Modern.az

Ən çox rast gəlinən ağciyər infeksiyaları 

Ən çox rast gəlinən ağciyər infeksiyaları 

6 Dekabr 2022, 12:02

Torakal cərrahiyyə köks döş qəfəsində yerləşən orqanların xəstəliklərini əhatə edən cərrahiyyə bölməsidir. Torakal cərrah ağciyər, plevra, traxeya və bronxlar, qabırğalar, döş sümüyü, perikard, diafraqma, qida borusu, timus vəzi, süd vəzi və qalxanvari (tiroid) vəzin bəzi xəstəlikləri, mediastinum dediyimiz divararalığı orqanların xəstəlikləri ilə məşğul olur.

 

Ən çox rast gəlinən ağciyərin infeksion xəstəkiləri (pnevmoniya, vərəm, ağciyər absesləri), plevrit (plevraya maye toplanması) və empiemalar, traxeya və bronxların xoş və bəd xassəli daralmaları-stenozları, yad cisimləri, ağciyər qanaxmalarıdır.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Arif Ağayev bildirib.

 

Həkim qeyd edib ki, döş qəfəsi divarının xəstəlikləri arasında döş qəfəsi deformasiyaları, qabırğa və döş sümüyü sınıqları, törəmə (şişləri), perikar xoş (kistaları) və bəd xassəli törəmələri, diafraqma yırtıqları, süd vəzinin törəmələri, mastitlər daha çox rastanır.

 

Onun sözlərinə görə, ən çox rast gəlinən xəstəlikləri qida borusu yad cisimləri, deşilmələri, reflüks xəstəliyi, axalaziya xəstəliyi, iltihabi xəstəlikləri, divertikulları, kimyəvi yanıqlar və yanıq sonrası daralmalar, anadangəlmə inkişaf qüsurları (atreziyalar) xərçəngləridir ki, bunlardan da xərçəng xəstəliyi həyat üçün daha təhlükəli və mürəkkəbliyi ilə seçilir.

 

“Qida borusu xərçəngləri dünya statistikasında rastgəlmə tezliyinə görə bütün xərçənglər arasında 8-ci yeri tutur, xərçəngdən ölüm səbəbinə görə isə 5-ci yerdə durduğunu nəzərə alsaq, proqnozun yaxşı olmadığını söyləyə bilərik.

 

Adətən əlamətləri özünü qida qəbulun çətinləşməsi şəklində biruzə verir və bu artıq xəstəliyin irəlilədiyinin işarəsidir. Xəstələrin müayinələrə olan qorxusu və həkimlərə gec müraciət etməsi isə xəstəliyin erkən aşkarlanmasını əngəlləyən əsas faktorlardan hesab olunur.

 

Risk faktorları arasında qeyd etdiyimiz xəstəliklərdən olan reflüks xəstəliyi, spirtli içkilərin requlyar intensiv istifadəsi, tütün məmulatlarının-əsasən siqaret istifadəsi, qıcıqlandırıcı və kəskin qidaların istifadəsi, qaynar qidaların daimi-intensiv qəbulu, kimyəvi tərkibli suların daimi istifadəsi, müalicə edilməyən digər qida borusu xəstəlikləri əsas faktorlardan hesab edilir”.

 

Nazirlik rəsmisi əlavə edib ki, uşaqlarda qida borusu xəstəlikləri adətən anadangəlmə qüsurlarla əlaqəli olur:

 

“Lakin yad cisimləri və təsadüfi kimyəvi yanıq törədəcək məhlulların istifadəsində yaranmış problemlərə də çox sıx rast gəlinir. Bunlar cərrahi müdaxilə və əməliyyatlarla aradan qaldırılır. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizim də vətənimizdə uşaq və yeni doğulmuşlar üzərində müasir endoskopik cərrahi əməliyyatlar tətbiq edilir.

 

Torakal cərrahiyyənin aktual problemlərindən olan ağciyər xəstəlikləri arasında ağciyər kistaları xüsusi ilə uşaq və yeniyetmələr arasında daha çox yayılıb. Bunlar anadangəlmə və sonradan yaranmış olmaqla iki qrupa bölünür. Anadangəlmələr inkişaf qüsürlarına bağlı olduğundan adətən erkən yeni doğulmuş dövrlərdə aşkarlanır və aradan qaldırılır. Lakin gənc və yetkin yaşlarda da rast gəlinə bilir. Qazanılma kistalar havalı və maye tərkibli olur. Havalı kistalar adətən pnevmotoraksla ağırlaşdıqda və ya təsadüfən aşkarlanır. Ölkəmizdə ağciyərlərin tək və ya çoxsaylı hidatik kistalarına daha çox rast gəlinir. Kistalar adətən xoş xassəli hesab olunur və müalicəsi də əksər hallarda cərrahi əməliyyatların icrası ilə müalicə olunur.

 

Uşaq və yeni doğulmuşlarda diafraqma yırtıqları xüsusi ilə təhlükəli hesab olunur. Bu zaman qarın boşluğu orqanları döş boşluğuna dislokasiya etdiyi üçün həyati vacib orqanlar olan ağciyər və ürək fəaliyyətinin kəskin pozulması ilə müşayiət olunur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir