Modern.az

Medalli xörəkpaylayan və ya Orxan Camal cinayəti

Aktual

24 Noyabr 2022, 22:21

İbrahim Nəbioğlu

2006-cı ildə çəkilmiş bu fotoda Yevgeni Priqojini görürük.


Yenə də “ofisiant”dır, ancaq diqqət edin, artıq döşünü medal bəzəyir.


Boynunda kəpənək qalstuk, döşündə medal – Siz heç medallı “xörəkpaylayan” gördünüzmü?


Sosisli sendviç (Hot dog) satmaqdan Rusiyanın ən qüdrətli adamlarından birinə çevrilən Priqojin başgicəlləndirici
karyerasını Putinə yaxınlığına, onun şəxsi aşpazı olmasına borcludur.


2022-ci ildə ölkənin ən ali mükafatına – “Rusiya Qəhrəmanı” adına layiq görülmüş Priqojinə dünyanın bir çox ölkəsi sanksiya tətbiq edib. ABŞ-ın Federal Təhlükəsizlik Xidməti (FBI) onu beynəlxalq axtarışa verib, başına isə pul qoyub.


Bir vaxtlar Putinin özəl qonaqlarına xidmət göstərən Priqojin bu gün “Vaqner” muzdlularının rəhbəri kimi bilinir. “Özəl Hərbi Şirkət”in muzdluları QRU (Baş Kəşfiyyat İdarəsi) xüsusi təyinatlılarının zabiti, ehtiyatda olan polkovnik-leytenant, dörd “İgidlik” ordeninin sahib Dmitri Utkinin komandanlığı altında Luqansk, Donetsk, bir neçə Afrika ölkəsində, Suriya, Ukrayna və başqa yerlərdəki hərbi əməliyyatlarda iştirak edib, bir çox hərbi cinayətlərə imza atıb.


“Vaqner” hərbi şirkəti ABŞ-ın sanksiya siyahısına daxil edilib, Ağ Ev onu yaxında terror təşkilatı olaraq tanımağa hazırlaşır…
 



“Vaqner”çilərin terrorçu olduğu haqda ilk dəfə 2018-ci ildə – “Vaqner”in Mərkəzi Afrika Respublikasındakı fəaliyyəti ilə bağlı araşdırma aparan jurnalistlər Orxan Camal, Aleksandr Rastorquev və Kirill Radçenko qətl edilən zaman yazmışdım. Bir çox mənbələr onların ölümünü Priqojinin fəaliyyəti ilə əlaqələndirmişdi.


Orxan Qarabağ xanlarının nəslindən olan tanınmış filosof, teoloq, mərhum Heydər Camalın oğludur. Onunla 1988-ci ildə Moskvada tanış olmuşdum. Çox eksentrik, hiper-aktiv və çox da maraqlı insan idi. Yaxın münasibətlərim olmasa da, xeyli ortaq dostlarımız vardı.


Həyatı ilə “rus ruleti” oynayan Orxan qətlə yetiriləndə cəmi 52 yaşı vardı…


Görkəmli ictimai xadim, alim, filosof Heydər Camal əslən Şuşadan idi.


Bir çox elmi əsərində, məqalə və çıxışlarında Qarabağ probleminin həllini Azərbaycan xalqının birləşərək hərbi yola baş vurmasında görürdü.


Heydər Camal Türk-İslam aləminin şahlanışının Qarabağın azad edilməsi, Şuşanın yağı düşməndən təmizlənməsi ilə başlayacağına inanırdı…


Təəssüf ki, nə atası, nə də Orxanın özü Şuşanın azad edilməsini gördü…


Avropa Parlamenti Rusiyanı “terrorun sponsoru olan ölkə” elan edən qətnamə qəbul edib.


Bunun Rusiyaya ciddi bir təsiri olmayacaq.


Əsl həngamə ABŞ-ın Rusiyanın terrorun sponsoru kimi tanımasından sonra olacaq.


Bunun isə çox-çox ciddi nəticələri olacaq – Rusiya Federasiyasının aktivlərinin dondurulması və yeni sanksiyalar, o cümlədən viza sanksiyaları və s.


İnanıram ki, çox yaxında caniləri Haaqa Məhkəməsi qarşısına çıxaracaqlar.


Orxan Camalın da qanı yerdə qalmayacaq…

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu