İran 1979-cu ildə monarxiyanın devrilməsi ilə ali lider Ayətullah Xomeyninin siyasi nəzarəti altında İslam respublikasına çevrilib. İranın 80 milyonluq əhalisinin böyük əksəriyyəti şiə müsəlmanlardır və bu ölkə regionda aparıcı şiə dövləti hesab olunur. Əsas xarici və daxili siyasət məsələlərində son sözü hazırkı dini ali lider Əli Xamenei söyləyir.
Hazırda İslam Respublikası olan İran sonuncu şahı Məhəmməd Rza Pəhləvinin amerikapərəst xarici siyasətini kəskin şəkildə dəyişib. Ona görə də İranın ikitərəfli münasibətləri bəzən qarışıq və ziddiyyətli olur.
İran hazırda 97 ölkə ilə diplomatik əlaqələr saxlayır. Buna baxmayaraq, İran İraqı qabaqlayaraq dünyanın ikinci ən az beynəlxalq nüfuza malik ölkəsidir. İslamçılıq və nüvə silahının yayılması İranın xarici əlaqələri ilə bağlı problemlərindən biridir. Buna görə də İran beynəlxalq ictimaiyyətdə artan siyasi və iqtisadi təcridinə görə bütün dünyada yeni müttəfiqlər axtarışındadır.
İranın müttəfiq və dost ölkələri hansılardır?
"Müsəlman"la kafirin dostluğu...
Elə çox uzağa getmədən başlayaq İran-Ermənistan dostluğundan...
Dini və ideoloji fərqlərə baxmayaraq, Ermənistan və İran arasında münasibətlər hər kəsi təəccübləndirməyə davam edir. Ermənistan İranı regionda strateji tərəfdaş olaraq hesab edir. İrandakı xristian erməni azlığı da ölkədə vacib qüvvələrdən sayılır. Ermənistanın Rusiyadan asılılığını azaldan və gələcəkdə İran qazını Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya çatdıra biləcək enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda İranı Ermənistana yaxınlaşdıran səbəblərdən biri də Türk düşmənliyidir.
İranın uzun illərdir türk düşməni olduğu hər kəsə məlumdur, ona görə də son illərdə İran Ermənistanın havadarlarından birinə çevilib. 30 il ərzində Qarabağın işğalına səs çıxarmayan İran Azərbaycanın qələbəsindən sonra daha da azğınlaşıb. İş o yerə çatıb ki, İran hətta Azərbaycanla sərhədə olan Qafanda baş konsulluq açmaqdan belə çəkinməyib. İranın Ermənistana hərbi dəstək verməsi ilə bağlı məxfi məlumatlar var. Rəsmi təsdiqlənməsə də, İran pilotsuz uçuş aparatlarını, digər hərbi silahları gizli yollarla Ermənistana ötürür.
Əsədin dəstəkçisi...
Suriya da İrana dost və müttəfiq ölkələr arasındadır. Suriya prezidenti Bəşər Əsəd hökuməti bir neçə beynəlxalq qarşıdurmada İranın tərəfində olduğunu açıq şəkildə bildirib.
İran da ənənəvi olaraq Suriya rəhbərliyini dəstəkləyir və üsyançılar, cihadçı qruplarla mübarizədə Suriya ordusuna hərbi və şəxsi heyətlə dəstək verir. Suriya həm də İranın Livandakı şiə Hizbullah qruplaşmasına silah daşımaları üçün əsas tranzit məntəqəsidir. İran başqa ölkələrə narkotik qaçaqmalçılığını məhz Suriya üzərindən həyata keçirir.
Əlcəzair istisnadır...
İranın şiə təmsilçisi olaraq sünni təriqətli ölkələrlə əlaqələri elə də yaxşı deyil. Lakin Əlcəzair İranla dostluq edən azsaylı ərəb və sünni ölkələrindən biridir. İran həm də Yaxın Şərqdə Əlcəzairin dəstəklədiyi üsyançı hərəkat olan “Polisario Cəbhəsi”nə dəstək verən dövlətlərdən biridir.
İran Çinə güvənir...
Çin də İranla dost ölkələr siyahısında yer alır. Avropa İttifaqı və ABŞ İranı həm siyasi, həm də iqtisadi cəhətdən təcrid etmək siyasətini irəli sürdükcə, İran siyasi cəhətdən özünü Çin Xalq Respublikası ilə uyğunlaşdırır. İran Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna malikdir və rəsmi Pekinin aparıcı rol oynadığı bu quruma üzv olmağa can atır.
Çinin İrana hərbi yardım etdiyi də ehtimal olunur. Yüksək səviyyəli rəsmilərə qabaqcıl sistemlər üzrə təlim keçirmək, texniki dəstək vermək, raket istehsalı üçün xüsusi polad tədarükü, raketlərin inkişafı üçün nəzarət texnologiyasını təmin etmək, raket fabriki və sınaq poliqonunun tikintisi üzrə dəstək verir. Şayiələrə görə, Çin yer-hava raketləri, döyüş təyyarələri, radar sistemləri və sürətli hücum edən raket gəmiləri də daxil olmaqla qabaqcıl adi silahların inkişafına kömək etməkdən məsuldur.
Hindistanın dəstəyi...
İranın növbəti müttəfiqi Hindistandır. Hazırda iki ölkə arasında bir çox sahələrdə dostluq əlaqələri mövcuddur. Xüsusilə Hindistana xam neft idxalında və İrana dizel ixracında əhəmiyyətli ticarət əlaqələri mövcuddur. İran Pakistanın 1994-cü ildə İƏT kimi beynəlxalq təşkilatlarda Hindistan əleyhinə qətnamələr hazırlamaq cəhdlərinə etiraz edib. Hindistan və İran Əfqanıstanda Taliban rejiminə qarşı Şimal Alyansını dəstəkləyiblər.
İran-Rusiya dostluğunun sirri...
Rusiya ilə İran arasında münasibətlər isə uzun tarixə malikdir. Rusiya və İranın əlaqələri həmişə mürəkkəb və çoxşaxəli olub. 2019-cu ildən iki ölkə arasında əlaqələr kəskin şəkildə yaxşılaşıb. Rusiya və İran indi strateji müttəfiq hesab olunurlar. Rusiya-Ukrayna müharibəsində İran açıq şəkildə deməsə də, Moskvaya gizli şəkildə dəstək verir. Hətta İra PUA-ları Ukraynada bir neçə dəfə zərərsizləşdirilib, bununla bağlı Ukrayna öz etirazını bildirib və İran səfiri Kiyevdə arzuolunmaz şəxs elan edilib. İran isə israrla Rusiyaya silah vermədiyini deyir.
Rusiya və İranı birləşdirən digər məqam Suriya ilə bağlıdır. Belə ki, hər iki ölkə Suriyada Əsəd hökumətini dəstəkləyir. Bundan başqa İran hakimiyyəti Afrika ölkələri ilə əlaqələri gücləndirməyi hədəfləyir. Lakin Tehranın yürütdüyü siyasət əksər Afrika ölkələrini də qane etmir.
Göründüyü kimi, dünyadan təcrid olunan İranın barmaqla sayılacaq qədər ölkə ilə dostluq əlaqələri mövcuddur. Özünü İslam ölkəsi kimi qələmə verən İranın radikal siyasi mövqeyi, bu ölkədə insanların hüquq və azadlıqlarının kobud şəkildə pozulması dünyanın demokratik dövlətləri tərəfindən qəbuledilməz hal kimi qiymətləndirilir. Bu və digər səbəblərdən İrana qarşı çoxsaylı sanksiyalar tətbiq olunub ki, bu da ölkənin iqtisadi və siyasi əlaqələrdən kənarda qalmasına gətirib çıxarıb.
Hazırda İran dünyanın ən nüfuzsuz ölkələrindən biri kimi tamamilə təcrid olunmuş vəziyyətdədir.