Epilepsiya - təkrarlanan epileptik tutmalarla keçən beyin xəstəliyidir. Tutmaların bəziləri bir neçə saniyəlik “fikrə getmək”dən ibarətdir, digərləri isə bütün bədənin şiddətli silkələnməsi ilə keçir.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev bildirib.
Həkim qeyd edib ki, xəstəliyin ən xarakterik təzahürü motor, duyğu və zehni funksiyaların eyni vaxtda pozulması ilə təkrarlanan qıcolmalardır.
Onun sözlərinə görə, epilepsiya xəstəliyinin fərqli formaları var:
“Bu formaları (növlərini) onları törədən səbəblərə görə iki böyük qrupa bölmək olar: idiopatik epilepsiyalar və simptomatik epilepsiyalar. İdiopatik epilepsiyalarda genetik (irsi) faktorların əsas rol oynadığı məlumdur.
Epilepsiya ilə irsiyyət arasında olan əlaqələri anlamaq üçün bir neçə vacib məsələ nəzərə alınmalıdır. Simptomatik epilepsiya məlum olan digər beyin xəstəliklərindən irəli gəlir. Beyni zədələyən bir çox xəstəlik simptomatik epilepsiyaya təkan verə bilər”.
K.Salayev deyib ki, epilepsiyanın diaqnozunun necə qoyulması ilə bağlı da fikirlərini bölüşüb:
“Elə bir aparat (cihaz) müayinəsi yoxdur ki, o, bütün xəstələrdə epilepsiyanın olub-olmadığını tam dəqiqliklə göstərsin. Epilepsiya diaqnozu adətən elektroensefaloqrafiya (EEQ), kompüter tomoqrafiyası (KT) və ya maqnit rezonans tomoqrafiyası (MRT) daxil olmaqla bir sıra prosedurları əhatə edir. Bu üsullar həkimə epilepsiyanın səbəbini, həmçinin tutmaların növünü təyin etməyə imkan verir.
Epilepsiya xəstələrində ən çox istifadə olunan müayinə üsulu elektroensefaloqrafiyadır. EEQ müayinəsi epileptik aktivliyi aşkar etmək, onun formasını, tezliyini və lokalizasiyasını müəyyən etmək üçün aparılır. Epilepsiya xəstələrinin əksəriyyətində EEQ müayinəsi beyində bu xəstəliyə xas olan müəyyən dəyişiklikləri aşkar edir”.
“Epileptik tutma ağır travma ilə nəticələnə bilir. Xəstənin yanında olan insanlar müəyyən tədbirlər görməlidirlər ki, zədələnmənin qarşısı alınsın. İlk növbədə xəstə uzandırılmalıdır. Sərt və iti əşyalar xəstədən uşaqlaşdırılmalıdır. Başının altına balış və ya başqa yumşaq əşya qoyulmalıdır. Eynək taxılıbsa, onu çıxartmaq lazımdır.
Həmçinin xəstəni boğulmaqdan qorumaq vacibdir. Tutma zamanı tüpürcək boğaza düşüb, tənəffüs yollarını bağlayaraq nəfəsi poza bilir. Eyni şəkildə tutma zamanı xəstə qusarsa, o, boğula bilər. Bunun qabağını almaq üçün xəstəni yan üstə (sol və ya sağ tərəfə - fərqi yoxdur) çevirmək lazımdır. Mümkündürsə, başını da bir qədər çevirin ki, ağızı aşağı baxsın. Bütün kip bağlanmış paltarlar və aksesuarlar boşalmalıdır: qalstuk, köynəyin yaxası, kəmər və s. Ağız boşluğuna barmağı və ya hər hansı əşyanı salmaq məsləhət görülmür. Tez-tez belə olur ki, xəstənin yaxınları “xəstənin dili qatlanıb, ağzı kilidlənib və o boğula bilər” deyə düşünürlər və barmaq, qaşıqla dişlərini aralamağa çalışırlar. Lakin dilini tutmaq məqsədilə ağzı açmaq cəhdləri dişin sınmasına (və ya dişdəki plombun düşməsinə) gətirib çıxara bilər və dişin parçası boğaza gedə bilər. Bu isə artıq boğulma təhlükəsini yaradır. Bundan əlavə, ağız boşluğuna qaşıq kimi əşyaları salmaqla xəstəni süni şəkildə qusdurmaq olar. Nəticədə xəstə boğula bilər və ya sonra onda sətəlcəm başlaya bilər. Xəstə yan üstə uzadılıb üzü aşağı çevrilibsə, onun dili “qatlanmaz”. Tutma zamanı xəstə öz dilini dişləyə bilər. Bu zaman dişləri aralamaq olar ki, dil boşalsın. Tutma zamanı xəstənin şüurunu itirib-itirməməyini öyrənmək lazımdır, çünki bu məlumat həkim üçün vacibdir. Yoxlamaq üçün sadə əmrləri (“Sağ əlini qaldır!”) və sualları (“Adın nədir?”, “Neçə yaşın var?”) verilməlidir”, - nazirlik rəsmisi əlavə edib.