Modern.az

“Qardaş Yumruğu” türk dövlətləri üçün nümunədir - Kontr-admiral

“Qardaş Yumruğu” türk dövlətləri üçün nümunədir - Kontr-admiral

Aktual

6 Dekabr 2022, 17:50

“Qardaş Yumruğu” hərbi təlimləri Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğunu bir daha sübut edir.

 

Bunu Modern.az-a açıqlamasında Türkiyə Ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə hərbçilərinin keçirdiyi növbəti birgə təlimlər Şuşa bəyannaməsinin təzahürüdür:

 

“Şuşa bəyannaməsinə görə, Azərbaycan və Türkiyəyə kənardan hərbi müdaxilə olarsa, tərəflər bir yumruq kimi çıxış edəcəklər. “Qardaş Yumruğu” hərbi təlimləri çətin iqlim şəraitində iki dövlətin ordusunun necə tək yumruq olduğunu, bir-biriylə uyğun hərəkət etdiyini nümayiş etdirir. Bu dünyada az rast gəlinən, hətta mən deyərdim, heç rast gəlinməyən hadisədir”.

 

Cihad Yaycı onu da vurğulayıb ki, birgə təlim düşmənləri qorxuya salıb:

 

“Təlimlər həm də düşmənlərə ciddi mesajdır. Dostlar isə buna sevinə bilərlər. Əlbəttə, digər ölkələrin ordusu ilə bu cür təlimlər həyata keçirsəniz uyğunsuzluqlar müşahidə oluna bilər. Ancaq Azərbaycan və Türkiyə orduları iki ölkənin vahid ordusu kimi çıxış edir. Bu möhtəşəm hadisədir. İki ölkə bir-birilə sıx bağlıdır və özünü müdafiə etməkdə qərarlıdır. Bir sözlə, bu təlim dosta güvən vermiş, düşmənin canına isə qorxu salmışdır. İnşallah,  bizim təlimlərimiz digər türk dövlətləri üçün nümunə olar. Onlar da bu təlimin çətiri altında toplanarlar. Ümid edirik ki, bütün türk dövlətləri tək yumruq olacaq”.

 

Qeyd edək ki, Azərbaycanın və qardaş Türkiyənin Silahlı Qüvvələrinin ölkəmizdə birgə hərbi təlimləri keçirilir. Plana uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri təlimlərdə Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü