Azərbaycan sabitlik adasıdır

Azərbaycan sabitlik adasıdır

6 Dekabr 2022, 10:14

Bu gün Azərbaycan, həqiqətən, sabitlik adasıdır və Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq nəqliyyat dəhlizləri həm ölkələr, həm də xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bütün bunlar isə Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün dialoqun və tərəfdaşlığın tərəfində dayanmasının bariz ifadəsidir.

 

Son 19 il ərzində isə cənab İlham Əliyevin səyi, gərgin fəaliyyəti nəticəsində bu sabitlik daha da möhkəmlənib, dönməz xarakter alıb.

 

Hazırda Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür. Azərbaycan beynəlxalq münasibətlər sistemində sülhü və bərabərhüquqlu əməkdaşlığı təbliğ edir.

 

Beynəlxalaq nəqliyyat-logistika sahəsində, xüsusilə, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, çox vacibdir. Təbii ki, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün deyil. İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir.

 

Bu günlərdə ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda dünyanın müxtəlif bölgələrindən gəlmiş siyasətçilər, siyasi və iqtisadi təhlilçilər, araşdırmaçılar iştirak etdilər. Prezident cənab İlham Əliyev öz ənənəsinə sadiq qalaraq konfrans iştirakçıları qarşısında çıxış edib və onların suallarını cavablandırıb.

 

Beynəlxalq konfransda çıxışı zamanı Prezident cənab İlham Əliyev Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın coğrafi mövqeyinin bərabərhüquqlu əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdirilməsi üçün əlverişli olduğunu və hazırda Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat yollarının kəsişmə nöqtəsinə çevrildiyini və eləcə də bu marşrutlar üzrə enerji resurslarının ötürülməsi üçün Orta Dəhlizin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.

 

Biz indi Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə fəal şəkildə məşğuluq. Bu gün Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır.

 

Konfransda verilən suallar arasında Azərbaycanın bir sıra ölkələrlə ikitərəfli münasibətlərinə də toxunulub. Azərbaycanla İran, İsrail və Fələstin arasında əlaqələr haqqında danışan Prezident İlham Əliyev Azərbaycanın bütün dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa açıq olduğunu diqqətə çatdırıb. Bildirilib ki, İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarı ölkəmizin milli maraqlarına əsaslanır.

 

Konfrans iştirakçılarını maraqlandıran suallar arasında işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, Zəngəzur dəhlizinin açılması üçün ölkəmizin göstərdiyi səylər diqqət çəkib.

 

Ölkə başçısı bildirmişdir ki, “Azad edilmiş ərazilərdə ən son texnologiyalardan istifadə edirik. İki il əvvəl, müharibə bitəndən dərhal sonra mən “Qarabağı yenidən quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” deyəndə eynilə bunu nəzərdə tutmuşdum. İndi bu, həyata keçir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər.”

 

Dövlətimizin başçısı bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşayış məntəqələri müasir dünya elminin ən son nailiyyətləri əsasında yenidən qurulur və yaxın illərdə bu bölgələr dünyanın ən inkişaf etmiş yaşayış bölgəsinə çevriləcək.

 

Azərbaycan-Türkiyə münasibətləri barədə sualı cavablandırarkən Prezident İlham Əliyev qeyd edib ki, “Biz qardaş və dostuq. Biz müttəfiqik. Ötən il Şuşada biz artıq əldə olunan nəticələri rəsmiləşdirdik. Biz rəsmi olaraq Müttəfiqlik Bəyannaməsinə imza ataraq müttəfiqə çevrildik. Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub.”

 

İqtisadi inkişaf meyllərini və daxili sabitliyi təmin etməklə, yaranmış yeni beynəlxalq siyasi və iqtisadi şəraitdən faydalanmaqla bu gün Azərbaycan öz inkişafının yeni bir mərhələsindədir. Belə bir zamanda ölkəmizin beynəlxalq arenada artan rolu, böyük hərbi və iqtisadi gücə malik olan dünya dövlətləri arasında artan nüfuzu hər bir vətəndaşımızda qürur hissi yaradır.



Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq