Modern.az

Rusiya ilə Ukrayna nə vaxt barışacaq? - Dünya bu suala cavab axtarır

Rusiya ilə Ukrayna nə vaxt barışacaq? - Dünya bu suala cavab axtarır

22 Noyabr 2022, 12:12

Rusiya-Ukrayna müharibəsinin 272-ci günü arxada qalıb. Bu ilin fevralın 24-də başlayan müharibə region üçün ağır nəticələr verməyə davam edir. Qanlı savaşın başlaması geosiyasi proseslərə də təsirsiz ötüşməyib. Qlobal iqtisadiyyata, beynəlxalq təhlükəsizliyə yaranan təhdidlər hər keçən gün daha çox narahatlıq doğurur.

 

Münaqişə tərəfləri ağır itkilərə məruz qalsalar belə, müharibəni dayandırmağa tələsmirlər. Rusiya istəyinə nail olanadək hərbi əməliyyatları davam etdirməkdə israrlıdır, Ukrayna isə rus qoşunlarının işğal etdiyi ərazilərdən geri çəkilməsindən sonra sülh danışıqlarının başlana biləcəyini bildirir.

 

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya gücünü bərpa etmək üçün qısamüddətli atəşkəsə can atır, lakin bu yolla müharibəni dayandırmaq mümkün olmayacaq.

 

“Rusiya indi öz gücünü bərpa etmək üçün qısamüddətli atəşkəs axtarır. Bəziləri bunu müharibənin sonu adlandıra bilər, lakin belə atəşkəs vəziyyəti daha da pisləşdirəcək. Anormal kompromislər yenidən qan tökülməsinə səbəb olacaq. Həqiqi, davamlı sülh yalnız Rusiyanın təcavüzünün tamamilə dayandırılması nəticəsində mümkün ola bilər”, - deyə Zelenski Rusiyaya müraciətində söyləyib.

 

Moskva isə Kiyevin üzünə qapıların hələ bağlanmadığını, istənilən vaxt danışıqlara hazır olduğunu bəyan edir. 

 

“Moskva Ukrayna ilə danışıqlara açıqdır və bu mövqe Kiyevə yaxşı məlumdur” - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında belə deyib. 

 

O, Ukrayna rəsmilərini danışıqlarla bağlı dəyişkən mövqe sərgiləməkdə qınayıb: “Onlar gah danışıqlar aparmağa razılaşır, sonra bundan imtina edir, gah da danışıqları bərpa ermək istədiklərini deyirlər”.

 

Qarşılıqlı ittihamların səngimədiyi məqamda bir sual hər kəsi maraqlandırır: Müharibənin sonu necə olacaq, Rusiya ilə Ukrayna nə vaxt barışacaq?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan rusiyalı analitik Mixail Neyzhmakov əvvəlcə müharibənin taleyindən söz açıb. Bildirib ki, Rusiya və Ukrayna müharibəsinin bitməsi üçün mütləq nəticəyönümlü danışıqlar lazımdır, lakin indiki mərhələdə bu real görünmür:

 

"Son zamanlar Moskva və Kiyev arasında atəşkəs üzrə danışıqların şansı bir qədər artıb. Amma bu, o demək deyil ki, onlar qısa zamanda razılığa gələcəklər. Tərəflər hələ istədiklərinə nail ola bilməyib. Bununla bərabər tərəflər danışıqlardan qaçırlar. Ukrayna hakimiyyəti müharibənin əvvəlində danışıqlara hazır olduğunu bildirsə də, inidi başqa mövqe sərgiləyir. Ukrayna nümayəndələri daxili auditoriyanı danışıqlardan daha çox hərbi əməliyyatların davam etdirilməsinə yönəldir. Hakimiyyət xalqı inandırmağa çalışır ki, ölkənin silahlı qüvvələri dekabrın sonuna kimi Krıma daxil olacaq və müharibənin taleyi dəyişəcək".

 

Mixail Neyzhmakovun sözlərinə görə, Rusiya danışıqlara hazır olduğunu bildirsə də, qarşı tərəfdən cavab ala bilmir.

 

"Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirir ki, iki ölkə arasında ictimai danışıqlar aparılmır. Bunun səbəbini Ukrayna tərəfinin danışıqlara qarşı çıxmasında görür. Bu isə onu göstər ki, hətta danışıqlar formatı baxımından belə Moskva və Kiyev uzaqdır. Buna baxmayaraq, dekabr ayı ərzində bitərəf ölkələrin nümayəndələrinin vasitəçi olmaq üçün fəallaşacağını gözləmək olar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demək olar ki, bu sahədə ən fəal lider olaraq qalacaq. Danışıqlara başlayacaq yeni ölkə isə İsrail olacaq. İsrail Moskva ilə Kiyev arasında vasitəçi roluna daha fəal qoşulacaq.

 

Nəhayət, qarşıdan gələn qışda bir sıra Avropa liderlərinin - Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun vasitəçi kimi öz imkanlarını təklif etmək üçün yeni addımlar atması tamamilə mümkündür. Müharibənin bitməsi üçün digər ölkələrin maraqları bir olmaldır, yəni onlar da müharibənin bitməsini istəməlidir”, - deyə rusiyalı ekspert gözləntilərini dilə gətirib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI