraq Şəriətmədarinin müctəhidliyinin əlindən alındığını elan etdilər. Bu böyük din alimi Təbrizdə ev həbsində vəfat etdi. Zaman isə mərhum Şəriətmədarini haqlı çıxardı. Bu gün İran xalqı rejimə olan nifrətini dinə və din xadimlərinə çevirib. Sosial şəbəkələrdə hər gün İranın müxtəlif şəhərlərində din xadimlərinin sözlü və fiziki təhqirlərə məruz qaldığını izləyirik. İran cəmiyyəti, artıq get-gedə dindən çox sürətli şəkildə uzaqlaşır. Bax, budur “İslam rejimi”nin dinimizə “xidməti”.

 

Qumdakı elmi-dini hövzənin müəllimlərindən olan Höccətilislam Məhəmməd Zəkai 2022-ci ilin mart ayında İrandakı mövcud vəziyyətlə bağlı öz fikirlərini cəmiyyətlə bölüşdü. Onun fikirləri İrandakı real durumu çox dəqiqliklə və bütün çılpaqlığı ilə üzə çıxarır. Zəkayi belə deyir: “Son zamanlar virtual məkanda ruhanilərin ölümünün sevinclə qarşılandığı müşahidə olunur. İnsan ölümü ilə bağlı bu sevincin səbəbi nədir? Dünyanın harasında bir ölkənin əhalisi tanımadığı şəxsin ölümünə bu qədər həyəcanlanır?! Bir insanın ölümü sevincə səbəb ola bilərmi? Diqqətlə baxsaq görərik ki, xalqın sevinci insan ölümü ilə bağlı deyildir. Onların şadyanalıqları bir fikrin, radikal bir düşüncənin ölümünə olan sevincdir ki, bu, həmin düşüncəni təmsil edən bir şəxsin ölümünə olan sevincdə özünü büruzə verir. Bu isə həmin inancın gələcəyi üçün çox təhlükəlidir. Çox da uzaq olmayan gələcəkdə, əvvəlki nəsillərin həyatlarını tərk edəcəyi bir vaxtda gənc nəsillər arasında dinə inanmaq əvvəlki kimi populyar olmayacaq.  Bu gün insanların bir din xadiminin ölümünə sevinmələri xalqın hakim siyasi ideologiyaya qarşı olan dərin və ürəkdən etirazının ilk əlamətidir. Xalqın böyük hissəsi öz yoxsulluğunun və səfalətinin səbəbini bu ideologiyada (siyasi islamda) görür və hər hansı bir din xadiminin ölümünü sevinclə qeyd edir.  Görünən odur ki, din adı ilə aparılan siyasət və hakimiyyət ölkəmizdə dinə və məzhəbə xeyli ziyan vurub. İnsanlar arasında dini inanclardan uzaqlaşmadan hər birimiz artıq xəbərdarıq. Televiziyamızda ancaq dini ictimaiyyət göstərilir, lakin əslində, hamımız bilirik ki, insanların bir çoxunun arasında  din deyilən bir amil yoxdur. 43 ildə insanların nəinki etiqadını artıra bilmədik, heç olmasa, mövcud olanı belə saxlaya bilmədik. Milyardlarla büdcə ayıraraq onlarca dini qurum və elmi-dini hövzələr inşa etdik, amma praktikada onların nəticəsi mənfi olmasa da, müsbət olmadı. Çarə düşünməli, əsl İslamla heç bir əlaqəsi olmayan siyasi İslamdan əl çəkməli, xalqın düzgün islami tərbiyəsinin təşkili istiqamətində addımlar atmalıyıq. Bizim təbliğ etdiyimiz əsla İslam dini deyil....” (//negaam.news/617682-2/)

 

