“Dünyanın hər bir ölkəsində olduğu kimi Ukraynada da məhkəmənin işinə qarışmaq qanunun aliliyinə müdaxilə sayılır. Bu mənada Azərbaycanın Ukraynadakı səfirliyi və digər qurumlar məhkəmənin işinə müdaxilə edə bilməz”.
Bunu Modern.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı Vətən müharibəsi qazisi Misir Qasımlının Ukraynada 8 il müddətinə həbs olunmasına və Azərbaycan səfirliyinin onu müdafiə etməməsinə münasibət bildirərkən deyib.
Deputat vurğulayıb ki, Azərbaycan ictimaiyyətinin qazinin həbsi ilə bağlı narahatlığı təbii haldır:
“Təəssüf ki, biz Vətən müharibəsində öz torpaqlarımızı erməni işğalından azad etsək də, erməni lobbisi Azərbaycana qarşı düşmənçilik fəaliyyətindən əl çəkmir. Kiyevdə baş verən olaylar da düşmənçiliyin davamıdır. Təəssüf ki, Ukraynadakı səfirliyimiz bu ölkənin məhkəmə hakimiyyətinə müdaxilə edə bilməz. Çünki belə bir addımın atılması Ukraynanın daxili işinə qarışmaq deməkdir. Sözsüz ki, məhkəmədə və iki il aparılan istintaq işində çoxlu pozuntular var. Misir Qasımlının həm Azərbaycandan olan vəkili, həm də milliyyətcə ukraynalı vəkili bu barədə mətbuatdakı yazılarında, sosial şəbəkə hesablarında qeyd ediblər”.
Deputatın fikrincə, qazinin həbsi ilə bağlı qərarın verilməsində erməni lobbisinin ciddi təsiri olub:
“İndiyə kimi neçə maddə əsasında iddia irəli sürülübsə, onlardan heç biri öz təsdiqini tapmayıb. Misir Qasımlını şərləyən şəxsin erməni əsilli olması hər şeyi aydınlaşdırır. Heç kimə sirr deyil ki, Ukraynada erməni lobbisi çox güclüdür. Hətta Ukraynada hüquq-mühafizə orqanlarında ermənilər çoxluq təşkil edir. Bu səbəbdən Misir Qasımlıya qarşı belə qərəzli, ədalətsiz, haqsız qərar verildi. Onun vəkilləri yuxarı instansiya məhkəməsinə kassasiya şikayəti verəcəklər. Bundan sonra hər şey aydın olacaq. Hesab edirəm ki, Misir Qasımlının həm Ukraynadakı, həm də Bakıdakı vəkilləri azərbaycanlı gənclərin hüquqlarını müdafiə edə biləcəklər”.
Qeyd edək ki, bir neçə gün öncə Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuyub. Azərbaycanlı gənclər adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, milliyətcə erməni olan əcnəbi azərbaycanlıları onu döyməkdə günahlandıraraq polisə şikayət edib. Lakin indiyədək keçirilən məhkəmə proseslərində ittihamı təsdiqləyən fakt təqdim olunmayıb.
Məlumat üçün bildirək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.