Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı İranda molla rejiminin amansız təqiblərinə məruz qalan güneyli həmvətənlərimizə dəstəyini ifadə edir, onların tək olmadıqlarını bildirərək, həmrəylik göstərirlər.
Xaricdə yaşayan tanınmış azərbaycanlılar da cənublu soydaşlarımızın müdafiəsinə qalxıblar.
Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Modern.az-a bildirib ki, Cənubi Azərbaycanda, öz tarixi torpaqlarında, əzəli Vətənində yaşayan milyonlarla soydaşlarımızın vəziyyəti harada yaşamasından asılı olmayaraq, hər bir düşüncəli azərbaycanlını narahat edir və onun diqqət mərkəzindədir:
“Narahatlığın əsas səbəbi onların yaşadığı ölkədə əsas hüquq və azadlıqlarının kobud şəkildə tapdalanmasıdır. İran əhalisinin yarısını təşkil edən azərbaycanlılara münasibətdə heç “milli azlıq” terminini işlətmək belə düzgün deyil. Belə olan halda hamıya məlumdur ki, onlar doğma dilimizdə təhsil almaq, milli-mədəni irsimizi qoruyub-saxlamaq, təbliğ etmək, gələcək nəsillərə ötürmək, Azərbaycan dilində mətbu orqanlara sahib olmaq, ədəbiyyat incilərimizdən olan nəşrlər çap etdirmək, milli dərnəklər yaradıb öz milli özünüidentifikasiya prosesinə təkan vermək və bu kimi digər elementar hüquq və azadlıqlardan nəinki məhrumdurlar, hətta bütün sadalananlar istiqamətində attıqları hər bir addıma görə, adi bir cəhdə görə həbs olunurlar, işgəncələrə məruz qalırlar, edam edilirlər. Təbii ki, bu cür vəziyyət sivil dövlət-vətəndaş münasibətlərinə heç bir müstəvidə uyğun deyil, çünki ölkə əhalisinin yarısını təşkil edən insanlara məhz milli mənsubiyyəti səbəbindən edilən bu cür amansızlıq və qəddarlıq heç bir pafoslu siyasi şüarlarla ört-basdır edilə və ya doğruldula bilməz.
Son zamanlar İranda baş verən qanlı hadisələrin hamımız şahidiyik və görürük ki, silahsız etirazçılar cəzasız şəkildə qətlə yetirilir və bu qarşılıqlı zorakılığı daha da kəskinləşdirir. Belə olan halda məntiqli sual yaranır. Öz vətəndaşları ilə bu cür rəftar edən rejim yuxarıda sadalanan adi demokratik hüquq və azadlıqları təmin etməyə qadirdirmi? Əlbəttə, yox. Amma onu da əlavə edək ki, oradakı soydaşlarımıza qarşı kütləvi təzyiq və repressiyalar yeni bir xəbər deyil. Təəssüflər ki, bu İrandakı azərbaycanlıların çoxillik həyat tərzinin bir növ təsviridir. Bütün bunların islam adı altında baş verməsi isə bizləri dərindən sarsıdır, çünki əslində islam – ümumbəşəri bir varlıqdır, bəşərsevər, sülhsevər, insansevər bir dindir ki, onun adına belə hərəkətlərlə və siyasi konyunktura xatirinə ləkə vurmaq əsla qəbuledilməzdir.
Məsələlər elə bir miqyas alıb ki, bu durum əsaslı şəkildə Azərbaycan əhalisini, başda cənab Prezident İlham Əliyev olmaqla respublikamızın rəhbərliyini ciddi narahat edir. Bu narahatlıq yüksək vəzifəli şəxslərin, millət vəkillərinin və ictimai xadimlərin bəyanatlarında açıq ifadə olunmaqdadır. Biz də bir azərbaycanlı kimi bütün bunlara biganə qala bilmirik.
Yaşadığımız ölkədən – Rusiyadan, bir misal gətirim. Bəlkə bu misal Rusiya ilə yüksək səviyyədə münasibətləri inkişaf etdirən İran üçün də bir nümunə olar. Rusiya Federasiyası ərazisində 190-dan artıq millət və etnosun nümayəndələri yaşayır. Onların milli-mədəni hüquqları nəinki konstitusiya, hətta xüsusi qanunlarla qorunub saxlanılır və bu rəsmi qaydada dövlətin əsasını, sabitliyini və əminamanlığını təşkil edən əsas amillərdən hesab edilir. Bu dövlət siyasətinin mühüm istiqamətlərindəndir, ölkə başçısının xüsusi sərəncamla diqqət ayırdığı ümummilli strategiyadır. Rusiyada istənilən milli azlıq milli-mədəni muxtariyyətlər, dərnəklər, mərkəzlər, birliklər, fondlar qismində təşkilatlanma hüququna malikdir, doğma dilində nəşrlər dərc etdirə və hətta kütləvi informasiya vasitələrinə sahib ola bilər. Misal üçün, Rusiyada azərbaycanlıların qeyri-rəsmi olaraq sayı İrandakı soydaşlarımızdan 10 dəfələrlə artıq azdır. Amma Rusiyanın istənilən regionunda azərbaycanlıların ən azı bir və ya bir neçə təşkilatları mövcuddur, mərkəzlər, dərnəklər, müxtəlif səpkili cəmiyyətlər, milli etnokomponenti olan orta məktəblər, ali təhsil ocaqlarında saysız-hesabsız guşələr, milli parklarda Azərbaycan evləri fəaliyyət göstərir, biz azad şəkildə milli bayramlarımızı və matəm günlərimizi qeyd edirik, vətəndaş cəmiyyətinə, elmə, iqtisadiyyata, ictimai sabitliyə, dövlət quruculuğuna verdiyimiz çoxsaylı mühüm töhfələrimizlə əsaslı şəkildə fəxr edirik. Bu həm millətindən asılı olmayaraq vətəndaş bərabərhüquqluğunu, həm də dövlətin dayanaqlı inkişafını təmin edir. İran Rusiyanın bu örnəyindən faydalana bilərdi, amma görünən odur ki, İranda bütün bunlar hələ də arzu və istək səviyyəsindədir.
Eyni zamanda fəxarət hissi ilə qeyd edim ki, soydaşlarımızın öz hüquqlarını təmin etmək istiqamətindəki əzmkar mübarizəsi bütün dünya azərbaycanlılarını valeh edir. Qalib xalqımızın möhtəşəm tarixi, dünyada tutduğu layiqli yeri, ədalətli mübarizədə qazandığı yüksək nailiyyətlər və parlaq gələcəyi öz növbəsində cənublu soydaşlarımızı da ruhlandırır, onlara Araz çayı üzərindəki qədim körpülərə bir xalqı iki yerə ayırmış abidələr kimi yox, bir xalqı birləşdirən yollar kimi baxmağa sövq edir. Onların milli ruhu qəhrəmanlıq tariximizdən qaynaqlanaraq bir rəmz kimi Savalan dağı zirvəsinə qədər yüksəlir və layiq olduqları gözəl gələcəyə olan əsaslı ümidlərinin üfüqlərini göstərir. Arazın o tayında yaşayan soydaşlarımızdan danışarkən “Bakı” kinostudiyasının hələ uzaq 1947-ci ildə istehsal etdiyi eyni adlı sənədli filmi xatırlatmaq yerinə düşər. 75 il əvvəl çəkilmiş o filmdən bir sitat: “Burada (Arazın o tayında, İranda) bu torpağı sevən, onun üçün alın təri axıdan zəhmətkeş bir xalq yaşayır. Lakin bu torpaq onu becərənlərin və bəsləyənlərin deyildir, ərbabındır. O bu torpaqda işləyənlər üçün amansız qaydalar və qanunlar qoymuşdur”. Bu ifadənin aktuallığı bizi indi də düşündürür”.
Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov da Modern.az saytı vasitəsilə cənublu soydaşlarımıza dəstək mesajı göndərib:
“Dəyərli soydaşlarım, tariximizdə igidlik rəmzi olan Səlcuqluların, Atabəylərin, Ağqoyunluların, Qaraqoyunluların, Səfəvilərin, Əfşarların, Qacarların qəhrəman davamçıları!
Rus-fars şovinizmi ilə iki ayrılmış, ostanlara, muxtar vilayətlərə bölünən Azərbaycanımın təslim olmayan övladları! Bizlər, Şimali Azərbaycanda yaşayan qardaşlarınız tarixi missiyamızın bir hissəsini başa vurduq, axan qanlar bahasına müstəqilliyimizə nail olduq, rus-fars-erməni əsirliyində olan torpaqlarımızı azad edə bildik.
Bu tarixi missiyanın tamamlanması üçün millətimizin taleyində qara ləkə olan fars zülmünün də bitməsi gərəkir. Sizlər bir neçə dəfə buna cəhd eləmisiniz, nə acıdır ki biz soydaşlarınız sizi qoruya bilməmiş, sizə dəstək ola bilməmişik. Amma bu gün bütün türk dünyası, bütün azad dünya sizin haqqınızı qorumağa hazırdır. Bütün imperiyalar çökməyə məhkumdur. Bu gün Ukraynada şər üçlüyünün ən şərlilərindən birinin - Rusiyanın taleyi həll olunur. Allahın köməyi ilə Ukrayna ədaləti zülmün qalasını darmadağın edəcək. Bu tarixi şəratidən yararlanmaq bizim (sizin) ən təbii haqqımızdır, bütöv Azərbaycan azad olmalıdır və olacaqdır! Allah millətimizə yar olsun! Dahi şairimiz, ayrılıq göz yaşlarını sözlərinə axıdan ulu Şəhriyarın sözləri ilə sizə səslənirəm:
İgidlərin İran üçün şəhid olmuş, əvəzində,
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.
Övladların nə vaxtadək tərki-vətən olacaqdır,
Əl-ələ ver, üsyan eylə, oyan, oyan, Azərbaycan.
Mübarizəniz mübarək olsun”.
İsveç Azərbaycanlılarının Kordinasiya Şurasının Əlaqələndiricisi, deputat İradə Əliyeva cənublu soydaşlarımıza istənilən formada dəstək verməyə hazır olduğunu bəyan edib:
“İnkişaf etmiş ölkələrin hamısı İranın avtoritar rejiminə qarşıdır. Neçə illərdir ki, cənublu soydaşlarımızın haqlarını müdafiə edirik və bundan sonra da edəcəyik. Ana dilli məktəblərin olmadığını, suverenliyin, demokratik cəmiyyətin olmadığını hər çıxışımızda bildiririk. Orada bizim 30 milyondan çox soydaşımız yaşayır. Bu, hətta dövlət içində dövlətdir, deyə bilərik. İsveçdə seçildiyim partiyanın tərkibində qadın hüquqlarının müdafiəsinə, azadlığına hər zaman dəstək oluruq. Hazırda gedən proseslərdə xaricdə yaşayan soydaşlarımızın dəstəyi vacibdir. Biz xaricdə yaşayan azərbaycanlılar olaraq cənublu soydaşlarımıza hər zaman dəstək veririk və verməyə davam edəcəyik. Burada yaşayan cənublu soydaşlarımız var, onlarla əlaqə saxlayırıq”.
Aysel Məhərrəm
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusunda dərc olunub.