İran rejimi öz xalqının gözündə, artıq legitimliyini itirib. İtirməklə qalmayıb, nə qədər ironik olsa da təəssüf ki, “İslam” respublikası islami dəyərləri xalqın gözündən salmağa da müvəffəq olub. Həmçinin rejimin xarici siyasəti onu bütövlükdə İslam dünyasında da hörmətdən salıb. İranın 44 günlük Vətən müharibəsindəki mövqeyi bunun bariz nümunəsidir. Özünü “İslam Respublikası” adlandıran bir dövlət müsəlman qardaşına dəstək olmaq bir yana, Ermənistanın mövqeyini açıq-aşkar müdafiə etdi və bu gün də etməkdədir. Xocalı soyqırımında yüzlərlə müsəlmanı qətlə yetirən, islami dəyərləri təhqir etmək üçün məscidləri donuz tövləsinə çevirən bir ölkənin başçısını “hacıağa, befərmayid” – deyə salamlayanlar bilməlidirlər ki, Azərbaycan xalqının nifrətini qazandılar. Vətən Müharibəsi İrandan ötrü Azərbaycan xalqının rəğbətini qazanmaq üçün tarixi bir fürsət idi, ancaq İran bu fürsəti dəyərləndirmədi. Halbuki başda Ərdəbilin imamcüməsi olmaqla, İranın təbliğat maşınının sadiq müridləri illərlə bizə üz tutaraq, “Siz torpaqlarınızı azad edin, biz də sizə dəstək verərik”, – deyirdilər. Əslində, onlar bunu deməklə “Siz torpaqlarınızı əsla azad edə bilməzsiniz”, – demək istəyirdilər. Azərbaycan xalqı Ali Baş Komandanın başçılığı ilə Ermənistana və onun havadarlarına yaxşı dərs verdi, torpaqlarımızı düşmən tapdağından xilas etdi. Müharibə dövründə “Sizə dəstək verərik”, – deyənlər ermənilərə himayədarlıq etməklə riyakarlıqlarını nümayiş etdirdilər.

 

İran Azərbaycanla qonşu dövlətdir. Bu ölkə ilə bizim tarixi bağlarımız var, ən azından, Pəhləvilərə qədər min il “İran” adlanan ərazini bizim əcdadlarımız, türk sülalələri idarə ediblər. Bu gün İranda 30 milyondan çox soydaşımız yaşayır. Azərbaycan Dövləti bütün bunları nəzərə alaraq, heç vaxt İrana qarşı düşmənçilik mövqeyindən çıxış etməyib. Ölkə başçımız Qarabağın Arazboyu ərazilərinə gedəndə Azərbaycan-İran sərhədini “dostluq sərhədi” adlandırmışdı. Bu, əslində, müharibədə ermənilərə dayaq duran İrana sözügedən tarixi bağların xatırladılması və Azərbaycan Dövlətinin xoş məramının bir ifadəsi idi. Bu dostluq məramının müqabilində İran rejimindən düşmən münasibəti gördük. İranın televiziya kanalları ölkəmiz və ərazi bütövlüyümüz əleyhinə təbliğata başladı. 28 illik işğal dövründə Qarabağla sərhəddə təlim keçirməyən İran rejiminin, nədənsə, ağlına birdən-birə təlim keçirmək düşdü. Birinci təlimin adı da, fikrimcə, xüsusi seçilmişdi: “Fatihani-Xeybər”, yəni “Xeybər fatehləri”. Xeybər Həzrət Peyğəmbər (s) dövründə Ərəbistanda yəhudi qəbilələrinin yaşadıqları bir yer idi. Bu qəbilələr bütpərəst ərəblərlə birləşərək, müsəlmanlara qarşı vuruşmuş, nəticədə Həzrət Əlinin (ə) komandanlığı altında Xeybər qalası fəth olunmuşdu. İslami adları və hadisələri istismar etməkdə pərgar olan İran bu dəfə də guya Qarabağda İsrail bazalarının olduğuna dair yalanlarını ifadə etmək üçün təlimlərinə sözügedən adı qoymuşdu. Son təlimlərində isə Araz çayı üzərində körpü qurulması əməliyyatını keçirərək, guya Azərbaycana mesaj verdilər. Əslində, Azərbaycan xalqı sizin mesajınızı yaxşı anladı.

 

Xalq olaraq aldığımız mesaj odur ki, illərdir İranda səsləndirilən “Biz Azərbaycanın dostuyuq” nəqarəti böyük bir yalandan ibarət imiş. İranın, artıq təbliğat maşınının içüzü ifşa olundu, “Biz İslamın, şiəliyin dayağıyıq” iddiasının puçluğu ortaya çıxdı. İnanclı insanlarımızı aldatma təşəbbüsləri də iflasa uğradı. İndi Azərbaycan müsəlmanları yaxşı dərk edirlər ki, bizə dost olduğunu iddia edən bir dövlətin rəsmiləri müsəlman məscidlərini donuz tövləsinə çevirənləri qucaqlayıb öpürlərsə, “befərmayid, hacıağa” deyirlərsə, bunun tək bir adı var: riyakarlıq. Bu riyakarlığı 50 milyonluq dünya azərbaycanlıları onlara bağışlamayacaq.

 

Tarix əksini desə də, biz yenə İranın öz səhvlərindən nəticə çıxaracağına ümid etmək istəyirik. Necə deyərlər, ümid sonda ölür...

 

Aqil Şirinov 

Azərbaycan İlahiyyat Universitetinin rektoru

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi