Modern.az

Kəlbəcərin işğaldan azad edilməsinin əhəmiyyəti böyükdür

Kəlbəcərin işğaldan azad edilməsinin əhəmiyyəti böyükdür

Aktual

25 Noyabr 2022, 11:18

Azərbaycanın ən əsrarəngiz bölgələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən 2 il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin qətiyyəti, diplomatik məharəti, dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi.

 

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini icra etdi. Hər günü, hər anı xalqımız üçün şərəf və qürur mənbəyi olan Zəfər tariximizdə Ağdam rayonundan sonra Qarabağın qala qapısı sayılan Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız böyük qələbələrin diplomatik yolla davamı oldu.

 

Qeyd edək  ki, 1930-cu il 8 avqust tarixində inzibati rayon statusu verilən Kəlbəcərin 3054 kvadrat kilometr ərazisi var. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Ermənistan silahlı qüvvələri Kəlbəcəri 1993-cü il aprelin 2-də işğal etdilər. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. İşğaldan azad edildikdən sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib:

 

“Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılıb. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.

 

Uzun illər erməni işğalı altında olan, Kəlbəcər rayonunun  ərazisində yerləşən, Söyüdlü (Zod), Ağduzdağ və Tutxun qızıl yataqları Ermənistan tərəfindən talan edilmişdir. Kəlbəcəri tərk edərkən belə təbii sərvətlərimizi talan edən ermənilər ağacları kəsdilər, evlərə, meşələrə od vurdular, əsl ekoloji terror törətdilər. Dünya birliyi də, beynəlxalq təşkilatlar da, işğalçı Ermənistana havadarlıq edənlər də, bəzi Qərb liderləri də erməni vandallarının ekoloji terroruna, maddi mənəvi abidələrimizin dağıdılmasına, dini abidələrinin viran qoyulmasına səssiz qaldılar. Uzun illər işğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin amansızcasına hasilatı, təbiətinin, endemik nümunələrinin, flora və faunasının məqsədli və sistemli şəkildə məhv edilməsi bu gün  yalnız ölkəmizin deyil, bütün dünya dövlətlərinin də diqqət mərkəzində olmalıdır…

 

Azərbaycanın Ermənistanla sərhədboyu ən uzun məsafəyə - 136 kilometrlik sərhəd xəttinə malik Kəlbəcərdə üçrəngli bayrağımızın dalğalanması, azadlığından ötən cəmi iki il ərzində müstəsna əhəmiyyətə malik, həyata keçirilən infrastruktur layihələrin həyata keçirilməsi çox qısa zamanda kəlbəcərlilərin doğma yurdlarında yeni həyata başlayacaqlarından xəbər verir. Kəlbəcər rayonunda həyata keçirilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın 2021-ci il avqustun 16-da Kəlbəcər rayonuna səfəri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyulub. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq olub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilib. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin də təməli qoyulub. Prezident İlham Əliyev avtomobil yollarının, tunellərin tikintisinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. 2022-ci ilin 26 iyun tarixində dövlətimizin başçısı tarixi torpaqlarımıza növbəti səfəri zamanı “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışlarında iştirak etməsi burada aparılan işlərin miqyasını və əhəmiyyətini göstərir. Səfər zamanı həmçinin İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun təməli qoyulub. Dövlət başçımız 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksinin təməlini qoydu, bu müəssisənin 300 nəfərə xidmət edəcəyini, gələcəkdə geniş turist axınına imkan yaradacığını xüsusi vurğuladı. Eyni zamanda dövlət başçısına Kəlbəcər şəhərinin baş planı da təqdim olunub. Bildirilib ki, Kəlbəcər şəhərinin baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri araşdırılıb, tətbiq edilə biləcək nümunələri ilə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Müzəffər Ali Baş Komandan Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonunda komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə də iştirak edib. Prezidentin vurğuladığı kimi, qələbəmizdən sonra işğaldan azad olunan ərazilərdə nəhəng layihələr icra edilib və bu proses davamlı xarakter daşıyır.

 

Beləliklə, Qarabağda və Şərqi Zəngəzurda nəhəng işlər görülür. İnfrastruktur layihələr, həm xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlər bərpa edilir, həm də muzeylər, hava limanları, dəmir yolları, tunellər salınır. Cəmi iki il ərzində görülən bütün işləri saymaqla tamamlamaq mümkün deyil. Bütün bunlar isə torpaqlarımıza necə sahib çıxdığımızın sübutudur.

 

Bütün görülən işlər, atılan addımlar xalqımızda bir daha əminlik yaradır ki, Ermənistanın viran qoyduğu yurd yerlərimiz tezliklə dirçələcək,torpağının altı da, üstü də zəngin xəzinə olan Kəlbəcər ölkə Prezidentinin birbaşa nəzarəti və rəhbərliyi altında tez bir zamanda Azərbaycan iqtisadiyyatına inteqrasiya edəcək və Şərqi Zəngəzur bölgəsinin əsas iqtisadi istinadı, gücü olacaq.

 

Pərvin Kərimzadə 

Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar