Modern.az

“Siyasi partiyalar haqqında” qanun layihəsi Avropa modeli üzrə hazırlanıb 

“Siyasi partiyalar haqqında” qanun layihəsi Avropa modeli üzrə hazırlanıb 

Aktual

25 Noyabr 2022, 16:39

“Öncə qeyd etmək lazımdır ki, Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbidir. Hazırkı “Siyasi partiyalar haqqında” Qanun 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi.
Ölkədə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən zəruri addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını labud edirdi”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasından danışarkən deyib.

“Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər.

Beləliklə qanun layihəsinin hazırlanması prosesinə demokratik və şəffaf şəkildə başlanıldı. İlk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirildi. Oktyabrın 24-də isə Milli Məclisdə Partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə geniş dinləmə keçirildi, bir sıra irad və tənqidlər bildirildi”, - C.Məmmədov bildirib.


Deputat qeyd edib ki, keçirilən bütün ictimai dinləmə və müzakirələr Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirdi.

“Siyasi plüralizmin hökm sürdüyü dinləmədə tədbir iştirakçıları layihə ilə bağlı təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst  ifadə etmək imkanı əldə etdi. Müzakirələrdə çıxış edən siyasi partiya liderlərinin mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflərini səsləndirmələri üçün geniş şərait yaradıldı. 

Qeyd etmək lazımdır ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müxtəlif platformalarda müzakirəsi, irad və təkliflərin nəzərə alınması çox müsbət haldır və gələcəkdə bu tendensiyanın davam etdirilməsi sosial sifarişin təzahürüdür”.



C.Məmmədovun sözlərinə görə, noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında tədbirdə parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri və üzvləri olan deputatlar iştirak edərək qanun layihəsinə edilən dəyişikləri yüksək qiymətləndiribər.


“Əvvəlki müzakirələrdəki tənqidlərin bir çoxu yeni layihədə artıq çıxarılıb.  Bir çox irad və təkliflər nəzərə alınıb. Sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib.

Sonda qeyd etmək lazımdır ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi bir çox mühüm məqamları özündə ehtiva edir. Heç şübhəsiz ki, Qanun layihəsi cəmiyyətdə yeni çağırışların, baş verən hadisələrin, sosial-siyasi tələblərin daha dolğun qiymətləndirilməsinə xidmət etməklə, onun elmi əsaslarının daha da möhkəmləndirilməsinə ciddi fayda verəcəkdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi