Vərəm necə yoluxur? - ƏLAMƏTLƏR

Vərəm necə yoluxur? - ƏLAMƏTLƏR

25 Noyabr 2022, 11:30

Vərəm üçün mütləq patoqnomik olan bir əlamət yoxdur. Yəni, elə bir əlamət yoxdur ki, həmin əlamətə görə müayinə etdiyimiz şəxsdə vərəm xəstəliyi olduğunu əminliklə söyləyə bilək.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rafiq Bayramov vərəm xəstəliyinin əlamətlərilə bağlı dnaışarkən bildirib.

 

“Amma vərəmin lokalizasiyasından asılı olmayaraq, istər ağciyər, istərsə də digər orqanların vərəmi üçün xas olan nisbi patoqnomik əlamətlər mövcuddur ki, bu əlamətlərə axşamlar zəif subfebril hərarətin (37,2-37,4 °С) olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyyəsinin tərləməsi, ümumi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsidir.

 

Bu xəstəlik ən çox tənəffüs orqanlarını zədələyir. Ağciyər vərəminin müxtəlif formalarında müşahidə edilən əlamətlər - 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəslik və qanhayxırmanın olmasıdır. Təbii ki, bu əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstə olmasını sübut etmir. Ancaq bu əlamətlər vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhətdir, çünki xəstəliyin diaqnozu aparılan kompleks müayinələrin əsasında mümkündür”.

 

Həkim qeyd edib ki, vərəm əsasən aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur:

 

“Xəstəliyin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Bu xəstələrin öskürməsi və asqırması nəticəsində (hava-damcı yolu) və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir. Bundan başqa vərəmə qida, təmas və s. yollarla da yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca faktor deyil. Vərəm çöpləri ilə yoluxanlar arasında xəstələnənlər daha çox ilk dəfə yoluxanlar arasında olur. Bu üsul ilə təkrar yoluxanlarda isə xəstələnmə daha az rast gəlinir. Vərəm çöpləri yoluxduğu orqanizmdə latent (“yatmış”) formada qalaraq xəstəlik törətməyə bilər və yaxud immunitetin zəiflədiyi zamanda aktiv formaya keçərək xəstəlik törədə bilir”.

 

Onun sözlərinə görə, vərəmlə hər bir kəs ömrünün istənilən dövründə xəstələnə bilər:

 

“Amma risk qrupundan olan, yəni şəkərli diabet olan, hormonal preparatlar qəbul edən, ağır cərrahi, o cümlədən açıq ürək əməliyyatı, orqan köçürülməsi əməliyyatları icra olunmuş şəxslər, QİÇS, mədə-bağırsaq xəstəliyi, qidalanması, yaşayış şəraiti normal olmayanlar, zərərli vərdişləri (alkoqol, siqaret və narkotik aludəçiləri) və s. olan şəxslər bu xəstəliyə daha çox tutulur.

 

Vərəm xəstəliyi nə qədər erkən aşkar edilib düzgün müalicəyə tez başlanılarsa, nəticəsi bir o qədər effektli olar. Bir şeyi unutmaq olmaz ki, vərəmin müalicəsi uzunmüddətlidir, yəni vərəmin ən məhdud forması olan xəstə minimum 6-8 ay fasiləsiz müalicə edilməlidir. Bununla yanaşı, müalicə vərəm əleyhinə dərmanlara həssaslığın nəticəsindən asılı olaraq ən azı 4 vərəm əleyhinə preparatla birgə kompleks aparılmalıdır. Bir çox hallarda vərəm erkən aşkar edilib tam kompleks müalicə olunduqdan sonra patoloji proses tam sorulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını təyin etmək mümkün olmur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandı