Modern.az

Dövlət Xidməti “Azercell”ə sanksiya tətbiq etdi

Dövlət Xidməti “Azercell”ə sanksiya tətbiq etdi

Aktual

9 Dekabr 2022, 09:46

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti inhisarçılıq fəaliyyətinin və haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.


Dövlət Xidmətindən Modern.az-a verilən məlumata görə, quruma daxil olmuş müraciətlə əlaqədar aparılmış araşdırmalar zamanı abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə bağlı mobil xidmətlər bazarında hökmran mövqeyə malik “Azercell Telekom” MMC ilə tərəfdaşı olan “L-SİM” MMC arasında bağlanılan müqavilələrdə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edilib və nəticədə hər iki müəssisə barədə iş qaldırılıb.


İşə baxılması zamanı müəyyən edilib ki, “Azercell Telekom” MMC “L-SİM” MMC-yə SMS-in qiymətində güzəşt tətbiq etməklə ayrı-seçkiliyə yol verib. “Azercell Telekom” MMC və “L-SİM” MMC arasında rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması nəticəsində “Azercell Telekom” MMC tərəfindən inhisarçılıq fəaliyyətinə yol verilməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun pozulduğu sübut edilib. “L-SİM” MMC-nin isə bu cür rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması ilə rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməklə haqsız rəqabətə yol verdiyi müəyyən edilib.


Bununla yanaşı, “Azercell Telekom” MMC tərəfindən abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə əlaqədar tərəfdaşlarla bağlanan müqavilələrdə 1 SMS-in yayımına görə ödəniləcək xidmət haqqının müəyyən məbləğdən aşağı təyin edilməməsi şərtinin qoyulduğu da müəyyən edilib.


Qanun pozuntularının aradan qaldırılması üçün “Azercell Telekom” MMC və “L-SİM” MMC-yə icrası məcburi olan göstəriş verilib. “Azercell Telekom” MMC-yə qanun pozuntusu nəticəsində əldə etdiyi 1,6 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi haqqında icrası məcburi göstəriş verilib. Haqsız rəqabətə yol verdiyinə görə “L-SİM” MMC-yə 127 min manat maliyyə sanksiyası tətbiq edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu